Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın “İslam Dövlətinə” maddi yardımı ilə bağlı saxta materiallar yayması ifşa olunub
Rusiya Müdafiə Nazirliyi öz Facebook və Twitter səhifələrindən ABŞ-ın başçılığı ilə koalisiya tərəfindən guya “İslam Dövləti” silahlılarına edilən yardımı təsdiqləyən fotoları silib. “Novaya qazeta” yazır ki, bu, Conflict Intelligence Team (CIT) araşdırmaçı jurnalistlər qrupu Müdafiə Nazirliyinin yaydığı şəkillərin feyk olduğunu bildirəndən təqribən bir saat sonra baş verib.
CIT-in məlumatına görə, bu fotolardan biri əslində smartfonlar üçün AC-130 Gunship Simulator oyununun skrinşotudur, qalanları isə 2016-cı ilin iyununda İraq Müdafiə Nazirliyinin Əl-Fəlucə yaxınlığında İŞİD yaraqlıları ilə atışmasını əks etdirən videolardan kəsilib.
“2017-ci il noyabrın 9-da Rusiya pilotsuz aparatları tərəfindən çəkilən fotolarda Rusiya hava qüvvələrindən və hökumət qoşunlarından qorunmağa çalışan İŞİD silahlı qruplaşmalarının çoxkilometrlik kolonnalarla Əbu-Kəmaldan Suriya-İraq sərhədində Badi-əs-Səbah keçidi istiqamətinə getdikləri əks olunub”, – Müdafiə Nazirliyinin məlumatında deyilirdi. Qurum bildirirdi ki, yaraqlılar üçün dəhlizi koalisiya açıb.
Müdafiə Nazirliyi hələlik dərc olunmuş şəkillərlə bağlı vəziyyəti şərh etməyib.
Xatırladaq ki, yayda CIT prezident Vladimir Putinin amerikalı rejissor Oliver Stouna “öz aviasiyalarının Suriyadakı işi” ilə bağlı göstərdiyi kadrların əslində Amerika aviasiyasının 2013-cü ildə Əfqanıstanda həyata keçirdiyi hücumu əks etdirdiyini aşkarlamışdı.
“Biz diqqətlə baxıb yerə endirilən zərbələrin dinamikasını, vəziyyətini, yayılmasını müqayisə etdik və gördük ki, bu, həqiqətən də Amerika vertalyotunun Əfqanıstandakı işini əks etdirən məşhur videodur. Bu, eynən həmin videodur”, – “Novaya qazeta”ya CIT rəhbəri Ruslan Leviyev danışıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin nümayiş etdirdiyi videonun həqiqiliyini təsdiqləyə bilər. Onun sözlərinə görə, “bunlar həqiqətən də Rusiya Müdafiə Nazirliyinin materialları olub”.