Tbilisidə iki paralel aksiya zamanı yüzdən çox ultra-sağçı saxlanılıb
İyulun 6-da Tbilisidə ultra-sağ və homofob qrupların yüzdən çox tərəfdarı saxlanılıb. Onlar parlament qarşısında “Azadlıq naminə” şüarı altında keçirilən aksiyanın iştirakçılarına daş, şüşə və butulka atıblar.
Onlardan 68 nəfəri iltizam alınaraq buraxılıb, 32 nəfər müvəqqəti saxlanma təcridxanasında qalır, ikisinə qarşı cinayət işi qaldırılıb – Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib.
Bu iki nəfərdən biri, 32 yaşlı İ.K. “PalitraNews” telekanalının operatoruna hücumda ittiham olunur. Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaq aparılır: “zorakılıq təhdidi ilə jurnalistlərin peşəkar fəaliyyətini həyata keçirməyə qanunsuz maneə törətmək” və “zorakılıq”.
56 yaşlı Q.Ş. partul maşınının şüşəsini sındırıb, ona qarşı qəsdən əşyaları zədələmə və ya məhv etmə ittihamı irəli sürülüb.
- Tbilisidə polis qarşı-qarşıya gələn iki etiraz aksiyasını ayırmağa çalışır
- Tbilisidə Pride tərəfdarlarının və jurnalistlərin döyülməsi nə deməkdir? Analiz və fotoreportaj
Radikal qrupların əməllərinə görə üç polis xəsarət alıb, polis maşınları zədələnib.
“Rustaveli prospektində iki mitinq zamanı polis bütün lazımi tədbirləri görüb ki, vətəndaşlar öz etirazlarını bildirə bilsinlər. Çoxsaylı çağırışlara baxmayaraq etirazçılar polisə müqavimət göstərib və onlara müxtəlif əşyalar atıblar”, – DİN-dən bildirilib.
“Hər bir pozuntu və cinayət halına lazımı formada reaksiya vermək” vəd olunub.

“Azadlıq naminə” aksiyası müxalif “Qirçi” partiyasının lideri Zurab Caparidze tərəfindən iyulun 5-də Tbilisidə homofob aksiya zamanı jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı zorakılığa cavab olaraq anons edilmişdi.
Radikallar vaxtaşırı kordonları aşaraq, LGBT birliyi nümayəndələrinin də qatıldığı mitinqə mane olmağa çalışıblar. Onlar aksiya iştirakçılarına və polislərə daş, butulka və yumurta atıblar.
Mitinq gecə yarısından sonra başa çatıb. “Azadlıq naminə” aksiyasının iştirakçıları ərazini tərk edəndən sonra parlament qarşısındakı meydana müxtəlif ultra-mühafizəkar və qərb əleyhinə təşkilatlardan olan homofoblar gəliblər. Onlar ölkənin əsas qanunverici orqanı qarşısında qaldırılmış Avropa İttifaqının bayrağını endirib yandırıblar.