Rusiyanın baş nazirinə məxsus saraylar, iqamətgahlar və yaxtalar tapılıb
Aleksey Navalnının Korrupsiya ilə mübarizə fondu Rusiyanın baş naziri Dmitri Medvedyevin aktivləri və elit daşınmaz əmlakı barədə araşdırma dərc edib. Araşdırmada bu aktivlərin və mülklərin qeyri-qanuni yolla əldə oldunduğu deyilir.
Dmitri Anatolyeviç Medvedyev heç də hesab olunduğu kimi fağır və komik personaj deyil – araşdırmada qeyd olunur. “Bu, kifayət qədər hiyləgər və tamahkar, özü də açıq-aşkar iqamətgah və elit daşınmaz əmlaka aludə olan adamdır. O, bütün bunlara sahib olmaq üçün ölkədə iri korrupsiya sxemlərindən birini yaradıb. Özü də ən təkmillərdən birini. Biz Medvedyevin qohumları və yaxın adamlarının təşkil etdiyi xeyriyyə və qeyri-kommersiya fondları şəbəkəsinin mövcudluğunu təsvir etmişik və bunu sənədlərlə sübuta yetirmişik. “Xeyriyyə” sözü çaşdırmamalıdır: “yardım” alanlar təkcə Medvedyev və onun ailəsidir”, – Korrupsiya ilə Müdafiə Fondu bəyan edir.
Fondun rəhbəri Aleksey Navalnı araşdırmaya həsr olunmuş filmdə Medvedyevin şəxsi yazışmalarını İnternetə “yaymış” xakerlərin köməyi iləi fşa edilmiş sxem barədə danışır. Araşdırma Rusiya baş nazirinin al-əlvan idman ayaqqabılarından və digər geyimlərindən, – o bu geyimdə şəkil çəkdirməyi xoşlayır, – başlayıb. Və bu daha ciddi tapıntılara – başında Medvedyevin yaxın dostları duran müxtəlif strukturların adına yazılmış saraylara, iqamətgahlara, üzümlüklərə və yaxtalara gətirib çıxarıb.
Navalnı bu məlumat əsasında Rusiya baş nazirini “çoxmərhələli korrupsiya sxemi”ndə və rüşvət almaqda günahlandırır. Müxalifətçi bəyan edir ki, “sxem”in xidmətinə minlərlə adam cəlb olunub, daşınmaz əmlak obyektlərinisə dövlət xüsusi xidmətləri qoruyur.
Rusiya baş nazirinin mətbuat katibi Natalya Timakova dərc olunmuş araşdırmanın cavabında bəyan edib ki, “Navalnının materialı parlaq şəkildə ifadə olunmuş seçkiöncəsi xarakter daşıyır, o özü də rolikin sonunda bu barədə danışır”. Onun sözlərinə görə, “hansısa seçkiöncəsi kampaniya keçirdiyini və hakimiyyətlə mübarizə apardığını bəyan edən müxalifətçi və məhkum olunmuş personajın təbliğat yönlü çıxışlarını şərh etmək mənasızdır”.
Rusiya hökumətinin ən fəal müxalifətçilərindən və tənqidçilərindən biri olan Aleksey Navalnı bəayn edb ki, 2018-ci ildə Rusiyanın prezidenti vəzifəsinə namizədliyini verməyə hazırlaşır. O, 2013-cü ildə “Kirovles işi” üzrə beş il şərti cəza alıb. Navalnı özü və tərəfdarları bu işi siyasi sifariş hesab edirlər.