Tbilisi mağazalarında yarımfabrikatlarda at və eşşək əti aşkarlanıb
Ərzaq Təhlükəzisliyi Xidməti Tbilisi mağazalarında satılan xinkali, kabab, küftə, blin və bastırma yarımfabrikatlarından analiz üçün nümunələr götürüb. Nəticədə iyirmi nümunədən doqquzunda at və eşşək əti olduğu aşkarlanıb.
Mal və donuz əti adı ilə istehlakçılara at və eşşək əti, eyni zamanda onlardan hazırlanan yarımfabrikatlar satan yeddi şirkət min lari həcmində cərimələnib.
Bu, Ərzaq Təhlükəsizliyi Xidmətinin etiketlərin üzərində göstərilməsə də, tərkibində at və eşşək əti olan ərzaqları aşkarladığı ilk hal deyil. 2017-ci il dekabrın 19-da bu cür pozuntulara görə12 biznes-operator cərimə olunub.
Gürcüstan qanunvericiliyinə görə, at və eşşək ətinin satılması qadağan deyil, amma bu növ ətlərin etiketlərdə qeyd olunması mütləqdir. İstehsalçılar isə bunu eləmir, çünki bu növ ət Gürcüstanda populyar deyil və heç kim “eşşək ətindən xinkali”, ya da “at ətindən küftə” istəməz. Gürcüstanda bu heyvanların əti qida üçün istifadə olunmur.
Milli Ərzaq Agentliyi bu cür araşdırmaları 2017-ci ilin martından həyata keçirir. Hazır yeməklərin və digər ərzaqların nümunələri ictimai iaşə müəssisələri və mağazalardan götürülür, akkreditasiya olunmuş laboratoriyalarda analiz edilir. Agentliyin iş apardığı bütün müddətdə bir neçə pozuntu aşkarlanıb. Ekspertlərin fikrincə, Gürcüstanda müəyyən edilmiş cərimələr cüzidir, sanksiyalar yetərincə sərt deyil, buna görə də nadürüst sahibkarlar üçün çəkindirici amil rolunu oynamır.