Şərh: Rusiya dönüşü olmayan təcrid təhlükəsi ilə üz-üzə
Tanınmış rusiyalı iqtisadçı Vladislav İnozemtsev “Qeyri-müasir Rusiya” adlı kitab buraxıb. Bu kitabda Rusiyanın dünyadakı yeri və hazırkı hakimiyyətinin ölkəni hansı təhlükələrə məruz qoyduğu təhlil edilib.
Rusiyanın “Republic” nəşrinin dərc etdiyi şərhin adaptasiyası.
Rusiyanın müasir dünyadakı mövqeyinin üstünlükləri
İnozemtsev yazır ki, cəmi iki üstünlük var.
1. Rusiya Federasiyası ərazisinin ölçüsünə görə dünyanın ən nəhəng və çox güman ki, təbii resurslarına görə ən zəngin ölkəsi olaraq qalır.
Amma müasir dünyada ərazi aktivdən daha çox məsuliyyətdir, çünki inkişaf tələb edir, inkişaf üçün isə vəsait lazımdır. Xammala həmişə ehtiyac olacaq, amma bununla belə Rusiya xammal qiymətlərindən asılı vəziyyətdə qalır və bu qiymətlər hələ ki, onun iştirakı olmadan müəyyənləşir.
2. SSRİ-dən miras olaraq Rusiyaya dünyanın ən nəhəng nüvə arsenalı və BMT Təhlükəsizlik Şurasında daimi üzvlük yeri qalıb. Amma təcrübə göstərir ki, dünyada vacib qərarları Təhlükəsizlik Şurasının sanksiyası olmadan da qəbul etmək mümkündür, nüvə silahı isə təcavüzkarın ağlını başına gətirsə də, çətin ki, istifadə oluna bilər.
Rusiyanın müasir dünyadakı mövqeyinin zəif tərəfləri
• Rusiyalılar azdır: amerikalıların 44,9 faizi, avropalıların 29,1 faizi (britaniyalıları saymasaq 33,6 faizi) və çinlilərin 10,6 faizi qədər.
Yer əhalisi arasında Rusiyanın payı isə cəmi 1,93 faizdir (və bu göstərici 1913-cü ildəki 5,2 faizdən hazırkı həddə enib).
• RF-də ümumdaxili məhsul 2017-ci ildə qlobal göstəricinin 2,0 faizindən çox olmayıb və 1913-cü ildəki rəqəmin (5,03 faiz) çox altındadır.
• Hazır sənaye məhsullarının ixracına görə Rusiya bu sırada …Slovakiyadan bir qədər geri qalır.
• Yüksək texnologiya ixracına görə Rusiya vaxtilə yoxsul olan Vyetnamdan üç dəfədən də çox geri qalır.
2016-cı ildən Rusiya Çinin ancaq mobil telefon ixracından qazandığı gəlirdən daha az məbləğdə neft və qaz ixrac edir: müvafiq olaraq 107,9 milyard dollar və 116,1 milyard dollar.
• Rusiya dünyanın iqtisadi xəritəsindən silinməsini hərbi gücünü artırmaqla kompensasiya etmək istəyir: 2000-ci ildən 2015-ci ilə qədər ölkənin hərbi xərcləri 15,6 dəfə artıb.
Amma bu xərclər hələ ki, Rusiyanın qlobal hərbi oyunçu kimi göründüyünü deməyə imkan vermir. Şərq hüdudlarında Sakit Okean donanması Cənubi Koreyanın hərbi-dəniz qüvvələrindən, cənubda Qara dəniz donanması isə Türkiyə donanmasından əhəmiyyətli dərəcədə geri qalır.
Ümumilikdə Rusiya Amerikanın yeddi aviadaşıyıcı qruplaşmasının istənilən biri ilə müqayisə oluna biləcək bircə dənə də olsun aviadaşıyıcı qruplaşmaya sahib deyil.
Həmçinin saytda: “Rusiya dünyası” Rusiyadan kənarda əslində nə deməkdir? Üç qısa film
Rusiya nələr arasında seçim etməlidir?
Rusiya bu gün Avrasiyanın iki nəhəng oyunçusunun – Avropa İttifaqı və Çin arasında yerləşir.
Bu durumda Rusiya istənilən digər “ikinci dünya” ölkəsindən daha çox maneələrlə rastlaşır. Bu ölkə faktiki olaraq bir nəhəng “birinci dünya” dövlətini digərindən ayıran məkandır. Və əgər Rusiya Federasiyasının iqtisadi inkişafında trendin radikal dəyişikliyi baş verməyəcəksə, onun dezinteqrasiyası kifayət qədər mümkün olacaq.
Ağıllı seçim
Bu şərtlər altında ən rasional seçim yaxın qonşulardan biri ilə – ya Avropa İttifaqı, ya da Çinlə sıx yaxınlaşma olardı, həm də “bütün istiqamətlərdə”. Üstəlik iqtisadi çiçəklənmə, kollektiv təhlükəsizliyin təminatı və xarici siyasətin koordinasiyası naminə.
Amma bütün bunların heç biri baş vermir. Rusiya Avropadan getdikcə daha çox və daha kəskin uzaqlaşır və bu arada Çinlə də heç bir yaxınlıq hiss olunmur.
Hər iki məqamın səbəbi aydındır, amma eyni zamanda irrasionaldır.
Perspektiv – dönüşü olmayan təcrid
Bugün dünyada Rusiyanın yalnız müasir qlobal konfiqurasiyanı laxlatmağa çalışan dövlət olduğu haqda fikir geniş yayılıb. Bu destruktiv gündəm hədsiz təhlükəlidir, çünki elə bir təcridə sürükləyir ki, bu, bir müddət sonra dönüşü olmayan xarakter alacaq.
Hələlik dünya liderləri “Rusiyanın iştirakı olmadan heç bir qlobal problem həll oluna bilməz” bəyanatını səsləndirməyə davam edirlər. Hərçənd, aydındır ki, belə problemlər getdikcə azalır, bu sözlər isə sadəcə inersiya ilə təkrarlanır.
Rusiyanın müasir xarici siyasətinin faciəsi ondadır ki, əvvəllər qlobal dövlətlərə qarşı irəli sürülən tələblərə artıq çoxdan cavab vermədiyi halda bu ölkə köhnə zamanlara qayıtmaq istəyir.
Bugün dünyada dominantlıq etmək üçün özünə diqqət çəkmək yetərli deyil. Həm də digərlərinin də müzakirə etməyə razı olduğu gündəmə sahib olmaq lazımdır.
Kremlin isə belə bir gündəmi yoxdur. Elə buna görə də Rusiyanın xarici siyasətindəki böhran yalnız hədsiz kəskin deyil, həm də praktiki olaraq öhdəsindən gəlinməzdir.