Aralıq dənizində qaz NATO stabilliyinə təhlükə kimi. Analiz
Şərqi Aralıq dənizində yeni nəhəng qaz yatağı iki NATO ölkəsinin – Türkiyə və Yunanıstanın qarşıdurmasına səbəb olub. Regionun digər ölkələri də münaqişəyə müdaxil olur və bu durumda Türkiyəni hələlik ancaq Azərbaycan dəstəkləyir.
BBC-nin materilları əsasında
Türkiyə və Yunanıstan eyni zamanda Krit adası sahillərində hərbi-dəniz manevrləri keçirməyə hazırlaşır və bir-birlərinə sərt xəbərdarlıqlar yağdırırlar.
Münaqişənin mahiyyəti
Həm Türkiyə, həm də Yunanıstan bu yaxınlarda kəşf olunan qaz yatağının məhz onun suveren iqtisadi zonasına aid olan kontinental şelfdə yerləşdiyini hesab etdiyi üçün bu yataq gərginlik mənbəyinə çevrilib.
• Şərh: Naxçıvanda keçirilən Türkiyə-Azərbaycan hərbi təlimləri Ermənistan üçün nə deməkdir?
İqtisadi zona istənilən təbii ehtiyatları (dənizdə və ya şelfdə yerləşən) hasil etmək hüququ bir ölkəyə aid olan sahilyanı ərazidir.
Səbəb tarixi və coğrafi xarakter daşıyır: Türkiyə sahillərinə yaxın ərazidə Yunanıstana aid ola bir neçə ada yerləşir.
Buna görə də bir ölkənin suveren iqtisadi zonasının harada başladığı, digərininkinin harada bitdiyini müəyyən etmək həddən artıq çətindir.
Türkiyə bildirir ki, əgər Yunanıstan öz ərazi sularını altı mildən beynəlxalq səviyyədə maksimum icazə verilən 12 milə qədər yüksəltsə, onun dəniz yolları ciddi müdaxiləyə məruz qalacaq.
Aralıq dənizində dəniz zonalarının demarkasiyasının Yunanıstan versiyası. Yunanıstana aid kiçik Kastelorizo “adacığına” (xəritədə qeyd olunub) görə Türkiyənin Aralıq dənizində potensial dəniz zonasının praktiki olaraq yarısını itirməsi Türkiyəyə sərf eləmir. Türkiyə onlayn Telegram kanalın xəritəsi
Münaqişə necə regional oldu?
Ən başından yeni yatağın istismarı ilə bağlı Yunanıstan, Misir, İsrail və Kipr razılıq əldə edib – yataq məhz bu ölkələrin ərazi sularında yerləşir.
Türkiyə isə hesab edir ki, onun maraqları nəzərə alınmayıb, çünki yataq qismən bu ölkənin iqtisadi zonasına daxil olur.
Türkiyə bu mübahisələrə Liviyanı da cəlb edib və bu ölkə ilə birlikdə vahid iqtisadi zona formalaşdırıb, bu da Yunanıstanın planlarına əngəl törədir.
Digər gərginlik səbəbləri
Yunanıstan və Türkiyə arasında münasibətlər tarixən gərgindir.
Son zamanlar bu iki ölkə arasında iki məsələ ilə bağlı ziddiyyətlər yaranıb:
• Türkiyə hökumətinin İstanbulda “Aya Sofya” muzeyini məscidə çevirməsi.
• Türkiyə hökumətinin Avropa İttifaqı ərazisinə can atan Suriya və Yaxın Şərqin digər ölkələrindən olan qaçqınların Türkiyədən Yunanıstana keçməsinə mane olmayan siyasəti.
Videoda 2020-ci il fevralın 29-da Rusiyanın dəstəyilə Suriya hökumət qüvvələrinin Suriyanın şimalında Türkiyənin hərbi bazalarını misilsiz zərbələrə məruz qoyandan sonra Türkiyə Avropa ilə sərhədi Suriya qaçqınları üçün açdığı zaman minlərlə qaçqının Yunanıstan sərhədinə hücumu əks olunub
• “Aya Sofya” məscid oldu. Foto və hekayə
• 102 il əvvəl Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil respublika olduqları zaman nə ediblər?
Yeni qaz yatağı ətrafında mübahisələr üçüncü “qaynar nöqtəyə” çevrilib.
Bundan başqa, yatağın istismarında iştirak edəcək ilk ölkələrdən biri Kipr 1974-cü ildən parçalanmış ölkədir. Ölkə BMT-nin və Avropa İttifaqının üzvü olan xristianların Kipr Respublikasına və ancaq Türkiyə tərəfindən tanınan müsəlmanların Şimali Kipr Respublikasına bölünüb.
Münaqişəni kim həll edəcək?
Yunanıstan və Türkiyə – hər ikisi NATO üzvü, Yunanıstan isə üstəlik Avropa İttifaqı üzvü olduğu üçün vəziyyət mürəkkəbləşir. Buna görə də bu iki təşkilat onların arasında açıq münaqişəyə imkan verə bilməz.
Opponentlər arasında vasitəçi rolunu hazırda Avropa İttifaqında sədrlik edən Almaniya öz üzərinə götürüb.
Almaniyanın xarici işlər naziri Xayko Maas avqustun sonunda Afina və İstanbulda səfərdə olub və “istənilən qığılcımın fəlakətə gətirib çıxaracağı” haqda xəbərdarlıq edib.
Bütün maraqlı ölkələrin qaz yatağının istismarında pay bölgüsü ilə bağlı bir neçə plan hazırlanır.
Bu qarşıdurmada Türkiyəyə açıq dəstək verən yeganə ölkə hələlik Azərbaycandır.
2020-ci il sentyabrın 2-də prezident İlham Əliyev Yunanıstanın yeni səfiri Nikolas Piperiqkosun etimadnaməsini qəbul edərkən bildirib:
“Bir daha sizə deyə bilərəm ki, Türkiyə bizimlə nəinki dost, həm də qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Biz bütün hallarda heç bir tərəddüdsüz Türkiyəni dəstəkləyəcəyik […], o cümlədən də Şərqi Aralıq dənizində aparılan kəşfiyyatla bağlı”.
Türkiyənin müxalif Gələcək Partiyasının banisi Ahmed Davutoğlu cavabında bildirib:
“Biz Şərqi Aralıq dənizi məsələsində hökuməti dəstəkləyirik. Amma nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan bizi dəstəkləyən yeganə ölkədir. Bu isə bizim ədalətsiz mövqeyimizlə yox, diplomatiyamızın zəif olması ilə izah olunur”.