Rusiyanın SWIFT sistemindən çıxarılması Azərbaycana necə təsir edəcək?
Qərb ölkələri Rusiyanı SWIFT beynəlxalq bank informasiyalarının ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemindən çıxarmaqla təhdid edirlər.
JAMnews bunun Azərbaycan iqtisadiyyatına və sakinlərinə necə təsir edəcəyini aydınlaşdırmağa çalışıb.
- Bakıda Ukraynaya dəstək aksiyası keçirilib. Fotoreportaj
- “Bu, cinayətdən daha betərdir” – Rusiyanın Ukraynaya qarşı təcavüzünə Bakıdan reaksiya
- “Putin bu dəfə təəccübləndirmədi” – Bakıdan şərh
Rusiyanın SWIFT beynəlxalq bank informasiyalarının ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemindən yaxın günlərdə, hətta saatlarda çıxarılması ehtmalı Azərbaycan iqtisadiyyatı və sakinləri üçün mənfi nəticələrə səbəb ola bilər.
JAMnews ekspertlərdən Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi bu cür sanksiyaların Azərbaycana və azərbaycanlılara necə təsir edəcəyi haqda soruşub.
“Rublla olan əmanətlərinizi dərhal başqa valyutalara çevirin”
Azərbaycanın müxalif Demokratiya və Rifah Hərəkatının sədri iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, ilk növbədə rubl depozitləri olanlar narahat olmalıdırlar:
“Banklarda Rusiya rublu ilə depozitləri olan azərbaycanlı əmanətçilərə israrla tövsiyə edirəm ki, öz əmanətlərini başqa valyutaya çevirsinlər, ya da nağdlaşdırsınlar”.
“Ciddi problem olmayacaq”
Bank eksperti, vəkil Əkrəm Həsənov hesab edir ki, Rusiya və Azərbaycanın iqtisadi əlaqələri qarşısında yaranacaq problemləri bir-iki həftəyə həll etmək mümkün olacaq:
“Rusiyanın alternativ bank ödəmələri sistemi var. Bəli, yeni sistemə keçidlə bağlı ilk bir-iki həftədə problemlər yarana bilər.
Azərbaycana və digər postsovet respubikalarına gəlincə, onlar da özlərində Rusiyanın köçürmə sistemlərini tətbiq edə biləcəklər. Bəzi ölkələrdə bu, artıq işləyir”.
“Qara bazarın rolu arta bilər”
“Heç kim üçün sirr deyil ki, Azərbaycanda çox sayda ailə hər ay Rusiyada yaşayan ailə üzvlərindən göndərilən pulu alırlar və onunla dolanırlar. Öz növbəsində, Rusiyada işləyənlər rublla qazanırlar. Aydındır ki, Rusiya valyutasının kəskin dəyərdən düşməsi nəticəsində bu ailələrin rifahı çox zərər görəcək.
Onların digər problemi Azərbaycana pul köçürmələridir. Bank sistemləri vasitəsilə yaxın zamanda bu, mümkün olmaya bilər. Hələlik məlum deyil ki, sanksiyalara dərhal pul köçürmələri sistemi necə reaksiya verəcək. Əgər onlar da bloklansa, o zaman pul köçürməsi üçün sivil vasitələr qalmayacaq.
Belə bir fakta diqqət çəkmək istəyirəm ki, Azərbaycanda hətta Rusiya bankları da, məsələn, “VTB-Azərbaycan” hələ də müştərilərinə Rusiyanın “Mir” sisteminin – “Visa” və “Mastercard” sistemlərinin analoqu – debet kartlarını təklif etmirlər. Azərbaycanlılar belə kartlar əldə edə bilsəydilər, Rusiyadan pul köçürməsi ilə bağlı heç bir problem olmazdı.
Hazırkı vəziyyətdə az əvvələ qədər fəal olan pul köçürmələrinin qara bazarı yenidən ön plana çıxa bilər. Əgər bu sistem haqda qısa desək, Rusiyada əcnəbi bu qeyri-leqal sistemdə çalışan “lazımlı adamı” tapır, xahiş edir ki, Azərbaycanda ailəsinə, tutaq ki, hər hansı konkret məbləğdə pul verilsin və faizi ilə həmin məbləği ödəyir. Amma bu halda rublun məzənnəsi banklardan daha betər ola bilər.
Ölkələr arasında iqtisadi əlaqələrə gəlincə, onlar böyük ehtimalla ziyan görməyəcək, çünki bu günlərdə Azərbaycan və Rusiya prezidentləri müttəfiqlik bəyannaməsi imzalayıblar və sənədin maddələrindən biri bu ölkələrin milli valyutası ilə ticarəti nəzərdə tutur.
Azərbaycanın adi sakinlərinin baş verənlərə reaksiyası başqa məsələdir. Sosial şəbəkələrdə Rusiya istehsalı olan məhsulları boykot etmək çağırışlarını görmək mümkündür. Bu da Rusiya və Azərbaycan arasında mal dövriyyəsinə təsir edə bilər, amma yalnız ərzaq sahəsində”, – JAMnews-un Azərbaycan redasksiyasının redaktoru Hüseyn İsmayılbəyli bildirir.