Son müəllim
Qarabağ kəndində məktəb
Gənc müəllimə Marqarita Manukyan #trayektoriya_insanlar_münaqişələr layihəsinə Qarabağın ucqar kənd məktəbində cəmi iki il işləməyinin bütün həyat planlarını necə dəyişdiyi haqda danışır.
“Unudulmuş yer, insanlar burada necə yaşayır?.. Ümumiyyətlə heç bir əyləncə mərkəzi yoxdur”, – Yerevanda doğulub, böyüyən qız tanınmamış Dağlıq Qarabağ Respublikasının Küratax kəndinə (Düdükçü Azərbaycan kəndi) ilk dəfə gələndə düşünmüşdü.
Milli Elmlər Akademiyasının institutlarından birinin kiçik elmi işçisi Marqarita Manukyanın həyatında dönüş anı şəhərdəki işini kənd işi ilə əvəz etmək qərarına gələndə və Qarabağın Hadrut şəhərindən olan hərbçi ilə ailə qurandan sonra baş verib.
O, hər şeyi atıb, yeni həyata başlamaq üçün ərinin ardınca gedib.
- Bloq: ikinci Qarabağ müharibəsinin canlandırdığı birinci müharibə haqda xatirələr
- Azərbaycanlı zabit Qarabağda müharibə haqda danışır: ən əsası, ən çətini və ən qorxulusu
Bu kənddə uşaqların öz prioritetləri vardı: ən vacibi valideynlərinin qayğılarını bölüşmək və onlara pul qazanmaqda jkömək etmək idi, təhsil isə ikinci yerdə idi. Marqaritanın missiyası isə uşaqlara informatika öyrətmək idi.
“Uşaq dərsə gəlməyə bilərdi, çünki həmin gün onun qoyun otarmaq növbəsi idi. Mənim üçün bu absurd idi: valideynlər necə hesab edə bilərlər ki, bu, təhsildən daha vacibdir?!” – Marqarita deyir.
Kənd həyatı öz yeni və qeyri-adi tərəfləri ilə gənc müəlliməni təəccübləndirirdi. Ailəsindən uzaqda həyat və yeni yerə alışa bilməmək onu çox qorxudurdu.
“Kənddə hətta mağaza da yox idi. Qorxurdum ki, uyğunlaşa bilməyəcəm, düşünürdüm: qonşulardan biri qonaq gəlsə, nə edəcəm?”
İlk zamanlarda yerlilərlə ünsiyyət onun üçün çətin idi, amma onların etibarını qazanmaq üçün çox səy göstərirdi.
“Müəllimlər otağında məndən uzaq dururdular. Mənim yanımda danışmağa belə utanırdılar. Təəccüblənirdilər ki, niyə yaşamaq üçün şəhərdən kəndə köçmüşəm. Mən də izah edirdim ki, təhsilin şəhər uşaqları kimi kənd uşaqları üçün də bərabər olmasını istəyirdim”.
Kənd uşaqlarının qəlbini və etibarını qazanmaq daha asan idi:
“Bir dəfə fizika müəlliməsi yarış təşkil etdi. Qruplardan biri çox zəif idi və artıq uduzurdu. Mən bir neçə cavabı onlara deməyə çalışdım, amma mən nə qədər desəm də, onlar yenə də udmadılar. Amma bir neçə doğru cavablarının olduğuna sevinirdilər.
Səhəri gün isə onlar öz bağlarından gül toplayıb, mənə gətirmişdilər. Mən evə bir qucaq güllə gəldim”.
Tədricən Kürataq kəndinin böyük sakinləri də etibar etməyə başlayırdılar.
“Onlar məni doğma kimi qəbul etməyə başladılar. Mən onlardan heç nə xahiş etmirdim, onlar özləri gəlib kömək təklif edirdilər. Mənim üçün bu qeyri-adi idi, çünki şəhərdə belə şeyə nadir rast gəlmək olur”.
