Rusiyadan nağd pulla: ruslar qaçır, Gürcüstan çiçəklənir
Ruslarqaçır – Gürcüstan çiçəklənir
Reuters-in məlumatına görə
Putinin başlatdığı müharibə Avropanı boğarkən, Rusiyanın təzyiqi altında olan kiçik Gürcüstan gözlənilməz iqtisadi bum yaşayır.
Bu il Gürcüstan 100 000-dən çox rusiyalının axınından sonra dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməlidir. Bu insanlar ölkəyə Rusiyanın Ukraynaya təcavüzündən və Vladimir Putin səfərbərlik elan edəndən sonra gəlməyə başlayıblar.
Beynəlxalq təşkilatların hesablamalarına görə, dünyanın əksər hissəsinin tənəzzülə meyl etdiyi bir vaxtda, 3,7 milyon əhalisi olan Gürcüstan, istehlaka əsaslanan bum fonunda 2022-ci ildə 10 faizlik iqtisadi artım qeyd edəcək.
Bu, Gürcüstanın təvazökar 19 milyard dollarlıq iqtisadiyyatının Vyetnam kimi sürətlə inkişaf edən bazarları və Küveyt kimi neft ixracatçılarını qabaqlamasına gətirib çıxara bilər.
Ölkənin ən böyük bankı olan TBC-nin baş direktoru Vaxtanq Butsxrikidze Reuters agentliyinə deyib: “İqtisadi baxımdan Gürcüstanda işlər çox yaxşı gedir.
“Bu, bir bumdur”, – o əlavə edib. – “Bütün sahələr – mikrodan korporasiyalara qədər – çox yaxşı işləyir. Bu il problem yaşanan hər hansı sahə xatırlaya bilmirəm”.
Sərhəd keçidlərinin statistikasına görə, bu il azı 112 min rusiyalı Gürcüstana mühacirət edib. Gürcüstan hökumətinin məlumatına görə, 43 min nəfərlik ilk böyük dalğa fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra gəlib. İkinci axın sentyabrın sonunda, Putin ümummilli səfərbərlik elan etdikdən sonra baş verib.
Gürcüstanın iqtisadi bumu – uzunmüddətli olsa da, olmasa da – iqtisadi cəhətdən böyük qonşudan asılı olan bir ölkə üçün müharibənin dəhşətli nəticələrini proqnozlaşdıran bir çox ekspertləri çaşdırıb.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Beləliklə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mart ayında Gürcüstan iqtisadiyyatına ciddi zərbə olacağını proqnozlaşdırmışdı. Dünya Bankı isə aprel ayında ölkənin 2022-ci ildə artımının ilkin 5,5 faizdən 2,5 faizə qədər yavaşlayacağını bildirmişdi.
AYİB-in Şərqi Avropa və Qafqaz üzrə aparıcı iqtisadçısı Dimitar Boqov deyib: “Ukrayna ilə bu müharibənin Gürcüstan iqtisadiyyatı üçün ciddi mənfi nəticələrinin olacağına dair bütün gözləntilərimizə baxmayaraq, biz bu risklərin reallaşmasını hələlik görmürük.
Əksinə, biz görürük ki, bu il Gürcüstan iqtisadiyyatı ikirəqəmli şəkildə kifayət qədər yaxşı inkişaf edir”.
Lakin bu artım hər kəsə nəsib olmur: on minlərlə rusun gəlişi qiymətləri bahalaşdırıb və bəzi gürcüləri kirayə ev və təhsil kimi sektorlardan sıxışdırıb.
Biznes liderləri də qorxurlar ki, müharibə bitəndə və ruslar vətənə qayıdanda Gürcüstan qaçılmaz olaraq çətinliklərlə üzləşəcək.
- Araşdırma: Aİ Ukraynaya yardım üçün Rusiyanın neft və qazına xərclədiyindən 3 dəfə az vəsait ayırıb
- Gürcüstan parlamentinin spikeri: “Rusiyanın Ukraynaya hücumunu pisləyirik”
- Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
Milyard dollarla Gürcüstana
Gürcüstanın özü 2008-ci ildə Rusiyanın nəzarətində olan separatçı ərazilər – Cənubi Osetiya və Abxaziyaya görə Rusiya ilə qısamüddətli müharibə aparıb.
Bununla belə, Gürcüstan iqtisadiyyatı hazırda Rusiyaya coğrafi yaxınlığının, ruslara və bir çox başqa ölkələrdən olan insanlara Gürcüstanda vizasız yaşamaq, işləmək və biznes açmaq imkanı verən liberal immiqrasiya siyasətinin bəhrəsini görür.
Üstəlik, Rusiyadan qaçanlar özləri ilə pullarını da gətirirlər.
Gürcüstan Mərkəzi Bankının məlumatına görə, aprel-sentyabr ayları arasında ruslar banklar və ya pul köçürmə xidmətləri vasitəsilə Gürcüstana 1 milyard dollardan çox pul köçürüblər ki, bu da 2021-ci ilin eyni ayları ilə müqayisədə beş dəfə çoxdur.
Bu axın gürcü larisinin son üç ilin ən güclü səviyyəsinə qalxmasına kömək edib.
