Sağlam olmayan səhiyyə
Bu məqaləni ilk dəfə ötən ilin aprelində dərc etmişik. Dərc olunandan sonra Valeri Manuçaryan daha iki dəfə tibbi-sosial ekspertizadan keçirilib, amma heç nə dəyişməyib, komissiyanın rəyi olduğu kimi qalıb.
Qorisdən olan 26 yaşlı Valeri Manuçaryan artıq 4 ildir ki, ona əlillik qrupunun qaytarılması uğrunda mübarizə aparır və bu mübarizə heç bir nəticə vermir. Amma onun necə əlil olması məsələsi daha ağrılı və kədərlidir.
Üç il ərzində Valeri əlilliyə görə yardım alıb – 2012-ci ilin mart ayına qədər, bu zaman “İkinci tibbi-sosial ekspertiza agentliyi onun səhhətinin üçüncü qrup əlilliyə uyğun olduğunu təsdiq etməyib. Buna səbəb isə komissiya rəhbərinin onun əlində qabar görərək Manuçaryanın əməkqabiliyyətli olduğunu və deməli, ona əlillik qrupu düşmədiyini deməsi olub.
“Mən elə bir xəstəliyə duçar olmuşam ki, onların mənə əlil kimi verdiyi pul heç mənə lazım olan dərmanların yarısına da çatmırdı. Amma bir qabara görə onlar məni bu cüzi məbləğdən də məhrum etdilər, – Valeri danışır.
O, komissiyanın qərarından şikayət edərək, sənədlərin yenidən baxılması və ona təkrar ekspertizadan keçmək imkanının verilməsini tələb edib.
Onu ikinci dəfə dəvət etdilər: bu dəfə komissiya Yerevandan gəldi. “Məni onurğanın rentgeninə göndərdilər. Mən çıxanda onlar mənim pul vermək istəmədiyimi anlayıb dedilər ki, rentgen müayinəsinin nəticələrinə daha ehtiyac yoxdur, – Valeri xatırlayır.
Onu əvvəlcədən xəbərdar etdilər ki, birinci müavinəti komissiyaya vermək lazımdır ki, sonradan pulu özün ala biləsən. Manuçaryanın müavinətinin cəmi 11 min 600 dram [25 dollardan az] təşkil etdiyini biləndə ona bildirdilər ki, o heç olmasa 30 min [təxminən 60 dollar] ödəməlidir.
“Bu çox sadə bir sövdələşmə idi: mən onlara tələb olunan məbləği vermədim, onlar da məni əlillik qrupundan məhrum etdilər, – Valeri deyir.
Ermənistanda ambulator müalicə pulsuzdur. Yəni hər bir vətəndaş poliklinikada, səhhətin ilkin mühafizəsi mərkəzində və ya tibb məntəqəsində tamamilə pulsuz müayinədən keçə və ya ilk tibbi yardım ala bilər.
Bu, dövlət qərarı ilə təmin edilir, həmin qərara əsasən, dövlət büdcəsindən 2016-ci ildə bu məqsəd üçün 27 milyard dram (təxminən 60 milyon dollar) ayrılıb.
Bir çoxlarının tibbi yardımın pulsuz olduğunu çox yaxşı bilməsinə baxmayaraq, vətəndaşlar yenə də həkimə pul verirlər. “Niyə?” sualını isə adətən aşağıdakı kimi cavablayırlar: “Bu ölkədə pulsuz heç nə yoxdur: pul verməsən düzgün analiz çıxarmayacaqlar və müalicə etməyəcəklər.
Poliklinikada daha çox pul ödəyənlər də əlilliyi olan insanlardı. Onlara verilən əlillik qrupunu saxlamaq üçün yeddi il ərzində hər il tibbi-sosial komissiyadan keçməlidirlər. Onlar ekspertizaya son altı ay ərzində keçirilən müayinələrin nəticələrini təqdim etməlidirlər.
“Hər il mütləq qaydada gözün müayinəsindən tutmuş elektrokardioqrafiyaya qədər keçirsən, hansı əlilliyinin olması vacib deyil. Hər otaqda azı 200 dram, ümumilikdə 30 minə yaxın qoyursan. Bir də tibbi-sosial ekspertiza agentliyinə də hörmət etməlisən, çünki etməsən, müavinətdən məhrum olacaqsan”, – poliklinikada əlilliyi olan, adının çəkilməsini istəməyən xəstələrdən biri dedi.
