Rusiyanın İkinci Dünya Müharibəsindəki rolu haqda danışan yeni telekanal
İkinci Dünya Müharibəsinin 75 illiyi ərəfəsində Rusiyada “Pobeda” (“Qələbə”) adlanan telekanal işə başlayacaq. Artıq elan olunub ki, bu kanalda yalnız İkinci Dünya Müharibəsi zamanı sovet ordusunun nailiyyətləri haqda danışılacaq, Sovet İttifaqı və Rusiyanın faşizm üzərində qələbədəki mühüm rolu ilə bağlı ideya təbliğ ediləcək.
• Rusiyadan kənarda “Rus dünyası” əslində nədir? Üç qısa film
• 13 milyon – keçmiş Sovet İttifaqı Stalinin siyasi repressiyalarının qurbanlarını xatırlayır
“Pobeda”nı Rusiyanın əsas yayımçılarından biri olan Birinci kanal yaradır. Yeni kanalı bütün Rusiya ərazisində və ölkə hüdudlarından kənarda kabel və peyk şəbəkələri vasitəsilə izləmək mümkün olacaq.
Bunun Rusiya rəhbərliyinin nəyinə lazım olduğu haqda danışırıq.
İkinci Dünya Müharibəsi artıq bütün Rusiya telekanallarında fəal şəkildə təbliğ edilir
“Pobeda” kanalının yaradıcılarının fikrincə, İkinci Dünya Müharibəsi – Rusiyada deyildiyi kimi Böyük Vətən Müharibəsi – o qədər bədii və sənədli materiallara mövzu olub ki, qeyri-tematik kanallar onların hamısını əhatə edə bilmir.
Amma bütün Rusiya kanallarının proqramlarına baxmaq kifayət edir ki, ümumilikdə hərbi mövzunun, o cümlədən də İkinci Dünya Müharibəsi mövzusunun onların efirində az qala liderlik etdiyinə əmin olasan.
Ötən illərin bədii filmlərinin sırasına mütləq şəkildə müasir seriallar da əlavə olunur.
O zaman ayrıca “Pobeda”ya nə ehtiyac var?
Təbliğatçıların əsas arqumenti
İkinci Dünya Müharibəsi və qələbə mövzusu Rusiya təbliğatçıları üçün çox vacibdir. Orada ilk növbədə Rusiyanın nəhəng dövlət olduğu və qonşu ölkələrə münasibətdə xüsusi haqlara sahib olduğu fikri formalaşdırılır.
Rusiya tele-efirində bu ideyanın artıq baş verən gündəlik təbliğatından başqa bu mesaj “Ölümsüz alay” kimi aksiyaların köməyi ilə kütləvi şüurda daha da möhkəmləndirilir. Hər il mayın 9-da, İkinci Dünya Müharibəsində Qələbə günü qeyd olunan zaman Rusiyada və başqa bir neçə postsovet ölkəsində insanlar əllərində həmin müharibədə həlak olan qohumlarının portretlərini tutaraq yürüş keçirirlər.
Bu ənənə səmimi xalq təşəbbüsü kimi başlamışdı. Amma qısa zamanda dövlət aparatı təşəbbüsü ələ alaraq rəsmi ideoloji tədbirə çevirdi, dövlət müəssisələrində çalışanların bu yürüşdə iştirakı da məcburi xarakter aldı.
Bu günlərdə Sankt Peterburqda İkinci Dünya Müharibəsinin ən faciəli hadisələrindən biri – Leninqradın blokadasının 75 illiyinə həsr olunmuş böyük miqyaslı hərbi parad keçirilib. Bir çox media və sosial şəbəkə istifadəçisi bu qədər pulu paraddansa blokadadan sağ çıxmış insanlara yardım üçün xərcləmədiyinə görə hakimiyyəti qınayıb.
Jurnalistlər, məsələn, yazırlar ki, Almaniya bu tarixlə əlaqədar olaraq Sankt Peterburqda veteranların xəstəxanasının təmirinə 12 milyon avro ayırıb.
Rusiya təbliğatı nəyin üstündən sükutla keçir?
İkinci Dünya Müharibəsi ilə bağlı bir neçə mövzu var ki, Rusiya televiziyalarında heç vaxt işıqlandırılmır:
•1941-ci il iyunun 22-ə qədər Stalin və Hitler arasında müttəfiqlik münasibətləri.
•Polşa və Baltikyanı ölkələrə qarşı Almaniya və SSRİ-nin birgə təcavüzü.
•Sovet komandanlığının səriştəsizliyi və qəddarlığı üzündən sovet tərəfinin on milyonlarla (dəqiq rəqəm hələ də məlum deyil) qurban verməsi.
•Vədlərə inanıb alman əsirliyindən evə qayıdan on milyonlarla insanın Stalinin əmri ilə “xəyanətə görə” sovet düşərgələrinə göndərilməsi.
•İkinci Dünya Müharibəsində qələbənin yalnız ruslar yox, bütün SSRİ respublikaları və xalqlarının səyləri və verdikləri qurbanlar sayəsində qazanılması.