Gürcüstan: avqust müharibəsindən 9 il sonra
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Muxatqverdi qəbiristanlığında Qardaşlıq məzarlığının ziyarətində
Siyasətçilər, hökumət üzvləri və həlak olanların doğmaları avqustun 8-də avqust müharibəsi qurbanlarının xatirəsini anmaq üçün Muxatqverdi qəbiristanlığına Qardaşlıq məzarlığını ziyarətə yollanıblar.
“Avqustun 8-i Gürcüstanın ən yeni tarixində ağır gündür. Vətən uğrunda həyatlarını qurban vermiş bütün qəhrəmanlar qarşısında baş əymək istəyirəm. Xatirə alovu bütün Gürcüstanın qəlbində yanır”, – baş nazir Giorgi Kvirikaşvili matəm mərasimində bildirib.
Qardaşlıq məzarı önündə o, sülhün alternativinin olmadığı və barışığın vacibliyi haqda danışıb:
“Biz ilk növbədə sülhü qorumaq üçün əlimizdən gələni edirik. Biz vahid, iqtisadi güclü, demokratik, əsl mənada Avropa Gürcüstanını qururuq ki, gürcülər, abxazlar və osetinlər üçün ümumi ev olsun. Əlbəttə, bu müharibə hamı üçün faciədir, çünki mütləq bir-birimizin gözünün içinə baxmalıyıq, lazım olan hər şeyi deməli və barışmalıyıq, o səbəbdən ki, sülhün alternativi yoxdur. Nə gürcülərin, nə abxazların, nə də osetinlərin yeni qurbanlar vermək üçün uşaqları yuxdur”, – baş nazir deyib.
“Biz Gürcüstan vətəndaşlarıyıq, beynəlxalq alım kimi biz də əli “kalaşnikovlu” insanları tanımırıq”, – prezident Giorgi Marqvelaşvili Muxtqverdidə Qardaşlıq məzarının önündə çıxış edərkən vurğulayıb.
“Doqquz il əvvəl Rusiya Federasiyasının qoşunları suveren müstəqil ölkənin sərhədlərini pozdu və regionlarımızı işğal etdi. Reallıqda bu, hibrid müharibə şəklində işğal 1990-cı illərdə, gürcü xalqı uca səslə hər kəsə öz demokratik, müstəqilseçimini və müstəqil inkişaf yolunu bəyan edəndən sonra başlamışdı. Elə o vaxt 1992-ci ildə BMT Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü tanıdı. Gürcüstan sərhədlərinin toxunulmazlığını dünya birliyi qəbul etdi. 2008-ci il müharibəsinin nəticələrinə görə Rusiya bu sərhədləri dəyişmək istəyir. Amma bu cəhdlərdə Rusiya tamamən yalnızdır”, – Gioorgi Marqvelaşvili bəyan edib.
“Bizim borcumuz qəhrəmanlarımızın mübarizə apardığı məqsədlərə çatmaq üçün əlimizdən gələn hər şeyi etməkdir. Bu, Vətənimizin bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”, parlament sədri İrakli Obaxidze vurğulayıb.
“Avqustun 8-iGürcüstan tarixinin ən faciəvi günüdür. Bu gün çox sayda insan işğalla təhqir olunub. Biz bu insanlara deyirik: sizlərin yanındayıq, dövlət onların arxasında durub – istər işğal xəttində yaşayan insanlar olsun, istər zorla köçürülənlər, ya da tikanlı məftilin o tayında qalan vətəndaşlar”, – barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Sixelaşvili bildirib.
Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad etmək məqsədilə Tbilisi və Kutaisidə parlament binalarının üzərindəki bayraqlar eyni zamanda endirilib. Dövlət bayraqları bütün Gürcüstan üzrə dövlət binalarının hamısında, o cümlədən prezident administrasiyasında da endirilib.
Bu gün İnqur körpüsü və işğal olunmuş zonaya yaxın yerləşən Xurvaleti kəndi yaxınlığında aksiyalar keçiriləcək.
