Saxlanılmış Madat Babayan Xocalı faciəsi qurbanlarının basdırıldığı kütləvi məzarlıqların yerini göstərib
Xocalı qurbanlarının kütləvi məzarları
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Kəlbəcər rayonunda keçirilən antiterror əməliyyatı zamanı saxlanılan Madat Babayanın dindirilməsinin ilkin nəticələri ilə bağlı sensasion məlumat yayıb. Babayan 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsi qurbanlarının kütləvi məzarlıq yerlərini göstərib.
- Türkiyədə həbs olunan sosial şəbəkə fenomenlərinin işində Gürcüstan izi
- Azərbaycanda TikTok-a giriş bərpa olunub
- Ermənistan hökuməti Dağlıq Qarabağdan didərgin düşənlərə yardım edir
“Bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb”, – DTX-nın yaydığı məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, Babayan basdırılmalarında özünün də şəxsən iştirak etdiyi Xocalıda qətlə yetirilən azərbaycanlıların kütləvi məzarlıqalrının yerini göstərib.
“İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində “Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetiriblər.
Eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib”.
Rəsmi məlumata əsasən, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yaşanan Xocalı qəliamı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib.
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.
5379 nəfər evindən didərgin düşüb.
Azərbaycan və bir sıra xarici ölkələr Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib.
Eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib. İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib”.