Svaneti necə dəyişirdi?
Svanetiyə baş çəkmək fikrinə düşsəz, nağıl qəhrəmanlarının yolunu – doqquz dəniz və doqquz dağı keçməli olacaqsız.
Svanetiyə paytaxtdan mikroavtobuslar gedir. Tbilisinin yaxınlığında yerləşən Nataxtari aerodromundan çıxan təyyarədən də istifadə etmək olar. Qatarla Zuqdidiyə, oradan isə maşınla yola düşmək də mümkündür – Svanetiyə yol təxminən iki saat çəkir.
Əksər turistlər elə bu cür də edir. Niyə də yox? Axı istədiyiniz yerə çatana qədər görmədiyiniz başqa bir şəhərdə də ola bilərsiz. Zuqdididə rükzaklı adama rast gəlsəz, əmin ola bilərsiz ki, o dağa çıxır.
Gürcüstan hakimiyyəti turizmi ölkənin inkişafının əsas prioritetlərindən biri elan edib. Svaneti Gürcüstana səfərə hazırlaşanlar üçün ən maraqlı marşrutlardan biridir.
[my_divider]
Gürcüstanın bu dağ regionu Rusiya ilə sərhəddə yerləşir və Abxaziya ilə inzibati sərhədlə ayrılıb.
Dato (video operator) ilə Svanetiyə getmək üçün məhz bu yolu seçdik. Zuqdididə görüşdük və onun maşınında ilan kimi dağa dolanan yola çıxdıq. Buradan açılan mənzərə nəfəs kəsir. Orta əsrlərdə daşdan düzülən svan qüllələri dağların üstündə furşet süfrəsində kanape üçün çubuqlar kimi ucalır.
İlk svan kəndi olan Xaişi Zuqdididən 70 kilometr aralıda yerləşir.
Yolda kürəyindən rükzak asılmış turistlərə rast gəlməsək də, Xaişinin girişindəki körpünün yanında, al-əlvan payız meşələrinin fonunda iki gözəçarpan makiyajlı qıza rast gəldik. Onlar yolun kənarında, buklet stendinin yanında oturmuşdular. Stendlərdən birində “Allahın evi hardadır? sözləri yazılmışdı, “Məncə, elə burada, Svanetidə, – bu füsunkar təbiət gözəlliklərini görəndən sonra düşündüm.
“Onlar İyeqova şahidləridir. Sameqrelo və Svanetidə çoxdurlar, – Dato izah edir. O, Zuqdididən olduğu üçün yerli şəraitlə məndən daha yaxşı tanışdır.
[my_divider]
Biz Mestiaya çatanda artıq axşam düşmüşdü. Dumanın içində işıqlı mehmanxanaya sığınmağa tələsən bir neçə turist də gördük.
Biz də onlardan örnək götürüb, qarşımıza ilk çıxan mehmanxanaya getdik. Çox geniş mehmanxana həyətində dil-dil ötən uşaq bizə gününün necə keçdiyini danışdı: “Səhər anam məni uşaq bağçasına aparır. Orada oynayıram. Sonra məni evə gətirirlər. Hərdən ağlayıram.
Səhər öyrəndik ki, qaldığımız mehmanxana demək olar ki, tarixi yerdir. Burada illər öncə, Svanetiyə ancaq ən cəsarətli turistlərin səyahət etməyə cürət etdiyi vaxtlarda ilk “guest house yerləşirmiş. İndi isə “Svaneti mehmanxanasında 21 otaq var. Həyətdə sauna tikilir.
[my_divider]
Üç ukraynalı xanım səhər qaçışından qayıdır. Səhər yeməyində bir neçə hindliyə də rast gəlirik.
“Şikayətimiz yoxdur. İşlər pis getmir, – mehmanxana sahibi Nino Caparidze deyir.
Nino bizə mehmanxananın tarixini danışır və bu hekayə son bir neçə onillik ərzində kriminal zonadan turistlər üçün ən maraqlı yerlərdən birinə çevrilən Svaneti regionunun özünün keçdiyi yolu xatırladır.
