Şərh: Saakaşvili Ukraynada - başlanğıc və son
Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi gözlənilməz olmadı – xüsusən də Ukrayna prezidentinin Tbilisiyə səfəri və onun keçmiş Gürcüstan prezidentinin ünvanına səsləndirdiyi dumanlı eyhamlardan sonra. Poroşenkonun qərarı nəinki Saakaşvilinin Ukraynadakı fəaliyyətinə son qoydu, “gürcü islahatı” mövzusunu da birdəfəlik bağladı. Ukrayna prezidentinin opponentindən canını qurtarmaq üçün istifadə elədiyi vasitə onun və bütünlükdə Ukraynanın nüfuzuna ciddi xələl gətirə bilər.
Prezident müşaviri vəzifəsindən müxalifətçi statusuna qədər
Hələ Meydan zamanı, 2013-cü ilin dekabrında mən özüm Mixail Saakaşvilinin etiraz aksiyası iştirakçıları arasında necə populyar olduğuna şahidlik etmişdim. Onun səhnədə çıxışını elə heyranlıqla qarşılamışdılar ki, Meydanın heç bir lideri belə rəğbətə sahib olmamışdı. Saakaşvili səhnədən enib, insanların arasına qarışmaq istəyəndə isə onun populyarlığı mənə az qala qabırğalarım hesabına başa gəlmişdi – belə basabasda işləməli olmuşdum.
Prezident Poroşenko hakimiyyətdə gələndən sonra məhz bu populyarlığına görə onu öz müşaviri təyin etdi, hakimiyyətdəki daha önəmli vəzifələri isə öz komandasının nümayəndələrinə tapşırdı. Bununla Poroşenko Ukrayna cəmiyyətinə göstərdi ki, həqiqətən də islahatların tərəfdarıdır.
Onun niyə belə qərar qəbul etdiyi aydındır – Saakaşvilinin prezidentliyi dövründə 2004-2012-ci illərdə Gürcüstanda aparılan islahatlar Gürcüstanın özündənsə Ukraynada daha populyar idi. Qismən keçmiş Gürcüstan hakimiyyətinin apardığı piar-kampaniyanın, qismən isə Gürcüstana səfər edən və öz heyranlığını gizlətməyən ukraynalıların sayəsində.
Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edilməsi və ona Ukrayna vətəndaşlığının verilməsi bu siyasətin davamı kimi nəzərdən keçirilirdi – Saakaşviliyə Odessada lokal, daha sonra bütün Ukraynaya yayılacaq “pilot” islahatlar keçirməyə imkan veriləcəyinə dair ümidlər yarandı.
Bu günün nöqteyi-nəzərindən baxanda Saakaşvilinin məhz bu addımı onun ən böyük yanlışı kimi görünür – Ukraynada siyasi vəzifə tutması Saakaşviliyə yalnız Gürcüstan vətəndaşlığını itirmək bahasına başa gəlmədi, eyni zamanda onun Ukraynadakı fəaliyyətinin sonunun başlanğıcı oldu.
Saakaşvili qubernator vəzifəsində bir sıra təşəbbüsləri həyata keçirməyə başladı: rayon administrasiya rəhbərlərinin müsabiqə yolu ilə təyin edilməsi, yerli gömrüyün işinin sadələşdirilməsi, liman rəhbərliyinin istefası, Odessa-Reni strateji yolunun bərpasının başlanması, torpaq satışındakı maxinasiyaların üstünün açılması, vilayətdə patrul polisinin yaradılmasının dəstəklənməsi, inzibati xidmətlər mərkəzinin açılması (Gürcüstandakı Ədliyyə Evinin analoqu).
Yerli və mərkəzi hakimiyyət müqavimət göstərdiyi üçün Saakaşvili Odessadakı islahatların heç birini sona çatdıra bilmədi.
Əvəzində prezident Poroşenko Odessa qubernatorundan siyasi rəqiblərindən can qurtarmaqdan ötrü istifadə etdi – əvvəlcə İqor Kolomoyskidən, sonra isə baş nazir Yatsenyukdan. Eyni zamanda Saakaşvili prezident komandasına daxil olan korrupsiyaya bulaşmış mənfur siyasətçiləri ictimai şəkildə dəstəkləməyə məcbu oldu, bu da onun nüfuzuna mənfi təsir göstərdi.
Foto: RİA Novosti
Bütün bunlar ötən ilin noyabrında bitdi, Saakaşvili qubernator vəzifəsindən istefa verdi, prezident Poroşenko ilə açıq münaqişəyə girdi və onu korrupsiyanı ört-basdır etməkdə günahlandırdı. Saakaşvili “Rux yeni qüvvələr” partiyasını yaratdı və faktiki olaraq Ukraynanın bütün siyasi elitası ilə münaqişəyə girdi. Amma Ukraynada böyük pullar və media resursları olmadan hər hansı siyasi uğur qazanmaq praktiki olaraq mümkün deyil.
Siyasətçi Saakaşvili eyni zamanda televiziya aparıcısı oldu – iyunun sonuna qədər ZIK telekanalında öz verilişini aparırdı.
