Rusiyada çarın şəxsi həyatı haqda film ətrafında böyük qalmaqal
Natalya Poklonskaya II Nikolayın büstünün qarşısında. Foto: Yuri Kozırev / “Novaya qazeta”
Rusiyada “Matilda” filminin nümayişinə başlanıb. Nümayiş iri miqyaslı qalmaqalla, maşınların yandırılması, “Molotov kokteyllərindən” istifadə etməklə hücumlar və kütləvi nümayişlərlə müşayiət olunur.
“Matilda” real tarixi hadisələr – XX əsrin əvvəllərində Rusiya imperatoru II Nikolayın balerina Matilda Kşesinskaya ilə yaşadığı sevgi haqda hekayədir. II Nikolay o zaman hələ evli deyildi.
Mövzunun özü Dövlət Dumasının deputatı Natalya Poklonskaya başda olmaqla bir qrup pravoslav fəalın etirazına səbəb olub. Deputat keçmiş Ukrayna vətəndaşıdır, Krımın ilhaqından sonra bu regionun baş prokuroru vəzifəsinə təyin edilib, daha sonra isə Rusiya Parlamentinin üzvü olub.
Poklonskaya və onun tərəfdarları bəyan ediblər ki, “Matilda” inanclı insanların heysiyyatını təhqir edir, çünki II Nikolay Rusiya Pravoslav Kilsəsi tərəfindən övliyalaşdırılaraq müqəddəslər sırasına daxil edilib.
“Matilda”nın əleyhdarları məhkəmə yolu ilə filmin nümayişinin qadağan edilməsinə nail olmaq istəyib. Bu alınmayanda onlar daha kəskin tədbirlərə keçiblər. “Matilda”nın rejissoru Aleksey Uçitelin studiyasına “Molotov kokteylli” hücum təşkil ediblər. Onun vəkilinin maşınını yandırmağa cəhd göstəriblər. Sentyabrın 12-də Sankt-Peterburqda filmin nümayişinin başlanmasına qarşı xaç yürüşü keçirilib və orada təşkilatçıların bildirdiyinə görə, 20 min insan iştirak edibş
Yandırılmış avtomobillərin yanında “məlumatlar”. Foto: Konstantin Dobrınin / Вконтакте
Artıq iki nəhəng Rusiya kino-şəbəkəsi “Matilda”nın nümayişindən imtina edib və bunun təhlükəsizlik məsələsi ilə bağlı olduğunu açıqlayıb.
Son zamanlar Rusiya sosial mediasında ən çox verilən sual belə səslənir:
nə üçün evli olmayan çarın sevgi hekayəsi haqda film inanclı insanların heysiyyatını təhqir edir, II Nikolayın güllələnməsi haqda əmr verən Leninin Qızıl Meydanda mavzoleydə saxlanması isə təhqir etmir?