Nino danışır ki, işə 1998-ci ildə başlayıb. Həmin vaxtlarda Svanetinin adı Gürcüstan mətbuatında ancaq kriminal xəbərlərdə hallanırdı: “Svanetidə avtobus qarət edilib, “Svanetidə iş adamı oğurlanıb, “Kriminal avtoritet Svaneti dağlarında gizlənib. Bu, 1990-cı illər gürcü mətbuatının xəbər başlıqlarıdır.
[notification type="notification_mark" ]“Bu mehmanxananı tikməyə başlayanda, bizə gülürdülər, dəli kimi baxırdılar. Özüm Mestiadanam, məktəbi burada bitirdim, sonra da Tbilisiyə köçdüm. Çox ağır və dəhşətli illər idi, amma onda da hiss edirdim ki, vəziyyət dəyişəcək və burada turizm üçün böyük potensial var. Həm də Tbilisidə iş yoxuydu, – Nino xatırlayır.
Mehmanxananı bir neçə il ərzində tikiblər. Tikinti təkrar sərmayə hesabına həyata keçirilib. Sonra da işlərini genişləndirmək məqsədilə banka müraciət ediblər:
“Bankda ssudanı nə üçün istədiyimizi və mehmanxananı harada tikdiyimizi biləndə təəccüblərini gizlətmədilər. Mestiada mehmanxana tikmək! Qəti rədd cavabı aldıq.
Və artıq 2007-ci ildə Nino ilk ssudanı ala bildi. O vaxt artıq turist axını da artmışdı, yeni planlar və perspektivlər yaranmışdı.
Bu həmin dövrdür ki, 2003-cü ildə “qızılgül inqilabından sonra Mixail Saakaşvilinin başçılığı altında hakimiyyətə gələn gənc hökumət çox sayda radikal islahatlar, o cümlədən də polis və antikorrupsiya islahatları həyata keçirmişdi.
Həmin dövrdə demək olar ki, hər gün KİV Şevardnadzenin dövründə iqtisadiyyatı idarə edən biznesmen və məmurları, ya da rüşvət alarkən yaxalanan orta və ya aşağı təbəqənin dövlət xidməti işçisini əli qandallı göstərirdilər; canlı efirdə kriminal avtoritetlərin həbsləri nümayiş olunurdu.
2014-cü ilin yayında başlanan “polis islahatı 13 minə yaxın yol polisi işçisini işsiz qoydu. Onların yerini müsabiqədən keçən gənc kadrlar tutdu.
Gömrük xidməti dəyişdirildi, ədliyyə evləri yaradıldı, burada pasport və istənilən başqa sənədi tez və rüşvət vermədən almaq mümkündür.
Bütün bunlar iqtisadiyyatı canlandırmağa kömək etdi. 2006-cı ildə büdcə 2003-cü illə müqayisədə 8 dəfə artdı, birbaşa xarici sərmayələr isə 2007-ci ildə 2 milyardı aşdı.
Amma bu, Saakaşvilinin islahatlarının bir üzüdür. Digər tərəfdən hakimiyyəti bizneslərinin sıxışdırılmasında ittiham edən sahibkarlar; insan hüquqlarının ciddi pozulması faktları; idarə olunan məhkəmə və KİV. Amma bütün bunlar başqa bir məqalənin mövzusudur.
İstənilən halda Saakaşvili hakimiyyətinin ilk illərində ölkədə əməlli-başlı dəyişikliklər baş verdi.
Sonra da müharibə başladı.
2008-ci ilin avqust ayında turist mövsümünün ən qızğın dövründə Cənubi Osetiyada müharibə başlayanda, Sxinvaldan 400 kilometr aralıda, Mestiada Ninonun mehmanxanası turistlərlə dolu idi. Növbəti bir neçə həftə üçün də otaqlar tutulmuşdu.
Amma həmin il hər şey alt-üst oldu. Turizm barədə düşünmək vaxtı deyildi.
“Hər şey bitmiş kimi görünürdü. Bəzən düşünürdük ki, yenə də çətinliklə çıxdığımız həmin o ağır zamanlara qayıdacağıq, – Svanetidə xatırlayırlar.
