Sürgündən qayıdış
Məshəti türkləri və ya Gürcüstanda qəbul olunmuş terminalogiyaya görə məshəti müsəlmanları (və ya deportasiya olunmuş məshətilər) adlanan bu xalq tarixən Cənubi Gürcüstanın Məshəti regionunun ərazisində yaşayıb. 1944-cü ilin noyabrında Stalinin sərəncamı ilə 120 min məshəti türkü Gürcüstandan Mərkəzi Asiyaya köçürülüb.
Stalinin ölümündən sonra SSRİ-də repressiya olunmuş xalqların repatriasiya və reabilitasiyasına başlanmasına baxmayaraq, məshətilər bundan yararlanmadı. 80-ci illərdə onların bir qismi – Özbəkistanda yaşayanlar – yenidən etnik səbəblə təqiblərə, talana məruz qaldı. O zaman onların çoxu Rusiyaya, xeyli hissəsi Azərbaycana və başqa ölkələrə köçdü. İndi məshətilərin böyük əksəriyyəti keçmiş SSRİ-nin müxtəlif ölkələrinə səpələnib, bir hissəsi Türkiyəyə və ABŞ-a emiqrasiya edib. Amma indi onların harda yaşamasından asılı olmayaraq, məshətilər özlərini yad kimi hiss edirlər.
Deportasiya
Abastumani qəsəbəsind yol kənarında dəmir darvazalı ikimərtəbəli ev var. Həyətdə inşaat materialları qalaqlanıb, ikinci mərtəbənin pəncərələri polietilenlə örtülüb. Dəzgahın səsi gəlir – Alixan Kuradze qapı düzəltməyə hazırlaşdığı lövhələri yontalayır. Onun 81 yaşı var, amma cəmi bir neçə ildir ki, yeni həyata başlayıb. Tədricən evini abadlaşdırır.
81 yaşlı Əlixan Kuradze sürgündən qayıdandan sonra evini abadlaşdırır. Foto Otar Atsukreli, JAMnews
Əli babanın – onu kənddə belə adlandırırlar, – cəmi yeddi yaşı vardı həmkəndliləri ilə birlikdə yük vaqonuna doldurub vətənindən uzaqlara aparanda. Doğma yerlərə o, cəmi 6 il əvvəl, 75 yaşındaykən qayıdıb.
Kuradze 1944-cü ilin həmin noyabr gecəsini qırıq-qırıq xatırlayır: “Bizi yük maşınlarına doldurdular, qadınlar ağlayırdı. Dəmiryoluna apardılar, yük vaqonlarına doldurdular. 25 gün yol getdik. Çox darısqal idi, yemək yox idi. Yolda bizim vaqonumuzda bir neçə adam öldü. Bizi Özbəkistana gətirib, müxtəlif vilayətlərdə yerlışdirdilər”. Əlixanın ailəsini Fərqanə vilayətinə göndəriblər.
“Bizi gətirdikləri yerdə qış çox sərt keçirdi. Yeməyə heç nə yoxdu, su yararsızdı. Adamlar zəhərlənib ölürdü. Beləcə mənim babam da öldü. Bir müddət sonra kompensasiya qismində bizə bir inək verdilər”.
Əlixan Kuradze Fərqanə vilayətində 18 il yaşayıb.
“Bir dəfə məktəbdə soruşdular ki, sənin millətin nədir? Mən kim olduğumu bilmirdim. Cavab verdim ki, qafqazlıyam. Onlar da dedilər ki, bu, nə millətdir belə, qafqazlı? Qafqaz böyükdür. Evə gələndən sonra anamdan soruşdum – ana, bizim millətimiz nədir? O dedi ki, biz gürcü olmuşuq, amma müsəlmana dönmüşük. O bunun həqiqətəb də belə olub-olmadığını bilmirdim. Bax həmin o andan özümü gürcü hesab edirəm”, – Əlixan danışır.
O, dəfələrlə öz etnik mənşəyini və milli mənsubiyyətini sübut etməli və aydınlaşdırmalı olub.
94 yaşlı Seyfət Dursunovun hekayəsi onun minlərlə soydaşının taleyinin təkrarıdır. O, Gürcüstana 88 yaşında qayıdıb. İndi Vale qəsəbəsində yaşayır. Bir müddət əvvəl ayağını sındırıb və yatağa bağlı vəziyyətdədir.
“Bizim bir kənddən digərinə getməyə də ixtiyarımız yox idi. 14 il Özbəkistanın bir kəndində çıxmaq icazəsi olmadan yaşadım. Həqiqətən də kənddə olduğumuzu və heç yana getmədiyimizi təsdiqləmək üçün hər ay imza atırdıq”, – Seyfət danışır.
Deportasiyaya qədər o, Adiqen rayonunun Utkisubani kəndində yaşayıb. O gecə onun 19 yaşı vardı.
