Səs-küylü “Kabel işi”nə görə məhkum edilənlər iki aydan sonra azadlığa çıxacaqlar
Səs-küylü “Kabel işi”ilə bağlı məhkum edilən Müdafiə Nazirliyinin keçmiş məmurları iki aydan sonra azadlığa çıxacaqlar. Bu gün Apellyasiya Məhkəməsi ittiham mahiyyətini dəyişib, talama ilə bağlı maddəni vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əvəzləyib, müvafiq olaraq məhkumların cəza müddətini də azaldıb.
Müdafiə Nazirliyinin beş əməkdaşı 2014-cü ilin oktyabrında 4 milyon laridən çox vəsaitin talanması ittihamı ilə həbs olunmuşdu. Onlar “Silknet” internet provayderinin xeyrinə qanunsuz müqavilə bağlamaqda günahlandırılmışdılar. Həbs olunanlar günahlarını inkar edirdilər. Məhkəmə onlar haqqında ilkin istintaq müddətinə həbs qərarı çıxarmışdı.
Müdafiə naziri, Azad Demokratlar Partiyasının lideri İrakli Alasaniya bəyan etmişdi ki, qurum əməkdaşlarının həbsi siyasi məqsəd daşıyır. Bundan baş nazir Alasaniyanı istefaya göndərdi. Azad Demokratlar Partiyası hakimiyyət koalisiyasını tərk edib, müxalifətə keçdi. XİN rəhbəri Maya Pancikidze və Avro-inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Patriaşvili də öz vəzifələrini tərk etdilər.
2015-ci ilin iyununda şəhər məhkəməsi Azad Demokratlar Partiyasından olan deputatların zəmanətinə əsasən ittiham olunanları ilkin istintaq müddətində həbsdən azad etdi. Amma 2016-cı ilin mayında məhkəmə onların beşini də 7 il azadlıqdan məhrum etdi.
2016-cı il oktyabrın 8-də baş tutan seçkilərdə Azad Demokratlar 5 faizlik baryeri keçə bilmədilər və İrakli Alasaniya siyasətdən getdiyini bəyan etdi. Bir neçə lider də partiyanı tərk etdi. Onlardan biri Viktor Dolidze sonradan hakim “Gürcü arzusu” partiyasının formalaşdırdığı yeni hökumətin Avro-inteqrasiya üzrə dövlət naziri təyin edildi.