Səfirlikdə terror aktının qarşısı alınıb. Əfqanların Azərbaycandakı sərgüzəştləri
Əfqanlar Azərbaycanda
Azərbaycanın xüsusi xidmət orqanları ölkə ərazisində terror aktlarının planlaşdırılmasında şübhəli bilinən Əfqanıstan vətəndaşını saxlayıblar. Bir müddət əvvəl isə İrandan Azərbaycana qaçaq yolla keçərkən saxlanılmış üç nəfər Əfqanıstan vətəndaşı bir il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmədə Taliban hakimiyyətindən qaçdıqlarını və öz ölkələrinə qayıtmamaq üçün İrandan Azərbaycana keçdiklərini deyiblər.
- Söyüdlü hadisələrini işıqlandıran jurnalist polis bölməsində işgəncə gördüyünü açıqlayıb
- Hakimiyyət mediasında Söyüdlü aksiyalarının “təşkilatçısı” kimi adı keçən sabiq deputat həbs edilib
- İlham Əliyev: “Bölgədəki erməni hərbi elementləri tərksilah edilməlidir”
Əfqanıstan vətəndaşı Azərbaycanda terror aktları planlayıb?
İyulun 10-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Əfqanıstan vətəndaşı Favzan Musa Xanın saxlanıldığı haqda məlumat yayıb.
DTX ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, araşdırma zamanı Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq, Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, adamların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktları törətməyi planlaşdırdığı müəyyən edilib.
Məlumatda həmçinin qeyd olunur ki, sözügedən şəxs həmçinin üçüncü dövlətin səfirliyinə qarşı terror aktı planlaşdırmaq məqsədilə diplomatik missiyaların yerləşdiyi ərazi ətrafında müşahidələr aparıb, bu fəaliyyətə cəlb oluna biləcək digər şəxslərlə əlbir olub, silah və partlayıcı maddələrin, maliyyə dəstəyinin alınmasına köməklik göstərib.
“Favzan cinayət başında tutulub və Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrilə (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
DTX-dan bildirilib ki, hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirir.
Məlumatda saxlanılan əfqanıstanlının hansı ölkənin səfirliyinə qarşı terror hücumu planlaşdırdığı açıqlanmır. Lakin DTX-nın yaydığı operativ kadrlarda əcnəbi vətəndaşın “Hyatt Regency” hotel kompleksinin ətrafında müşahidə apardığı görünür, həmin ərazidə isə digər müəssisələrlə yanaşı, İsrail səfirliyi də yerləşir.
Talibandan İrana, sonra da Azərbaycana qaçanlar
Son zamanlar Əfqanıstan vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz gəlməsi faktları da tez-tez təkrarlanmağa başlayıb.
İyunun 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
İyunun 30-da isə eyni əməli törətdiklərinə görə üç nəfər Əfqanıstan vətəndaşı yerli məhkəmə tərəfindən cəzalandırılıb. Onlar 2022-ci il dekabrın 16-da gecə saatlarında Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıb və Cinayət Məcəlləsinin 318.2 (bir qrup şəxs tərəfindən Azərbaycan sərhədini qanunsuz keçmə) maddəsilə ittiham olunublar.
Cəlilabad Rayon Məhkəməsində hakim qarşısına çıxarılan əfqanlar bildirib ki, öz ölkələrindən İrana qaçaq yolla keçiblər.
“Təxminən bir il əvvəl Tehrana gəlib, orada işləməyə başladım. Tehranda qanunsuz yaşayırdım. Mənə dedilər ki, buna görə məsuliyyətə cəlb olunmayacağam, amma Əfqanıstana deportasiya olunacağam. Mən isə Əfqanıstana qayıtmaq istəmirdim. Əfqanıstan onsuz da kasıb, problemlərlə dolu ölkə idi. 2021-ci ildə “Taliban” hakimiyyətə gələndən sonra ölkədə vəziyyət daha da ağırlaşıb. Mən də ona görə ölkədən getmək məcburiyyətində qalmışdım”, – 33 yaşlı Rezayi məhkəmədə bildirib.
“Dedilər ki, sərhədi keçirəcəyik, Bakıya özünüz gedəcəksiniz”
Onun sözlərinə görə, Tehranda fəhlə işlədiyi evdəki adam onu bir nəfərlə tanış edib, o da Azərbaycana qaçaq yolla keçməsinə yardım edəcəyinə söz verib. Bundan ötrü ondan 1800 Azərbaycan manatının ekvivalenti [təxminən $1060] dəyərində pul istəyib. O da razılaşıb:
“Tehranda onunla görüşdük. Maşına oturanda bir nəfər də vardı. İranlı mənə dedi ki, bir nəfər də Əfqanıstan vətəndaşı bizimlə Azərbaycana qanunsuz yolla gedəcək. Bir qədər gözlədik. Sonra həmin bir nəfər də gəldi. Tehrandan Azərbaycan sərhədinə tərəf yola düşdük. Axşam saatlarında Azərbaycan sərhədinə çatdıq. Gecəni hoteldə qaldıq. Təxminən axşam 11-in yarısında bir nəfər başqa iranlı gəldi, onunla Azərbaycan sərhədinə tərəf getdik. Bir az yol gedəndən sonra dedilər ki, artıq Azərbaycan ərazisindəyik. Bizə istiqamət verdilər, özləri isə geri qayıtdılar. İki saata yaxın o ərazidə qaldıq, birdən əsgərlər qışqırdı. Biz də yerimizdə dayandıq”.
19 yaşlı Feyyaz isə deyir ki, təxminən 6 ay əvvəl Əfqanıstandan İrana qaçaq yolla keçib, Tehranda işləyib yaşamağa başlayıb. Amma sənədləri qaydasında olmadığına görə onu ölkəsinə deportasiya edəcəkmişlər. Ölkəsinə qayıtmaq istəmədiyi üçün Azərbaycana keçmək qərarına gəlib.
O da məhkəmədə bildirib ki, Azərbaycana qaçaq yolla keçmək üçün 1800 manat pul istəyiblər, verməyə razılaşıb.
Ümumiyyətlə, hər üç Əfqanıstan vətəndaşı məhkəmədə ifadə verərkən onları Azərbaycan sərhədinə gətirən və keçirən iranlılar, avtomobil haqda eyni fikirləri səsləndirib. Onlar bildirib ki, həmin şəxslər sadəcə, sərhədi keçirməyə söz veriblər. Sərhədi keçəndən sonra özləri Bakıya gedib çıxmalıydılar: “Ondan sonrasını özümüz həll etməliydik. Onların işi bizi ancaq sərhəddən keçirmək idi”.
Onlar peşman olduqlarını vurğulayıblar və məhkəmədən yüngül cəza verilməsini istəyiblər.
Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayevin bugünlərdə çıxardığı hökmə əsasən, əfqanların hər biri 1 il azadlıqdan məhrum edilib.