“Payız idi. Əsgərlər gəlmişdi, bizə məhsulu yığmağa kömək etdilər. Mən bir az rusca bilirdim və bütün vaxtımı onlarla keçirirdim. Amma onlar mənə heç nə demirdilər. Bir gecə bizi oyatdılar… Hər şey orda qaldı – məhsul, 14 inək, böyük ikimərtəbəli ev”.
O, Özbəkistandakı həyat haqda danışır: “Yerlilər bizdən qorxurdu, elə bilirdilər ki, biz adamyeyənik. Amma sonra bir-birimizə alışdıq, qonaq gedib-gəlməyə başladıq, bir-birimizi toya dəvət edirdik. Onların toyları gülməli olurdu – bütün günü oynayırdılar, oxuyurdular və çox yeyirdilər”.
Amma Özbəkistan bir çox məshəti müsəlmanı üçün müvəqqəti sığınacaq oldu. 80-ci illərdə milli zəmində qırğın başlayanda məshətilər yenidən didərgin düşdü.
Bu səfər onlar Azərbaycanda və Rusiyanın cənub regionlarında sığınacaq tapdılar.
Gürcüstana qayıtmaq çoxları üçün xəyal olaraq qalırdı. Əlixan və Seyfət bir neçə dəfə yaşayış yerini dəyişiblər. Əvvəlcə ikisi də Azərbaycanda məskunlaşıb. Sərgərdan olduqları müddətdə Əlixan bir oğlunu itirib. “Biz Muğan çölünü piyada gedirdik. Yolda qardaşım xəstələndi və öldü”, – Əlixanın onunla birlikdə yaşayan qızı Qulo deyir. Hər ikisi – Əlixan və Seyfət – deyir ki,hər an evə qayıtmaq barədə düşünüblər.
Dursunovlar və Kuradzelər ailəsində bütün ailə üzvləri ayrı-ayrı millətdəndir – onların milliyyəti hansı ölkənin ərazisində doğulmalarından asılı olaraq qeyd olunurdu. Onların valideynlərinin və qohumlarının məzarları da bir neçə ölkəyə səpələnmiş vəziyyətdədir.
“Azərbaycanda daha yaxşı yaşayırdıq. Amma yenə də ora vətənim deyildi. Mənim vətənim olmayıb. Hərbi xidmətdə hansı millətdən olduğumu soruşdular. Mənə güləcəklərindən qorxduğum üçün azərbaycanlı olduğumu dedim. İnanmadılar, dedilər ki, oxşamıram. Onda türk olduğumu dedim. Dedilər ki, yox, türkcə düz danışmırsan. Heç yanda heç kimi bizi qəbul etmirdi, özününkü saymırdı”, – Əlixan Kuradze danışır.
Qayıdış
Məshəti müsəlmanları hələ 80-ci illərin sonlarında, Sovet İttifaqı dağılmaq üzrə olarkən Gürcüstana qayıtmağa başlamışdılar. Əlixan Kuradze ilk qayıdanlardan idi.
Əvvəlcə o, Qərbi Gürcüstanda Ozurqet rayonunda məskunlaşmışdı, 1989-cu ildə isə tarixi vətəninə – Samtsxe-Cavaxetiyaya qayıtmaq istədi, amma yerli sakinlər onu qovdular.
“May idi, durmadan yağış yağırdı. Ailəmizlə birlikdə çadırda yaşayırdıq. Orada cəmi 30 gün qala bildik. Günlərin birində bizə hücum etdilər və çadırımızı tar-mar etdilər. Onlar biz deyirdilər ki, niyə qayıtmısız, burda nə itiniz azıb? Onlar kökümüzün burdan olduğuna inanmırdılar”, – Əlixan xatırlayır.
“Amma atam sakitləşmirdi. Özümü xatırladığım vaxtdan hər dəfə Moskvaya və Tbilisiyə gedirdi, qayıtmaq üçün icazə almağa çalışırdı”, – Qulo Kuradze deyir.
Yüzlərlə digər məshəti kimi Seyfət Dursunov da uzun illər qayıtmağa çalışıb: “Biz instansiyaları gəzirdik, bizə deyirdilər ki, dözün, zamanı gələcək”.
Proses 2000-ci illərin əvvəllərində ölü nöqtədən tərpəndi. 1999-cu ildə Avropa Şurasına daxil olan zaman Gürcüstan öz üzərinə məshəti müsəlmanlarının repatriasiyası ilə bağlı öhdəlik götürdü. İctimaiyyətin bir qisminin müqavimətinə rəğmən konkret addımlar da atıldı, 2007-ci ildə repatriasiya haqda qanun qəbul edildi.
Cəmilə – deportasiya edilmiş məshəti türkü Seyfət Dursunovun nəvəsi Gürcüstanda, Valedəki evlərinin önündə. Foto Otar Atskureli, JAMnews
Məshəti türklərinin qayıtmasına etiraz edənlər ölkənin onları maddi cəhətdən təmin edəcək vəziyyətdə olmadığını səbəb gətirirdilər, həmçinin onların dini inancını da problem olaraq görürdülər və deyirdilər ki, müsəlmanların qayıdışı yerli xristian sakinlərlə münaqişə doğuracaq.
