Rusiya və Cənubi Osetiya arasında hərəkətin həyata keçdiyi yeganə “Aşağı Zaramaq” nəzarət-keçid məntəqəsinə Cənubi Osetiya və Rusiya gömrüyü birgə nəzarət edəcək.
İndiyə qədər insanlar və yüklər gömrükdən iki dəfə keçməli olurdular – əvvəlcə Rusiya, sonra Cənubi Osetiya gömrüyünü. İndən belə isə bu ilin sonuna qədər Rok tunelinin cənub tərəfindəki “Ruk” məntəqəsi işini dayandıracaq, Cənubi Osetiya gömrükçüləri isə sərhədin Rusiyya tərəfinə keçəcək, nəzarəti Rusiya Gömrük Xidmətilə eyni qrupda həyata keçirəcəklər. Bu qərar Cənubi Osetiya və Rusiya arasında 2016-cı ilin aprelində imzalanan Cənubi Osetiya gömrük orqanlarının RF gömrük orqanlarına inteqrasiyası haqda razılaşma əsasında alınıb.
Cənubi Osetiya Gömrük Komitəsinin rəhbəri Murat Tsxovrebov jurnalistlərə bildirib ki, bu dəyişiklik yüklərin gömrükdən keçidini xeyli tezləşdirəcək. Bütün qeydiyyat işləri bir pəncərədə həyata keçiriləcək. “Məsələn, Rusiya gömrükçüsü yükü ixrac üçün rəsmiləşdirdiyi müddətdə Cənubi Osetiya gömrükçüsü eyni malı idxal üçün rəsmiləşdirəcək”, – Tsxovrebov deyib.
Gömrük sahəsindəki razılaşma həmçinin 2020-ci ilə qədər Cənubi Osetiya gömrüyünün Avrasiya İttifaqı və RF qanunvericiliyinə keçidini nəzərdə tutur.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.