“Səfər məqsədi - vaksinasiya”: Ermənistana İrandan turist axını
Səhiyə Nazirliyi əmin edir ki, Ermənistanda kifayət qədər vaksin var. Ölkə sakinləri istənilən poliklinikada, o cümlədən də küçələrdə qurulan mobil stansiyalarda pulsuz peyvənd vurdura bilərlər. Amma yerli sakinlər arasında vaksinasiyadan keçmək istəyənlər o qədər də çox deyil. Əcnəbi turistlər böyük fəallıq göstərirlər. İrandan isə çoxları məhz pulsuz vaksinasiya üçün Ermənistana gəlir.
Vaksinasiya başlayandan iyulun 18-ə qədər 131 080 nəfər vaksinasiyadan keçib, onlardan 94 560 nəfəri peyvəndin birinci dozasını, 36 520 nəfəri isə hər iki dozasını alıb.
Bu, həm Ermənistan vətəndaşlarını, həm də əcnəbiləri əhatə edən ümumi rəqəmlərdir. Əsasən bunlar iranlılardır, onlar üçün Ermənistan vaksinasiya məqsədilə əsas turizm istiqamətinə çevrilib.
- Koronavirusa qarşı vaksinasiya – şəhərin mərkəzində, küçədəcə. Yerevandan video
- Karantinin uzadılması və vaksinasiya prosesi: Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşir?
Niyə iranlılar peyvəndi Ermənistanda vurdurur?
Ermənistanın Səhiyyə Nazirliyi əcnəbilərin vaksinasiyası ilə bağlı ayrıca statistika aparmır. Mənzərə Turizm Komitəsinin təqdim etdiyi məlumatlarla aydınlanır. Beləliklə, 2021-ci ilin martında Ermənistana 4953 İran vətəndaşı gəlib, iyunda isə onların sayı iki dəfəyə yaxın artaraq 8597 nəfər təşkil edib.
Məsələ burasındadır ki, İran sakinlərinin öz ölkələrində vaksinasiya ilə bağlı problemləri var. Hazırda ancaq risk qrupuna daxil olanlar – 60 yaşdan yuxarı xroniki xəstəlikləri olan insanlar pulsuz vaksinasiyadan keçə bilir. Qalanlar isə hələ ən azı beş ay gözləməlidir.
Bundan başqa, İranda ancaq bir, həm də yerli istehsal olan preparatla vaksinasiya aparılır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan Britaniya-İsveç istehsalı AstraZeneca, Rusiyanın Sputnik V və ya Çinin CoronaVac peyvəndləri İranda tətbiq olunmur. İranda vaksinasiyadan keçənlərə müvafiq beynəlxalq sertifikat da verilmir.
Ermənistanda əcnəbilərin vaksinasiyası
Sahə poliklinikalarında növbələrin yaranmaması üçün əcnəbilərin vaksinasiyası indi yalnız Yerevanın bir neçə küçəsində yerləşən mobil vaksinasiya məntəqələrində aparılır. Əcnəbilərə ancaq AstraZeneca peyvəndi vurulur – gündə 50 nəfərə qədər.
Mobil məntəqələrinin qarşısında insanların toplaşmasının qarşısını almaq məqsədilə Səhiyyə Nazirliyi elektron qeydiyyat sistemini işə salıb. Üstəlik sistemdə vaksinasiyadan keçmək istəyənlərin 3 qrupu nəzərə alınıb:
- Ermənistan Respublikasının vətəndaşları,
- Ermənistanda yaşamaq hüququ olanlar və
- əcnəbi vətəndaşlar.
Sistem vaksinasiya saatənı təyin edir, bu zaman növbəyə nə zaman durmalarından asılı olmayaraq prioriteti ilk növbədə Ermənistan vətəndaşlarına verir, daha sonra yaşamaq hüququ olanlara, ən sonda isə əcnəbilərə.
Vaksin kifayət edəcəkmi?
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin baş direktor müavini və İmmunizasiya Milli Proqramının rəhbəri Qayane Saakyan nə üçün əcnəbilərə də peyvənd vurulması qərarını açıqlayıb.
Onun sözlərinə görə, ilk növbədə bu qərar diplomatik missiyalarda və digər beynəlxalaq təşkilatlarda işləyən əcnəbilərdən nazirliyə daxil olan çoxsaylı müraciətlərlə bağlı olub. Üstəlik epidemioloji vəziyyətə görə onların Ermənistanı tərk edərək, öz ölkələrində vaksinasiyadan keçməsi də mümkün olmayıb.
“İlk zamanlar bu, bizim üçün də vacib idi, çünki Ermənistan digər ölkələrdən bir qədər fərqlənir. Bizdə vaksinasiyadan keçmək istəyənlər çox deyildi, insanlar çox passiv idi. Eyni zamanda uzun müddətli müqavilələrlə çalışan əcnəbilər arasında vaksinasiyadan keçmək istəyənlər çox idi. Onları vaksinasiyadan keçirərək biz ölkədə epidemioloji vəziyyətə nəzarəti saxlayırdıq”, – Qayane Saakyan deyir.
Üstəlik, o əmin edir ki, vaksinin çatmayacağı ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Nazirlik hər gün monitorinq keçirir, istifadə olunmuş dozaların sayını hesablayır və daima lazımi sayda vaksinin əldə olması üçün istehsalçılarla danışıqlar aparır. Odur ki, əcnəbilərə vurulan peyvəndlərlə bağlı Ermənistan vətəndaşlarının vaksinasiya problemi yaranmır.
Dövlət büdcəsi hesabına vaksinasiya
Əgər əvvəlki aylarda hökumət əcnəbilərin dövlət büdcəsi hesabına vaksinasiyadan keçirilməsini humanitar addım kimi təqdim edirdisə, bu gün artıq bu addımın iqtisadi səmərəliliyi haqda danışırlar.
Səhiyyə Nazirliyinin əmri ilə iyulun 15-dən Ermənistanda yalnız ölkədə 10 gündən artıq qalan əcnəbilər pulsuz vaksinasiyadan keçə biləcəklər.
Beləliklə, hökumət koronavirusdan ən çox ziyan çəkən turizm sahəsini reanimasiya etmək istəyir.
“Turizm göstəriciləri 319% arta bilər. İndi tibbi turizm haqda düşünmək üçün uğurlu zamandır”, – iqtisadiyyat naziri əvəzi Vahan Kerobyan deyib.
İqtisadçılar izah edir: Ermənistan hökuməti bir vaksin dozasını almaq üçün 20-30 dollar sərf edir, Ermənistana gələn turistlər isə günə orta hesabla 70-100 dollar xərcləyirlər.
Bu hesablamaların yekununda nəzərə almaq lazımdır ki, həmin əcnəbilər 2 ay sonra yenə Ermənistana qayıtmalıdırlar ki, ikinci vaksin dozasını alsınlar.