Onun evi kənd bostanlarında gedən yolun üstündə yerləşirdi. Kəndlilər hər dəfə bostandan qayıdanda topladıqları məhsuldan ona pay verirdilər.
“Bir dəfə gördüm ki, kənd sakinlərindən biri müxtəlif yerlərdən gicitikan toplayır. Bu, çox çətin idi: o, elə hey əyilirdi, düzəlirdi, əyilirdi, düzəlirdi. Məni qapıda görüb dedi: “Əziz yoldaş Manukyan, götür, bilirsən gicitikanı necə hazırlayırlar?”
Deyirəm, yox, çox sağ olun. Amma o, məni məcbur elədi, mən də məcbur onun payını qəbul etdim. Təəccüblüdür: o, gicitikanı toplayan zaman zəhmət çəkirdi, sonra isə birdən əməyinin nəticəsini gətirib, mənə verdi”.
Deyir ki, ən çətini yerli dialekti öyrənmək idi.
“Elə uşaqlar vardı, çox sürətlə danışırdılar və mən heç nə anlamırdım. Bir dəfə oğlanlardan biri rus dilində dedi: “Bütün proqramlar”. Xahiş elədim ki, eyni şeyi ermənicə desin. O, “proqramlar” sözünü dedi… və susdu. Birdən anladım ki, o, sözü tapa bilmir və mən dedim “löx”, dialektdə “bütün” deməkdir, biz hamımız güldük”.
Marqarita Kürataxda şəhərdə heç xəbəri olmadığı yeni qorxu kəşf edib və öhdəsindən gəlib.
“Orada çoxlu donuz, inək və qoyun vardı. Bir dəfə mən qonşudan evə gələndə bir neçə şagirdimin mal-qara qovduğunu gördüm. Mən heç vaxt belə bir şey görməmişdim və qorxdum. Amma şagirdlərimin qarşısında utandım və yeyin addımlarla yanlarından keçib getdim, şagirdlərimə gülümsədim və qorxunun öhdəsindən gəldim”.
Asudə vaxtını keçirmək üçün adət etdiyi yerlərin olmadığı üçün müəllimə uşaqlarla daha çox vaxt keçirirdi.
“Biz uşaqlarla çox vaxt dərslərdən kənar görüşürdük. Onlar məni gəzdirir, qəşəng yerləri, kənd kilsəsini göstərirdilər. Bir yer vardı, şagirdlərimdən biri ağacda masa və oturacaqlar düzəltmişdi.
Bütün bunlar haqda mənim xatirələrim və fotolar qalıb. Əslində itirdiyin şeyin qədrini daha çox bilirsən”.
Marqarita danışır ki, ikinci Qarabağ müharibəsi [27 sentyabr – 10 noyabr, 2020] başlayandan iki gün əvvəl vəziyyət artıq ağır idi, əri demək olar ki, evə gəlmirmiş.
Müharibədən sonra kənd Azərbaycanın nəzarəti altına qayıdan ərazilərə daxil olub. Amma Marqarita evinə, Yerevana qayıtmaq haqda heç düşünməyib. O, Stepanakertə (Xankəndinə) köçüb.
“Bizim kəndimiz özünəməxsusdu, müəllimlər də yaxşı idi, sadə sakinlər də. Onlarla elə dostlaşmışdıq, onlar o qədər təbii, o qədər səmimi idilər ki.
Mən tez-tez deyirdim ki, burada evdən çıxmağa yer də yoxdur. Maksimum kəndin mərkəzinə gedib çıxmaq, ya da qonlara getmək olar. Amma indi səhərlər ərimi işə yola saldığımı xatırlayıram. Mənim üzümə “vuran” təmiz soyuq hava əslində nücə dəyərliymiş. Burada hava tamam başqadır. İstəyirəm bu kəndin necə möhtəşəm, uşaqların necə yaxşı olduğunu hamı bilsin”.