2010-cu ildə Mestiaya səfər edən Saakaşvili qısa müddət ərzində Svanetini Qafqazın İsveçrəsinə döndərmək vədi verir. Svanetidə dağ-xizək traslarının tikintisinə başlanılır. Elə həmin il yeni hava limanı açılır. Və ən əsası, həmin dövrdə 1950-ci ildə tikilən, o dövrdən bircə dəfə də olsun təmir olunmayan Zuqdidi-Mestia avtomobil yolu bərpa olunur. Elə həmin vaxt böyük reklam kampaniyasına başlanılır – Svaneti haqqında turizm həvəskarlarını bu unikal diyara mütləq baş çəkməyə dəvət edən çoxlu sayda klip çəkilir.
Tarixi personajlarla zəngin olan svan folklorunda Saakaşviliyə də yer tapılır – Mestianın mərkəzindən hava limanına aparan körpünü “Mişanın körpüsü adlandırırlar.
Svaneti hələ ki, Saakaşvilinin vəd etdiyi yarım milyon turisti görməyib, İsveçrəyə çatmağa da hələ çox var.
Svaneti haqqında rəngarəng kliplərdə çoxlu problemlərdən bəhs olunmur – burada insanlar ağır sosial şəraitdə yaşamağa məcburdur.
Qışda vəziyyət lap ağırlaşır, qar regionu dünyanın qalan hissəsindən təcrid edir.
Svanlar şikayət edirlər ki, gözəl təbiət xeyirlə birlikdə ziyan da verir:
Nino bildirir ki, Gürcüstanın qədim və ənənələrlə zəngin guşəsi olan Svanetidə infrastrukturla bağlı problemlərdən başqa, yerli sakinlər həm də mental və psixoloji problemləri həll etməli olur.
“Mən qonaqpərvər ailədə böyümüşəm, hər il yayı burada keçirmişəm, ailəmizə yaxın adamlar çox olurdu. Mehmanxana biznesinə başlayanda bəlkə də ən çətini qonaqlardan pul almaq idi. Ofisiant və xadimə roluna da alışmaq çətin idi, axı bəzən bu işləri də görməli olurdum. Mənim, yəni sovet mentalitetli həkim üçün bu baryeri aşmaq asan deyildi, – Nino danışır. Bu gün isə o artıq nəinki qonaqlara qulluq etməkdən qaçmır, əksinə, ancaq onlar üçün maksimal rahatlıq yaratmaq barədə düşünür.
“Süd emalı müəssisəsi yaratmaq niyyətindəyəm. Qonaqlarımızı özümüzün təbii məhsullarımızla sevindirmək istəyirəm, – o deyir.
Sentyabrda seçki kampaniyası zamanı Svanetiyə səfər edən baş nazir Giorgi Kvirikiaşvili bildirib ki, tezliklə Mestia ilə Lentexini birləşdirən 38 kilometr uzunluğunda yol və 6 kilometrlik tunel çəkiləcək ki, bu da həm Svaneti əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcək, həm də regionun gəzməli yerlərinə turistlərin yolunu asanlaşdıracaq.
Burada Tamara atı çağırırdı
Mestiada çox böyük itlər olur. Mehribandırlar, amma yenə də qorxursuzsa, “Buradan Tamara keçib ovsununu söyləyə bilərsiz. Onda heç bir it sizə yaxınlaşmayacaq.
Heç düşünməyin ki, Tamara adı çəkilən kimi itlərin özündən getdiyi yerli dəlisov qızdır. Söhbət on ikinci əsrdə Gürcüstanda hökmdarlıq edən çariça Tamaradan gedir. Sadəcə Svanetidə bunun bir mənası yoxdur. Burada əsrlər və dövrlər arasındakı sərhəd pozulub və bəzən tarixi personajlar haqqında öz qonşularından danışdıqları kimi danışırlar.
Tarixlə maraqlanırsızsa, mütləq Svanetiyə baş çəkin. Burada hər şey – qədim daş qüllələr, orta əsr ənənələri, bütpərəstlik adətləri və xristian ziyarətgahları birləşib.
