Şərh: Ukrayna təmiz səhifədən başlayır?
Qeyri-müəyyənlik və gözlənti – aprelin 21-də keçirilən prezident seçkilərinin ikinci turunda aktyor və şoumen Vladimir Zelenski böyük fərqlə (75 faiz 25 faiz nisbətinə) hazırkı prezident Pyotr Poroşenkoya qalıb gələndən sonra Ukrayna cəmiyyətinin vəziyyətini bu iki sözlə xarakterizə etmək olar.
•Ukraynanın yeni prezidenti Zelenski nə edə biləcək, nəyi bacarmayacaq?
•Ukraynada faktiki olaraq hakimiyyətin gözü qarşısında kəhrəba mədənlərini necə talan edirlər
Heç kim, hətta qələbə qazanan namizədin tərəfdarları da hələlik yeni prezidentin ölkənin önəmli məsələləri ilə bağlı ilk addımlarının və ümumiyyətlə siyasətinin necə olacağını bilmir.
“O, təmiz səhifə kimidir”, – ukraynalı jurnalistlərdən biri Zelenskini xarakterizə edir.
O, yeni dövlət başçısını təsiri altına ala biləcək istənilən birinin həmin səhifədə istədiyini yaza biləcəyini nəzərdə tutur.
Artıq aydındır ki, keçmiş prezident ilk baxışdan çox asanlıqla məğlubiyyətini qəbil etmiş olsa da, siyasətdən getmək niyyətində deyil. Poroşenko tərəfdarlarını uğurla səfərbər edərək rəqibi ilə yeni döyüşə hazırlaşır.
2019-cu ilin payızında Ukraynada baş tutacaq parlament seçkilərinin də yetərincə qızğın keçəcəyi gözlənilir.
Aprelin 22-də axşam Poroşenkonun tərəfdarları prezident administrasiyasının qarşısına gəliblər ki, ona bütün elədikləri üçün minnətdarlıqlarını bildirsinlər. Buradan bəlli idi ki, bunlar iradəsiz büdcə işçiləri deyil – toplaşanlar tam səmimi şəkildə ölkənin gələcəyi üçün narahatlıq keçirən insanlar olub.
Onlar səmimi şəkildə hesab edirlər ki, məhz Poroşenko Ukraynanın milli maraqlarını qoruya, Rusiyanın təcavüzü ilə mübarizə apara, Avropa İttifaqı və NATO-ya istiqamətlənmiş kursun zəmanəti ola bilərdi.
Hazırkı prezidentin kampaniyası məhz bunun üzərində qurulmuşdu “İnam. Dil. Ordu”, – Poroşenkonun əsas şüarı belə səslənirdi.
Poroşenko məhz onun iştirakı ilə Ukrayna Pravoslav Kilsəsinin çoxdan bəri gözlənilən Tomosa, yəni müstəqilliyinin tanınnasına nail olmasını da öz xidmətlərindən biri hesab edir.
Ukraynanın qərbində
Görünür ki, vətənpərvər şüarlar və milli dəyərlərin vurğulanması prezidentin Ukraynanınqərbində – ənənəvi olaraq milli hisslərin güclü olduğu Lvovda dəstəklənməsini təmin edib. Bu, Poroşenkonun Zelenskidən daha çox səs qazandığı yeganə vilayət olub.
Ukraynada seçkilərdən dərhal sonra tələsik şəkildə dil haqqında qanun qəbul edilib və bu qanun bütün məmurları və bütün media orqanlarını Ukrayna dilindən istifadə etməyə məcbur edir və tələbi pozanlara qarşı cərimə nəzərdə tutur. Cəmiyyətdə deyirlər ki, qanunun qəbul edilməsinin səbəbi eynidir – vətənpərvərləri gedən hakimiyyətin tərəfinə çəkmək. Bu qərarın tərəfdarları hesab edirlər ki, yeni prezident böyük ehtimalla belə bir qanunu imzalamayacaq, buna görə də tələsiblər.
Ukraynanın şərqində
Amma Ukraynanın şərqində vətənpərvərlik ritorikasını və Ukrayna dilinin statusunun möhkəmləndirilməsini çox da həvəslə qarşılamırlar.
Şərqdə birinci seçkilərin turunda açıq Rusiya yönlü namizədlərə səs verən seçicilərin əksəriyyəti ikinci turda öz səslərini Zelenskiyə verib. Bəzi rayonlarda onların sayı 90 faiz təşkil edib.
Yerlilərin dediyinə görə, səbəb hazırkı hakimiyyətdən narazılıqla bağlıdır. O cümlədən də uzanan müharibə ilə.
Ukraynanın həm şərqində, həm qərbində
Əslində Ukraynada belə bir vəziyyət mövcuddu – vətənpərvər ruhlu şüarlar insanlara seçki öncəsi onların problemlərinin həll yolları ilə birlikdə yox, faktiki olaraq çarə əvəzinə təqdim olunurdu.
Amma dildən, dindən və ordu quruculuğundan, o cümlədən də NATO və Avropa İttifaqına inteqrasiyadan başqa insanları ötən beş il müddətində həlli mümkün olmayan maaşların azlığı, qeyri-proporsional böyük həcmdə kommunal ödəmələr, tüğyan edən korrupsiya və digər sosial problemlər də narahat edir.
Nəticədə bu seçkilərdə etiraz səsverməsi qərbi və şərqi, həmçinin də bütün yaş və sosial prupları birləşdirdi.
Zelenski ən paradoksal şəkildə ən müxtəlif insanları bir araya gətirdi – dəyişikliklər istəyən qərbyönlü gənclərdən tutmuş, SSRİ-nin xiffətini çəkən pensiyaçılara qədər.
“Xalq xidmətçisi” – Vladimir Zelenskinin gözlənilmədən prezident seçilən müəllimi oynadığı serial belə adlanır. Bax, həmin “xalq xidmətçisinə” indi çətin olacaq – indən belə heç kimin xətrinə dəymədən alınmayacaq.
Ukraynada həyatının bir anda yaxşıya doğru dəyişəcəyini gözləyən insanların sayı çoxdur çünki. Böyük ehtimalla onların sayı Vladimir Zelenskinin seçkidə qazandığı səs faizinə proporsionaldır – 75 faiz.