Amma vəziyyət dəyişdi. Saakaşvili qubernator təyin olunana qədərki populyarlığını itirmişdi. Buna hakimiyyət yönlü KİV-in apardığı təbliğat da kömək etmişdi. Məsələn, Ukraynada bir çoxları inandılar ki, Saakaşvili “sadəcə danışır, heç nə eləmir”. Çox az adam dərk edirdi ki, ona nəsə eləmək üçün heç bir imkan yaradılmayıb. Populyar miflərdən biri də Gürcüstandakı islahatlara yalnız Kaxa Bendukidzenin rəhbərlik elədiyi, Saakaşvilinin isə bütün bunlara heç bir aidiyyatının olmadığı ilə bağlı idi. Bu ismarıclar çox uğurlu oldu və Poroşenko üçün sərfəli fon yaratdı. Buna görə də Ukrayna prezidenti çox güman ki, atdığı addımlarla bağlı nə cəmiyyətdən, nə də müxalifətdən ciddi təpki gözləmir. Üstəlik məqam da yaxşı seçilib – yay, məzuniyyətlər mövsümü.
Saakaşvilisiz Ukrayna
Ukrayna siyasətçilərinin v cəmiyyətin böyük hissəsinin ilk reaksiyası qəzəb idi – Ukrayna prezidentini ondan əvvəlki sələfi, siyasi rəqibi Yulioya Timoşenkonu həbs elətdirən Viktor Yanukoviçlə müqayisə etdilər.
Saakaşvili ilə bağlı məsələdə vətəndaşlıqdan məhrumetmənin siyasi motivi və qanunların tətbiqində ayrıseçkilik o dərəcədə aydın görünür və o qədər şübhəsizdir ki, bu, Poroşenko və demokratik dövlət kimi Ukraynanın nüfuzunu dəqiq artırmayacaq.
Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə Poroşenko “gürcü islahatı” mövzusuna və “gürcü komandasının” fəaliyyəti ilə bağlı olan bütün ümidlərə birdəfəlik nöqtə qoydu.
“Gürcü komandasının” müxtəlif qurumlarda həyata keçirməyi planlaşdırdığı islahatlar ya yarımçıq qaldı, ya da tamam süquta uğradı. Kriminal polisin köhnə və korrupsiyaya bulaşmış kadrlardan ibarət olduğu bir şəraitdə yeni patrul polisinin işinin səmərəliliyi çox aşağı səviyyədə oldu. Məhkəmələr hələ də hədsiz korrupsiya məngənəsindədir və dövlətə qarşı çıxış edir – elə hala gəlib çatır ki, separatçıları və dövlətə qarşı cinayətlərdə ittiham olunan şəxsləri zəmanət altında azadlığa buraxır. Prokurorluqda islahatlar aparmaq cəhdi də süquta uğradı. Beynəlxalq reytinqlərə əsasən Ukrayna hələ də Avropanın ən korrupsiyalaşmış ölkəsidir.
Ayrı-ayrı uğurlar, o cümlədən də Korrupsiyaya qarşı Milli Büronun yaradılması ümumi ümidsiz və ağır şəraitdə cüzi görünür – da faktdır ki, Meydandan üç il sonra ölkədə inqilabdan əvvəl olduğu kimi hələ də eyni oliqarx idarəetməsi qalır.
Bunu Kiyevin Rusiyanın təcavüzü ilə mübarizədə mütəmadi olaraq yardım istədiyi Qərbdə də yaxşı görürlər. Amma müttəfiqlər Ukrayna hakimiyyətinə islahatların vacibliyini dəfələrlə xatırladıblar.
Poroşenkonun son qərarı Qərbin gözündə çox güman ki, Tbilisinin mərkəzində azərbaycanlı jurnalist Əfqan Muxtarlının yoxa çıxaraq, sonradan Azərbaycanda həbsxanada “peyda olması” kimi biabırçı hadisə kimi görünəcək.
Ukrayna cəmiyyəti üçün isə bu, yeni hakimiyyətin köhnədən çox şeylə fərqlənmədiyinə dair bir siqnal olacaq – hakimiyyət heç nəyi dəyişmir vəə ölkədə hələ də mühakimə ayrıseçkiliyi və oliqarx idarəetməsi hökm süruru.
“Arzunun” arzusu
Yaranmış vəziyyətdən birmənalı şəkildə razı qalmalı olan yeganə tərəf Gürcüstanın iqtidar partiyası “Gürcü arzusu” və onun qeyri-rəsmi lideri Bidzina İvanişvlidir. Son illər Saakaşvili Ukraynada “arzu” üçün nəhəng problem idi.
Yalnız ona görə yox ki, Saakaşvilini təhvil vermirdi – onlar çox güman ki, buna heç ümid də eləmirdilər. Əsas məsələ o idi ki, Gürcüstandan qovulan keçmiş prezident və onun komandasının üzvləri başqa bir ölkədə təmtəraqla qarşılanmışdılar və hətta vəzifəyə qoyulmuşdular. Bunu “Gürcü arzusu” seçicilərinə izah etmək mümkün deyildi – axı iqtidar partiyası hamıya sübut edirdi ki, Saakaşvilinin islahatları əslində yalan və blefdir və o, hətta beynəlxalq reytinqləri də aldada bilib.
Saakaşvilinin müxalifətə keçməsi bu problemi aradan qaldırdı, Kiyev və Tbilisi arasında münasibətlər bərpa olundu, Poroşenkonun Tbilisiyə səfəri də buna işarədir.
Gürcüstan hakimiyyətinin arzusu Saakaşvilini vətənə əlləri qandallı qaytarmaq və onun üzərində nümayişkaranə məhkəmə qurmaqdır. Amma görünən odur ki, Poroşenko Tbilisi ilə münasibətləri düzəltmək üçün Saakaşvilini vətəndaşlıqdan məhrum etmək və onu faktiki olaraq ölkədən qovmaqla kifayətlənmək qərarına gəlib. Odur ki, “Arzunun” arzusu hələlik gözündə qalacaq.