Sən bunlara toxuna bilməzsən – Azərbaycandan foto-hekayə
Azərbaycan cəmiyyətində – söhbət hamıdan və hər kəsdən yox, çoxluqdan gedir – gender bərabərsizliyi yalnız kişilərin dominantlığında yox, həm də cinslər arasındakı məsafədə ifadə olunur. Görünməz “pərdənin” kökü ayrı-ayrı “kişi” və “qadın” toyu və yasına, qadının “təbii” tabeçilik vəziyyəti, seksə istənilən eyhamın belə tabu olmasına gedib çıxır.
Bu ayrıseçkilik mahiyyətcə qadınların “təhlükəsizliyi” üçün lazımdır – yad kişilərin onlara gözü düşməsin, başına bir bəla gəlməsin deyə. Məhz buna görə Azərbaycanda indiyə qədər hesab edirlər ki, qızlar gecə evdə tək qalmamalı, təkbaşına taksiyə minməməli, gün batandan sonra küçəyə çıxmamalıdır. Əgər paytaxt Bakıda proqressiv çevrələr başqa cür yaşadıqlarını deyə bilirlərsə, şəhərkənarı qəsəbələrdə və digər şəhər və rayonlarda ənənələr təslim olmur.
Bu fotolarda Şəki şəhərində ev darvazası əks olunub. Darvaza dəstəkləri formasına, çəkisinə, ən əsası da qapı döyülən zaman çıxardıqları səsə görə fərqlənir. Qadın qonaqlar qapını sol dəstəklə döyürlər, kişilər isə sağ dəstəklə. Bu, qapını qonaqla eyni cinsdən olan ev sakini açsın deyə edilir.
Bəzi məişət və gender məhdudiyyətlərini izah etmək mümkün deyil. Məsələn, kabab şişlərinə qadını ancaq yusun deyə yaxın buraxırlar. Kababı ancaq kişilər çəkə bilər. Azərbaycanda – fərqi yoxdur, paytaxtda, yoxsa regionlarda – bu, bir növ “ümumi qaydadır”, hamı ona əməl edir və heç kim bu qaydanın nəyə lazım olduğu və haradan yarandığı haqda düşünmür.
Gender ayrıseçkiliyinə daha bir klassik misal – avtobusun arxa hissəsi “kişilərə aid” hesab edilir. İndi bu qayda tədricən müasir avtobusların basqısı ilə aradan qalxır və yalnız avtobusun son sırası kişilərə aid hesab edilir. Amma şəhərkənarı marşrutlarda “şərəf məsələsinin” işlədiyini görmək mümkündür, məsələn, son cərgədə oturanlar qadına yer vermirlər, hesab edirlər ki, onsuz da kişilərin yanında oturmayacaq. Qızla oğlana isə iki nəfər birdən yer verir, çünki qız yad kişinin yanında otura bilməz.
Qonşu Türkiyədə səhər erkəndən küçələri süpürən cavan oğlan – adi mənzərədir. Azərbaycanda kişilər süpürgəçi işləmirlər, işə qəbul elanlarında isə həmişə “xadimə” axtarılır. Bu sözün Azərbaycan dilində kişi cinsinə aid analoqu da yoxdur. Əlbəttə ki, kişilər evdə də təmizlik işi görmür. Burada orta statistik ailələr nəzərdə tutulur – təbii ki, proqressiv azlıq artıq çoxdan məişət qayğılarını tam yarıya bölüb.
Əlbəttə, əgər ümumiyyətlə qadın yoxdursa, nə cürsə öhdəsindən gəlmək lazım gəlir.
Uzaq səfərə çıxan, ya da vacib iş dalınca gedən adamın arxasınca su tökürlər. Bunu qadın edir, çünki ancaq ona hisslərinə azadlıq vermək hüququ verilib. O da gedənin arxasınca müxtəlif və rəngarəng dualar yağdırır ki, Allah onu bütün bəlalardan qorusun. Kişi isə – xüsusən də böyüklərinin yanında həyat yoldaşına uşaqlarına qarşı heç bir isti münasibət göstərə bilməz. Bəzi kəndlərdə cavan atalar böyüklərinin yanında öz övladlarını qucaqlarına da almırlar.
Siqaret qadınlar üçün bir növ tabudur. Əlbəttə, onlar siqaret çəkirlər, amma gizlincə, heç kim görməyəndə. Məktəbi bitirən kimi kişilərin içməklə və çəkməklə bağlı toxunulmaz haqqı var. Siqaret çəkən qadını isə çox vaxt pozğun adlandırırlar.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.