Bu sözlərə qeyd-şərtsiz inansaq, belə çıxır ki, hər əlil hər il orta hesabla özünün iki aylıq müavinətini rüşvət şəklində ödəyir.
Çox az adam səhiyyə sahəsindəki pozuntular haqqında açıq danışmağa hazırdır. İnsanlar düşünürlər ki, heç kim xəstəlikdən sığortalanmayıb və ola bilsin şikayət etdiyin həkimə sonradan müraciət etməli olacaqsan.
Valeri bununla kifayətlənməyən çox az adamdan biridir, o hətta Ermənistan Səhiyyə Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza İdarəsinə də müraciət edib, amma burada da bəxti gətirməyib: Yerevanda ekspertizanı elə həmin komissiya keçirib, qərar da dəyişməz qalıb.
Valeri hüquqlarının pozulmasına qarşı məhkəmədə mübarizə aparmaq və ədalətin bərpasına nail olmaq qərarına gəlib. “Bütün tanışlarım buna qarşı idi, hamı uduzacağımı deyirdi, amma mən belə asanlıqla təslim olmayacam, sonuna qədər mübarizə aparacam”.
Valeri Manuçaryan tibbi-sosial ekspertiza agentliyinin qərarından şikayətini İnzibati məhkəməyə təqdim edib, amma onu sənədlərin dəqiq tərtib olunmaması bəhanəsilə qəbul etməyiblər. Gənc adam yenə də geri çəkilməyib və Ermənistan İnzibati Apellyasiya Məhkəməsinə müraciət edib, buradan da işi yenidən İnzibati Məhkəməyə göndəriblər.
İki ilə yaxın məhkəmə iclasları hər dəfə təxirə salınır, bu haqda Valeri ancaq məhkəmə günü xəbər tuturmuş. “Hər dəfə mən məhkəməyə gəlib çatmaq üçün Yerevana qədər 250 kilometr yolu qət edirdim və ancaq burada öyrənirdim ki, hakim məzuniyyətdədir və ya iclas təxirə salınıb – heç vaxt bildiriş almamışam”, – Valeri məyusluqla danışır.
Təkcə yola hər dəfə 10 min dram (20 dollar) ödəməli olurmuş, bu da onun təxminən bir aylıq müavinətidir, qalmağa və yeməyə xərclənən pul xaric.
Məhkəmənin qərarına qədər Valeri Yerevanda “Üçüncü tibbi-sosial ekspertiza agentliyində daha bir ekspertizadan keçməli olub: burada onun təzyiqini yoxlayıb, rəy veriblər: ona əlillik qrupu təyin edilə bilməz.
Bu zaman rəydə bildirilib ki, “təqdim olunan tibbi sənədlər araşdırılıb, bundan başqa, ekspert-həkimlər ətraflı operativ tədqiqat aparıblar.
Bu ekspertizanın əsasında İnzibati Məhkəmə Tibbi-Sosial Eksperiza Agentliyinin xeyrinə qərar qəbul edib.
“Bu heyrətamizdir, onlar ancaq təzyiqi yoxlamaqla adama rəy verə bilirlər, – gənc oğlan deyir.
Valerinin səhhəti getdikcə pisləşir: gündən günə oynaqlarının iltihabı kəskinləşir, hərəkət etməkdə çətinlik çəkir. Bundan əlavə, o döş qəfəsinin deformasiyası və ürək aritmiyasından əziyyət çəkir.
“Bəzən oynaqlarımdakı ağrılara görə səhər yatağımdan qalxa bilmirəm, tez-tez sistem qəbul edirəm, amma maliyyə problemlərinə görə sistematik müalicə ala bilmirəm, – oğlan bu sözləri deyərək, analizlərin nəticələri olan bir qalaq vərəq göstərir, deyir ki, bu analizlərdən qalın kitab alınardı.
“Mənim üçün vacib olan o 11 min deyil, vacib olan odur ki, hərbi əlil kimi ildə bir dəfə pulsuz müayinədən keçmək və lazım olduğu halda hətta hospitalda stasionar müalicə almaq hüququm varıydı, indi isə müalicəyə böyük ehtiyacım olduğu bir halda, ümumiyyətlə heç nə edə bilmirəm, – Valeri deyir.
Dərc edilib: 22.04.2016