Tbilisidə məktəblər və açıq məkanlı restoranlar açılıb
Fevralın 15-də Gürcüstanda pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının növbəti mərhələsi başlayıb. Məktəblər açılıb və uşaqlar onlayn yox, siniflərdə tədrisə başlayıblar.
Bundan başqa, fevralın 15-dən bütün Gürcüstanda restoranlar da işə başlayıb, amma yalnız açıq məkanları olanlar.
İstirahət günlərində əvvəlki məhdudiyyətlər qüvvədə olacaq – ictimai nəqliyyat, restoranlar (açıq məkanlılar da), məktəblər və mağazalar işləməyəcək.
Komendant saatı da qüvvədə qalır – insanlara axşam saat 21:00-dan səhər 05:00-a qədər maşınla və ya piyada küçədə hərəkət etmək qadağan olunub.
İctimai yerlərdə, o cümlədən də küçələrdə maska ilə gəzmək qaydası da ciddi tələblər sırasında qalır. Buna nəzarət güclənəcək, pozuntulara görə cərimələr isə artacaq – Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib. Məsələn, maska rejiminin pozulmasına görə cərimə iki dəfə artırılacaq.
Gürccüstanın digər böyük şəhərlərində – Batumi, Telavi, Zuqdidi və Potidə şəhər nəqliyyatının, məktəblərin, mağazaların və əşya yarmarkalarının fəaliyyəti fevralın 1-dən bərpa olunub. Fevralın 8-dən bütün Gürcüstanda şəhər nəqliyyatı yenidən hərəkəti başlayıb. İstirahət günlərində bütün ölkədə hər şey bağlanır və dayandırılır,
Bütün ölkədə hələ də fitnes-mərkəzlər, hövuzlar bağlıdır, qış kurortları işləmir, toyların və insanların kütləvi şəkildə tplaşdığı bütün tədbirlərin keçirilməsi qadağandır.
Məktəblərdə 46 300 əməkdaş testdən keçirilib, onlardan ancaq 0,5 faizində koronavirus aşkarlanıb.
“Əgər müəllimdə koronavirus aşkarlanırsa, onun fənni müvəqqəti olaraq distant formata keçirilir. Həmçinin əgər pedaqoq risk qrupuna daxildirsə, onun öz fənnini distant formatda keçməsi üçün müraciət etmək hüququ var”, – Təhsil Nazirliyindən bildirilib.