Şərh: Niyə Azərbaycanda beş yaşlı uşaqları birinci sinifə getməyə məcbur edirlər?
Biz məktəbdə hazırlıq kurslarına qeydiyyatı səbirsizliklə gözləyirik. Oğlumla məktəbə necə gədəcəyimizi, dərs oxuyacağımızı, birinci sinifə hazırlaşacağımızı, müəlliminin necə olacağını və neçə yeni dostu olacağını müzakirə edirdik.
Əsas məsələ mənim üçün məktəb seçimi idi, axı məktəbəqədər hazırlıqdan sonra uşaq çox güman ki, elə həmin məktəbdə oxuyacaq. Bakı məktəblərində adətən birinci sinifə özlərinin hazırlıq kurslarından olan uşaqları problemsiz götürürlər. Biz ətrafdakı məktəblər, müəllimlər haqqında məlumat toplayır, bir sözlə, sadəlövh və qayğısız idik.
Qeydiyyata ancaq onlayn yazıla bilərdik – artıq üçüncü ildir ki, qayda belədir. Daha doğrusu, yazıla bilərik deyə düşünürdük. Məlum oldu ki, oğlum hazırlıq kurslarına getməyəcək.
Çünki 29 dekabr 2012-ci ildə anadan olub. Bu yaxınlarda isə Azərbaycanın Təhsil Nazirliyi bütün valideynləri aşağıdakı qanunla xoşbəxt edib – beş yaşlı uşaqları məktəblərə bu yaşda onların dərsə hazırlığını yoxlayan imtahanlar keçirilmədən qəbul edəcəklər.
Düşünürdük ki, qanun valideyn və uşaqların həyatını asanlaşdıracaq. Axı əgər övladınızın beş yaşı varsa, amma o, məktəbə tam hazırdırsa və siz onu birinci sinifə qoymaq istəyirsizsə, heç bir imtahana da ehtiyac yoxdursa lap yaxşı!
Əslində isə məlum oldu ki, məmurlar istisnasız bütün beş yaşlıları az qala məcburən birinci sinifə göndərmək istəyirlər! Uşaqların hazırlıq kurslarına qəbulu zamanı sistem ancaq 2013-cü il 1 yanvar-31 dekabr arası dövrdə doğulan uşqları qəbul edir. Üçcə gün əvvəl doğulan uçaqları isə məktəbə göndərirlər.
Beləliklə, 2012-ci ildə anadan olan, hazırda 5 yaşı olan, 6 yaşları isə ancaq dərs ilinin ortasında tamam olacaq bütün uşaqlar hazırlıq kursları üçün çox böyük imiş. Valideynlər onsuz da panikada idi, sonra da məlum oldu ki, yer də azdır – qeydiyyat başlayandan iki gün sonra aydınlaşdı ki, siniflərin böyük hissəsi artıq dolub. Övladlarını rus dilində oxumağa göndərmək istəyənlər ən böyük həyəcan keçirirdilər. “Rus sektoru”nda yer daha azdır, onun Bakıda populyarlığı isə çox böyükdür.
Valideynlər Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsinə “hücum çəkdilər”. Nazirliyin “qaynar xətti”ndə mənə dedilər:
– Nazirlik heç bir kömək edə bilməz. Bu, yeni qanundur. Uşağı məktəbə verin.
– Axə onun cəmi beş yaşı var! Altı yaşı dekabrın axırlarında, dərs ilinin ortasında tamam olacaq!
– Biz heç nə edə bilmərik.
– Sizcə, beş yaşlı uşağı ondan böyük uşaqlarla oxumağa necə göndərə bilərəm? Axı o, məktəbə hazır deyil!
– Siz onu ötən il hazırlıq kurslarına verməliydiz.
– Onda onun dörd yaşı varıydı, bağçaya gedirdi …
– Nazirlik heç bir kömək göstərə bilməyəcək.
Nazirliyin “heç bir kömək edə bilməyəcəyini” qalan valideynlər də eşitdi. Hər gün təhsil qurumlarına hücum çəkən narazı valideynlər aydınlaşdırmağa çalışırlar ki, niyə bu qanunun müəllifləri nəzər almayıblar ki, bu ölkədə 2012-ci ildə də uşaqlar doğulub və bu uşaqların mövcudluğuna sadəcə göz yummağı qərar veriblər. Və niyə valideynləri övladlarını istədiyi yaşda məktəbə vermək imkanından məhrum edirlər.
Bəzi valideynlər uşaqlarını birinci sinifə verməyi qərar verib, çünki gələn il bunu edə bilməyəcəklərindən qorxurlar. Məktəblərin birinci sinifinə qeydiyyatın hələ fevralda başladığını və yerlərin demək olar ki, qalmadığını nəzərə alsaq, bunun nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. “Rus sektoru”na namizədlərə uşaqları “Azərbaycan sektoru”na qoymağı təklif etdilər ki, bu da işin içini bilənlər üçün xüsusilə absurd görünür: “rus sektoru” siniflərində həmişə rus dilini bilməyən uşaqlar çox olur, valideynlər övladlarının məktəbdə rus dilini öyrənməsini istəyir (“rus sektoru”nda təhsil pulsuz olduğuna görə, onlar üçün bu, xarici dil öyrənmək üçün gözəl imkandır).
Məktəbdə dərslərin başlamasına hardasa yarım ay qalıb, valideynlər isə hələ də nə edəcəklərini bilmirlər:
- hazır olmayan beş yaşlıları hazırlıqlı altı və yeddi yaşlı uşaqlarla birlikdə oxumağa göndərmək;
- uşağın altı yaşı olana qədər bil il gözləmək və hazırlıq kurslarını bitirən uşaqlara üstünlük veriləcəyi riskinə baxmayaraq, artıq birinci sinifə yazdırmağa çalışmaq;
- hər bir ölkə vətəndaşına təhsil almaq imkanı zəmanəti verən Azərbaycan Respublikasının Konstitusiyasına inanmaq, uşaqlara heç bir maneə törədilməyəcəyini deyən Təhsil Nazirliyinə inanmaq və gələn il deputatların bu mövzuda daha bir qanun qəbul etməyəcəyinə ümid etmək.
Ən pisi də odur ki, mümkün olan təhsil variantlarından ən yaxşısını övladlarına vermək istəyən valideynlər çox güman ki, məlum üsula əl atacaq – dövlət qurumlarındakı tanışları vasitəsilə uşaqları məktəbə düzəltdirəcək və ya elə həmin məktəbin müdirinə rüşvət verəcəklər.