YUNESKO tərəfindən ümumdünya mədəni irs nümunəsi kimi tanınan Zemo Kartli abidəsi açıq havada yerləşən nəhəng muzeydir. Bura gələn turistlər ətrafındakı eksponatların birdən-birə canlanmağa başladığı Hollivud komediyasının qəhrəmanına bənzəyirlər.
Svanetinin Tarix və Etnoqrafiya Muzeyində sizə danışacaqlar ki, eramızdan əvvəl üçüncü minillikdə Svanetidə fəaliyyət göstərən mədənlərdən mis və dəmir çıxarılırdı. Arqonavtlar haqqında mif də Svaneti ilə bağlıdır. Burada axan çaylar aşağı qızıl aparır və Strabonun təsvir etdiyi qızıl hasilatına ancaq Svanetdiə rast gəlmək mümkündür.
Mestiada Margiani ailəsinin idarə etdiyi başqa bir muzey də var. Bu muzeydə svanların əsrlər əvvəl yaşadığı şərait, adət-ənənələr nümayiş etdirilir.
Muzeyin bələdçisi ukraynalı Larisa Margianidir. O rus dilində həvəslə svanların əvvəllər necə yaşamasından danışır. Larisa bizə icmada sözü həlledici olan ağsaqqalın oturduğu yeri göstərir; izah edir ki, iki bir-birinə əks istiqamətdə fırlanan borcqali (ən qədim gürcü simvollarından biri, müqəddəs bar, əbədilik, kosmik enerji, məhsuldarlıq və s. mənalarını verən svastika) qaçıb gedən, dayanmayan vaxtın simvoludur; cinayətkarların saxlandığı zindanı da göstərir; qan düşmənçiliyinin qaydalarından da söhbət açır.
“Xüsusən də qan düşmənçiliyi ilə bağlı söhbətlər turistləri bir az qorxudur… Amma məni sağ-salamat görəndə sakitləşirlər, – Larisa gülə-gülə danışır.
Bir mövzudan o biri mövzuya elə tez keçir ki, bəzən anlaya bilmirsən ki, onun şəxsi hekayəsi harada bitir, muzey eksponatı ilə bağlı danışdıqları harada başlayır.
“Sevdiyim insanla ailə qurdum. Əvvəlcə Rusiyada yaşadıq, ərim Murad buranın adətləri haqqında mənə çox danışıb. Əvvəlcə burada yaşamaq çətin idi, amma tezliklə başa düşdüm ki, bura mənim evimdir, – o deyir və üç övladının şəkillərini göstərir.
Larisa ilə Murad bu il öz mehmanxanalarını açıblar. Burada hər otağın öz rəngi var – bənövşəyi, yaşıl, mavi…
Yaxınlıqda ənənəvi svan yeməkləri verilən eyvanlı kafe var.
Yeməklər haqqında aşpazla danışmaq daha doğrudur. Yorğundur, bu gecə yatmayıb – qonşularının toyunda kömək edib.
Macəra həvəskarları
Turistlər üçün Məlumat Xidmətinin əməkdaşı Dato Xerqianidən xəbər alıram – Svanetiyə gələn turisti necə xarakterizə etmək olar?
“Böyük rükzaklı gənc adam. Piyada gəzməyi sevir, onu ekstrim, müxtəlif ölkələrin mədəniyyəti maraqlandırır, – deyə o cavab verir.
Tibilisi sakini olan Dato tur-operatordur. Artıq bir neçə ildir ki, şəhər həyatına əlvida deyib, ailəsi ilə birlikdə Svanetiyə köçüb. Deyir ki, bu il əsasən Rusiya, Ukrayna, İsrail, Almaniya və Fransadan qonaqlar gəlib. Son zamanlar polyakların da sayı artıb:
“Bu yaxınlarda amerikalı gənclər, baykerlər də gəlmişdi. Transqafqaz magistralı adlanan təşkilatları var. Qafqazın xəritəsində 3000 kilometri işarələyiblər, üç ay ərzində 20 qoruğa getməyi planlaşdırırdılar. Çox möhkəm və maraqlı oğlanlardır.
