Tbilisi məktəblərindən birində ancaq oğlanlara təqaüd verilir
Tbilisinin özəl məktəblərindən biri – “Yakob Qoqebaşvili adına məktəb” 2017-2018-ci tədris ilində səkkizinci siniflər üçün təqaüd təsis edib. Amma təqaüddən yalnız oğlanlar yararlana bilər. Qızların təqaüd almaq üçün heç bir imkanı yoxdur.
Məktəbdə bunu onunla izah edirlər ki, təhsil müəssisəsində səkkizinci sinif şagirdləri çox azdır, təqaüd başqa məktəblərdən transfer üçün yaxşı stimul ola bilər və bu yolla “müxtəlif cinslər arasındakı kəmiyyət balansı qorumaq mümkün olar”.
Bu təhsil müəssisəsində baş verənlərə xalq müdafiəçisi də reaksiya verib. Ombudsmen adından yayılan bəyanatda təqaüd proqramının həyata keçirilməsində bərabərlik prinsipini qorumaq çağırışı yer alıb. “İrəli sürülmüş təşəbbüs isə gender prinsipinin pozulmasına xidmət edir və gender bərabərsizliyi yaradır” – bəyanatda deyilir.
“Yakob Qoqebaşvili adına məktəb” gürcü biznesmen Levan Vasadzenin həyat yoldaşına məxsus olan ödənişli özəl təhsil müəssisəsidir. Vasadze qərbə qarşı olan mövqeyi və fundamentalist ritorikası ilə məşhurdur.