Axşam gənclər Tbilisi Dövlət Universitetindən RF səfirliyinə doğru yürüş edəcək. Aksiyanın şüarı “İşğala birlikdə yox deyək!” olacaq. Aksiyanı müxtəlif siyasi partiyaların gənclər təşkilatları sosial şəbəkələrdə təşkil ediblər.
2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında münaqişə böyüyərək beşgünlük müharibəyə çevrildi və bu müharibədə Rusiya və Gürcüstan iştirak edirdi. Gürcüstanın versiyasına görə, Rusiya əvvəlcədən muxtariyyət ərazisinə qoşun yeritməyi planlaşdırmışdı və Gürcüstan ordusunun atdığı addımlar bu təhlükəyə və Cənubi Osetiya hakimiyyəti tərəfindən təxribata qarşı cavab idi. Rusiya tərəfinin versiyasına görə, qoşunlar regiona vətəndaşların və sülhməramlıların müdafiəsi üçün gətirilib.
Beşgünlük müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı, Moskva və Tbilisi arasında diplomatik münasibətlər kəsildi. Avropa İttifaqının baş verənlərin araşdırılması məqsədilə yaratdığı xüsusi komissiyanın hesabatına əsasən osetin tərəfdən 365 hərbçi və mülki, gürcü tərəfdən 412 hərbçi və mülki həlak olub.
Rusiyanın rəsmi məlumatına görə, 67 nəfər Rusiya hərbçisi də həyatını itirib. Cənubi Osetiya ərazisindəki gürcü kəndlərinin 80 minə yaxın sakini öz evlərini tərk etməli olub, qaçqın və məcburi köçkünlərin sırasına qatılıb.
Cənubi Osetiyada atəşkəs rejimi 2008-ci ilin iyulundan pozulmağa başlayıb və tərəflər bununla bağlı bir-birini günahlandırır. Avqustun 7-də Gürcüstanın sülhməramlı batalyonunun komandanı Mamuka Kuraşvili Konstitusion nizamın bərpası haqda qərarın qəbul olunduğunu elan edib.
Avqustun 8-də Gürcüstan Silahlı Qüvvələri və Rusiya Ordu hissələri arasında intensiv döyüşlər başlayıb.
Avqustun 12-də Moskvada Fransa prezidenti (vasitəçi) Nikolya Sarkozi və RF prezidenti Dmitri Medvedyev Gürcüstanda hərbi əməliyyatların dayandırılması haqda 6 maddədən ibarət sənəd imzalayıblar.
Beşgünlük müharibədən sonra, 2008-ci il avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanın suverenliyini tanıdığını elan edib.
Tbilisi və Moskva diplomatik münasibətləri kəsib və iki ölkə arasında diplomatik əlaqələr bu günə qədər bərpa olunmayıb.
Gürcüstan XİN-in bəyanatına əsasən atəşkəs haqda 12 avqust 2008-ci il sənədi üzrə götürdüyü öhdliklərə baxmayaraq, “Rusiya beynəlxalq hüququ pozaraq suveren müstəqil bir dövlətin regionlarını işğalda saxlamağa davam edir”.
Bu gün 12 avqust 2008-ci il tarixli atəşkəs haqda sazişə əsasən danışıqlar üzdə Cenevrə beynəlxalq formatı yaradılıb, qurumun hədəfi Rusiya və Gürcüstan arasında təhlükəsizlik və humanitar məsələlər üzrə problemlərin nizamlanmasından ibarətdir.
Buna baxmayaraq, münaqişə zonasında hələ də Gürcüstan vətəndaşlarının oğurlanması və qanunsuz saxlanılması halları qeydə alınır. Bununla yanaşı Rusiya hərbçiləri hüdud boyunca tikanlı sədlərin və sərhəd banerlərinin montajını davam etdirirlər.
Rusiya-Gürcüstan müharibəsi zamanı mümkün hərbi cinayətlər bu gün Fatu Bensuda Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun ofisində araşdırılır.