Siyasi məhbusların əfv olunması: bunun anlamı nədir və nəyi dəyişir?
Prezidentin əfv fərmanı ilə azadlığa buraxılan siyasi məhbuslar demokratiya və bütün siyasi məhbusların azadlığı uğrunda mübarizələrini davam etdirəcəklərini bildirirlər.
Martıq 16-da prezident İlham Əliyev əfv haqda fərman imzalayıb. Fərmana əsasən, 399 nəfər azadlığa buraxılıb ki, onlardan da 50 nəfərdən çoxu siyasi məhbuslardır. Onlarla siyasi məhbus, o cümlədən də jurnalistlər Əfqan Muxtarlı və Seymur Həzi hələ də həbsdə qalır.
• Azərbaycansayağı jurnalistikanın özəllikləri
• ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqları barədə
Cəmiyyətin və ekspertlərin reaksiyası
Sosial şəbəkə istifadəçilərinin, fəalların və siyasi fiqurların reaksiyası üç əsas tendensiyaya bölünüb:
1. Prezidentə minnətdarlıq.
Bəzi vətəndaş cəmiyyəti nümayəndələri belə reaksiya verib, məsələn, Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov.
Siyasi miqrant Meydan.TV internet televiziyasının rəhbəri Emin Milli də prezidentə təşəkkür edib.
“İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər”, – Milli yazıb.
İndiyə qədər Milli hökumətə qarşı barışmaz mövqedə olub, rəhbərlik etdiyi media orqanı isə hakimiyyəti tənqid etdiyi üçün Azərbaycanda bloklanıb. Buna görə də onun statusunun altında bu kimi şərhlər yazılıb: “Siz də belə danışırsızsa, daha bu xalq kimə inansın?”
2. Hakimiyyətin siyasətində dəyişikliklərlə bağlı nikbinlik
Respublikaçı Alternativ Partiyasınnın idarə heyətinin üzvü Erkin Qədirli fürsətdən istifadə edərək müxalifətçi həmkarlarını 2020-ci ilin payızında baş tutacaq palament seçkilərinə daha fəal hazırlaşmağa çağırıb:
“Bu seçkilər əvvəlkilərdən daha azad olacaq. Ölkə dəyişir”, – Qədirli Facebook səhifəsində yazıb.
3. Bütün siyasi məhbusların azad edilməməsi ilə bağlı narazılıqlar
Bu mövqenin tərəfdaları Facebook-da #hamısınıazadet heşteqi ilə statuslar paylaşır.
Hüquq müdafiəçisi, keçmiş siyasi məhkum İntiqam Əliyev hesab edir ki, siyasi məhbusların əfv olunmasını humanist akt kimi dəyərləndirmək olmaz, çünki bu insanlar günahsız olaraq, ədalətsizcə mühakimə olunublar. Cəmiyyətin müxalif yönlü qisminin böyük əksəriyyəti bu mövqeyi bölüşür.
Hakimiyyətin mövqeyi
Hakimiyyət rəsmən Azərbaycanda siyasi məhbusların mövcudluğunu qəbul etmir. Buna görə də, olayları şərh edərkən məmurlar və hökumət yönlü ekspertlər ümumilikdə əfv haqda danışırlar.
Səs media qrupunun rəhbəri Bəhruz Quliyev 400-ə yaxın insanın əfv olunmasını “dövlət başçısının humanist siyasətinin bariz nümunəsi” adlandırıb. Bununla yanaşı o, beynəlxalq təşkilatları bu addımı lazımınca dəyərləndirmədikləri üçün qınayıb:
“Onların prinsipi Azərbaycana qarşı böhtan kampaniyası aparmaqdan ibarətdir”, – Quliyev deyib.
Azad olunanların planları
Digərləri ilə yanaşı yerli və beynəlxalq təşkilatların azad edilmələri üçün uzun illər çalışdıqları ən tanınmış siyasi məhbuslar da azadlığa çıxıb.
BBC və Meydan.tv saytlarına müsahibələrində NİDA hərəkatının fəalları Qiyas İbrahim, Bayram Məmmədov və İlkin Rüstəmzadə bildiriblər ki, demokratiya və bütün qanunsuz həbs olunanların azadlığı uğrunda mübarizəni davam etdirəcəklər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı yalnız siyasi məhbusların azad olunması uğrunda deyil, həm də həbsxanalarda qadınların daha az olması naminə mübarizə aparacağını deyib:
“Ağır və ciddi cinayət törətməmiş qadınlara münasibətdə azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz olunmasına çalışacağam”.
Keçmiş səhiyyə naziri Əli İnsanovun planları daha qətidir: “Siyasi məhbusların azad edilməsi Qərb sayəsində mümkün oldu. Bu, hakimiyətin mərhəməti deyil. Azərbaycan uçurumun dibindədir, onu bu uçurumun dibindən çıxarmaq üçün mübarizəmi davam etdirəcəm. Amma hələ bilmək olmaz mən müxalifətə qoşulacam, yoxsa müxalifət mənə”.