Eyni zamanda müxtəlif ölkələrə səpələnmiş məshətilər özbaşlarına vətənə qayıtmağa başladılar. İlk dəfə Gürcüstana, Qori şəhərinə heç bir icazə olmadan gələnlərdən biri də Seyfət Dursunovdur. O, ümid edirdi ki, hakimiyyət onu yaşayış yeri ilə təmin edəcək, amma belə olmadı, buna görə də o, yenidən Azərbayacna qayıtmalı oldu.
İkinci dəfə Dursunovlar 2005-ci ildə bura gəldilər – bu dəfə birbaşa Samtsxe-Cavaxetiyaya, ancaq özlərinə güvənərək. Azərbaycandakı evlərini satdılar, Valedə yeni evin inşasına başladılar. O vaxtdan 12 il keçib. Evin həyətində hələ də inşaat işləri üçün qum qalağı qalır. Türkiyədə və Azərbaycanda yaşayan övladları maddi cəhətdən kömək edir. Seyfən bu evdə qızı vıə 24 yaşlı nəvəsi Cəmilə ilə yaşayır.
Əlixan Kuradze də ilk uğursuz cəhddən sonra vətənə bir də 2011-ci ildə qayıdıb. O deyir ki, 1989-cu ildən bəri çox şey dəyişib. Həm Dursunovlar, həm Kuradzelər deyirlər ki, zamanla yerli sakinlərin onlara olan münasibət də dəyişib.
“Yerlilər artıq fərqlidir, onlar haqqımızda daha çox şey bilirlər. Artıq düşmənçilik eləmirlər. Amma yenə də biz onlar üçün yadıq, onlar bizi tatar adlandırırlar”, – Əlixan deyir.
Haqq mübarizəsi
Repatriasiya haqda qanun qəbul ediləndən on il sonra məshəti müsəlmanlarının bir qismi hələ də repatriasiya olunmuş statusuna malik deyil. Onların çox az hissəsi vətəndaşlıq ala bilib və bu da onların Gürcüstandakı həyatını daha da çətinləşdirir.
Vətəndaşlığı olmayan şəxslər kimi onlar ümumi səhiyyə proqramından yararlana bilmirlər. “Onların sosial-iqtisadi zəmanətləri yoxdur, əmlakla bağlı məsələlər problem olaraq qalır”, – Gürcüstanın Xalq müdafiəçisinin 2015-ci il üzrə hesabatında deyilir.
Seyfət Dursunov dəfələrlə vətəndaşlıqla bağlı müraciətinə rədd cavabı alıb. Samtsxe_Cavaxetiya Universitetinin hazırlıq kursunda oxuyan və biznes-inzibatçılıq fakültəsində təhsil almağa hazırlaşan 24 yaşlı Cəmilənin də vətəndaşlığı yoxdur.
Rəsmi statistika belədir: repatriasiya statusu üçün ümumilikdə 5841 nəfər müraciət edib. Onlardan 1998 nəfəri status alıb. 494 nəfəri şərti vətəndaşlıq statusuna malikdir – bu o deməkdir ki, onların Gürcüstan vətəndaşlığı digər ölkənin vətəndaşlığından imtina etdikləri zaman qüvvəyə minəcək. .
Hökumət nümayəndələri izah edirlər ki, vətəndaşlıq və status müraciətlərinin rədd edilməsinin səbəbi lazımı sənədlərin olmamasıdır.
Samtsxe-Cavaxetiyada bu gün 50 deportasiya olunmuş məshəti ailəsi yaşayır. Onlardan 20 ailə Axaltsixidə yük stansiyasında yaşayır. Qalanları isə Valedə, Adiqenidə və Abastumanidə məskunlaşıb.
Onların əksəriyyəti Gürcüstana müstəqil şəkildə qayıdıb, öz hesablarına ev alıb, kiçik həyətyanı sahədə qurduqları kənd təsərrüfatı, əkdikləri meyvə-tərəvəz sayəsində dolanırlar. Onların çoxunun ünsiyyət dili rus dilidir, gürcü dilini ancaq cavanlar bilir.
“Tolerant” təşkilatının rəhbəri Tsira Mesxişvili uzun illər məshəti müsəlmanlarının problemləri ilə məşğul olub. O deyir ki, Gürcüstan hakimiyyəti öz üzərlərinə götürdüyü öhdəlikləri formal olaraq həqiqətən də yerinə yetirib.
“Amma mənəvi və sosial öhdəliklər də var axı – axı bura qayıdan insanlar layiqincə yaşamalıdır. Qanun bu haqda heç nə demir, dövlət isə heç nə eləmir. Onların vətəndaşlığı olsaydı bir çox problemləri özləri həll edə bilərdilər”, – o deyil.