TBC Bankın baş direktoru Butsxrikidze və yerli mediaya görə, gələn rusların təxminən yarısı texnologiya sektorundan gəlir. Bu, on minlərlə İT mütəxəssisinin ölkədən getməsinə işarə edən sənaye sorğuları və təxminlərinə uyğundur.
Tbilisi Dövlət Universitetinin (ISET) Beynəlxalq İqtisadiyyat Məktəbinin baş elmi işçisi David Keşelava deyir: “Bunlar imkanlı insanlardır, varlı insanlardır… Gürcüstana biznes ideyaları ilə gəlirlər və istehlakı kəskin şəkildə artırırlar”.
“Biz gözləyirdik ki, müharibə çoxlu mənfi nəticələrə səbəb olacaq”, – deyə o əlavə edib. – “Ancaq hər şey tamam başqa cür oldu. Müsbət oldu”.
Boş mənzil yoxdur
Yeni gələnlərin təsiri daha çox paytaxtın kirayə mənzil bazarında özünü göstərir, burada artan tələb gərginliyi daha da artırır.
TBC Bankın təhlilinə görə, bu il Tbilisidə kirayə haqqı 75 faiz artıb. Bəzi aztəminatlı insanlar və tələbələr fəalların artan mənzil böhranı adlandırdıqları hadisələrin mərkəzindədir.
19 yaşlı gürcü Nana Şoniya Rusiyanın işğalından bir neçə həftə əvvəl şəhərin mərkəzində ayda 150 dollara mənzil kirayələmək üçün iki illik müqavilə bağlayıb. İyul ayında mənzil sahibi onu evdən qovub və Nana şəhər kənarındakı əlverişsiz əraziyə köçməli olub.
“Əvvəllər işə 10 dəqiqəyə çatırdım. İndi ən azı 40 dəqiqəyə, avtobus və metro ilə getməliyəm və tez-tez tıxaclarda qalıram”, – deyən Nana bazar dinamikasının dəyişməsini yeni gələnlərin artması ilə izah edir.
Hindistandan olan 21 yaşlı tibb tələbəsi Helen Xose yay tətili zamanı kirayə haqqı iki dəfə artdıqdan sonra rəfiqəsinin evində bir ay qalmağa məcbur olub.
“Əvvəllər mənzil tapmaq çox asan idi. İndi isə dostlarımın çoxu getməli olur, çünki bizdən daha çox pul ödəməyə hazır olan ruslar var”, – o deyir.
ISET-dən Keşelava bildirib ki, Gürcüstan universitetləri də bildirirlər ki, xeyli sayda tələbə şəhərdə kirayə haqqını ödəyə bilmədiklərinə görə Tbilisidə təhsillərini təxirə salırlar.
Ruslar qaçır – Gürcüstan çiçəklənir
“Böhran başlaya bilər”
TVS Bankın direktoru Butsxrikidze yeni gələnlərdə Gürcüstan iqtisadiyyatındakı boşluqları doldurmaq potensialını görür.
“Onlar çox gənc, texniki təhsilli və biliklidirlər – bizim üçün və digər gürcü şirkətləri üçün bu, çox faydalı fürsətdir”, – deyə o bildirib.
“Texnologiya bizim üçün əsas problemdir. Təəssüf ki, biz burada ABŞ və Avropanın yüksək texnologiyalı şirkətləri ilə rəqabət aparırıq”, – deyə o əlavə edib. – “Tez bir qələbə üçün bu miqrantlar çox faydalıdır”.
Bununla belə, iqtisadçıların və iş adamlarının müharibənin uzunmüddətli mənfi təsirləri və rusların vətənə qayıtması halında nələrin baş verə biləcəyi ilə bağlı narahatlıqları davam edir.
Gürcüstanın ən böyük daşınmaz əmlak developer şirkətlərindən biri olan Archi-nin baş direktoru Şio Xetsuriani, “Biz yeni gələnlərə əsaslanaraq gələcək üçün plan qura bilmərik”, deyir.
Xetsuriani bildirir ki, hətta kirayə qiymətlərinin artması ilə belə, developer şirkətləri, xüsusən də materialların və avadanlıqların qiymətlərinin artması fonunda mənzil bazarına həddindən artıq investisiya qoymaqda maraqlı deyillər. Onun sözlərinə görə, ev sahibləri artan kirayə haqqını kapitallaşdıra bilsələr də, mənzillərin satışından əldə olunan gəlirin məbləği çox dəyişməyib.
İqtisadçılar həmçinin bumun uzun sürməyəcəyi ilə bağlı xəbərdarlıq edir və Gürcüstan hökumətini imkan daxilində borclarını ödəmək və valyuta ehtiyatları yaratmaq üçün böyük vergi gəlirlərindən istifadə etməyə çağırırlar.
“Biz bilməliyik ki, bu il artımı stimullaşdıran bütün bu amillər müvəqqətidir və gələcək illərdə davamlı artıma zəmanət vermir, ona görə də ehtiyatlı olmaq lazımdır”, – AYİB-dən Bogov deyib.
“Qeyri-müəyyənlik hələ də davam edir və böhran Gürcüstanı müəyyən gecikmə ilə vura bilər”.