Svanetidə ən populyar marşrut Mestia-Uşquli yoludur. Dəyirlər ki, Uşquli Avropada ən yüksək nöqtədə yerləşən yaşayış məntəqəsidir. Bu kənd dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.
Datonun sözlərinə görə, bu gün Svanetinin ancaq gənc adamlar üçün cəlbedici olması çoxlu problemlərdən xəbər verir.
“Yaşlı adamlar Svanetiyə gəlməyə çəkinir. Bu o deməkdir ki, xidmətin səviyyəsini artırmaq lazımdır. Yaşlı adamlara daha çox rahatlıq gərəkdir, həm də onlar daha çox pul xərcləyirlər. Buna görə də regionu onlar üçün də cəlbedici etmək vacibdir, – o hesab edir.
Dağ turizmi alqoritminin svan versiyası başa çatmayıb – infrastruktur burada hələ yaradılır. Yeganə qaldırıcı kran ancaq Xasvali dağında işləyir. Orada da üç dağ-xizək trası var.
Qış mövsümündə daha dörd qaldırıcı kran işə düşməlidir.
Svaneti təkcə dağ-xizək turizmini sevənlər üçün deyil, həm də alpinistlər üçün cənnətdir. Məşhur Uşba – Svan Qafqazının sirlərlə əhatə olunmuş dördbaşlı zirvəsi burada yerləşir. Hündürlüyü 4700 metrdir. Uşbanı gürcü alpinistləri bu gün də ustalıq meyarı hesab edir. Bu sıldırım qayalarda neçə-neçə təcrübəli alpinistin həyatına son qoyulub. Svanetidə indi Uşbanı daha necə istifadə etmək barədə düşünürlər.
Malxaz da Nino Caparidze və David Xerqiani kimi Svanetiyə Tbilisidən köçüb. Baba evindən mehmanxana düzəldib. Burada demək olar ki, il boyu turist mövsümüdür. Onun “Çubu mehmanxanası ilk yaydaca gəlir gətirib.
“Hazırda biz Gürcüstanda “qızıl vergi ödəyiciləri siyahısında 50-ci yeri tuturuq. “Adımızı “Merriotla birlikdə çəkirlər. Genişlənmə barədə düşünürəm, – Malxaz deyir.
“Laila kafesi”
“Laila kafesi “Mestianın mərkəzində yerləşir. Axşam vaxtı burada boş yer olmur. Əksər müştərilər turistlərdir.
Masalardan birini Mestiada öz əllərilə düzəltdikləri səhnədə çıxış edən tineycer rəqqaslar tutub.
Fikirləri öyrənmək üçün turistlərin söhbətlərinə qulaq asıram. Tomas və Renata Macarıstandandır, Gürcüstana iki gündür gəliblər:
“Səfərimiz alındı, yaxşı ki, bura gəldik. Bu gün bizim üçün çox vacib gündür, sabah Uşquliyə getməyi planlaşdırırıq və unudulmaz təəssürat almağa ümid edirik…
Diqqətimi orta yaşlı iki kişi cəlb edir. Biri ingilis dilində danışır, həmsöhbəti də ona rus dilində cavab verir. Bəzən də pantomim jestləri ilə bir-birini başa salmağa çalışırlar. İngilis dilli uca səslə sözünə davam edir: “İki ildir ki, bu regionda işləyirəm, hər şeydən xoşum gəlir: qonaqpərvərlik, yemək, çaxır, ənənələr, münasibətlər… Bir şeydən başqa hər şeydən xoşum gəlir, nəqliyyat çox pis işləyir.
Həmsöhbəti Anatoli rusdur, Svanetidə səyahətdədir:
“Artıq ikinci dəfədir ki, Gürcüstana gəlirəm. İlk dəfə üç il əvvəl, Kazbekə gəldim, sonra da üç il Svanetini arzulamışam. Arzum çin oldu, artıq on gündür ki, burdayam. Hər şey xoşuma gəlir – təbiət, insanlar. Bura əsl cənnətdir.
Onunla çaxır içirəm, sonra da çölə, yağan qarın altına çıxıram.
Dərc edilib: 2.12.2016