Tanınmış vicdan məhbusu azadlıqda
Azərbaycanın “əsas” siyasi məhbuslarından biri Seymur Həzi beş illik cəzası sona çatandan sonra azadlığa çıxıb.
• Azərbaycanda siyasi məhbusların mart əfvi: nələr oldu?
• Azadlıq nədir? Bakı, Tbilisi və Yerevan küçələrində video-sorğu
Seymur Həzi kimdir və niyə həbs olunub?
Seymur Həzi müxalif “Azadlıq” qəzetinin əməkdaşı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.
2014-cü il avqustun 30-da o, su butulkasını silah qismində istifadə edərək xuliqanlıq törətməkdə ittiham olunub və beş il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın versiyasına görə, Həzi küçədə tanımadığı adamla dava salıb və su butulkası ilə onun başına vurub. Jurnalistin özü ittihamı rədd edib və bu davanın təxribat, həbsinin isə siyasi sifariş olduğunu deyib. Onun həmkarları, partiyadaşları, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni fikri dəstəkləyib.
Seymur Həzi Azərbaycanın ən “məşhur” vicdan məhbusları sırasına daxil idi. Avropa İnsan Haqları Məhkəməsi onun həbsini hüquqa zidd hesab edib və Azərbaycan hökumətinin jurnalistə mənəvi ziyana görə və məhkəmə xərclərinə görə 15 min avro ödəməli olduğu haqda qərar çıxarıb.
Seymur Həzinin dalaşdığı adam isə o vaxt altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.
“Xeyirli keçən” beş il
Seymur Həzi həbsdə ikən keçmiş siyasi məhbus, Müsavat Partiyasının fəalı və partiyanın sədr müavininin qızı Nigar Yaqublu ilə evlənib.
Həzi cəza müddətini saxlanma şəraitindən şikayətlərini saymasaq, demək olar ki, olaysız başa vurub.
Azadlığa çıxdığı zaman Hızi deyib ki, bu beş il onun üçün xeyirli keçib, idmanla məşğul olub, çoxlu kitab oxuyub, indi isə fəaliyyətini davam etdirmək niyyətindədir.
Seymur Həzi azad ediləndən sonra vicdan məhbusu elan edilmiş daha bir tanınmış jurnalist – Əfqan Muxtarlı həbsdə qalır. Hazırda o, artıq neçənci dəfədir ki, cəza müəssisəsində haqlarının pozulmasından şikayətlənir.