“Pişiklərimi yemləyin, mən də evdə qalım” – Rusiyada internetdə çoxminlik “etiraz aksiyası”
Əsas mənbələr – BBC və Панорама Ростов-на-Дону
Rusiyanın müxtəlif şəhərlərində minlərlə insan küçələrə çıxıb mitinq və etiraz aksiyaları keçirirlər, onlar ya real fövqəladə vəziyyətin elan olunmasını, ya da məhdudiyyətlərin aradan qaldırılaraq, biznes sahələrinin açılmasını və nəqliyyatın hərəkətinin bərpa olunmasını tələb edirlər.
“Bizim yeməyə heç nəyimiz yoxdur!” – ən yayılmış şüardır.
Ən izdihamlı aksiyalar hökumət və bələdiyyə binaları qarşısında keçirilir.
Bu, virtual müqavimət hərəkatıdır. Hər şey internetdə – “google maps”in Rusiya analoqu olan “Яндекс. Карты” və “Яндекс. Навигатор” yol xəritələrində baş verir.
Bu xidmətlər onunla populyardır ki, onlardan yalnız naviqator kimi istifadə etmək yox, eyni zamanda bir növ çat kimi yararlanmaq mümkündür. Burada ən qızğın yazışmalar birlikdə tıxacda qalan sürücülər arasında baş verir.
İndi opsiya insandan hər hansı nöqtədə olmasını tələb etməməsi ilə daha da əhəmiyyətli olub. Onlayn-xəritədə istənilən nöqtəyə teq qoyub, şərhlərini məhz oradan yaza bilərsən.
Və indi burada nəhəng şərh axını və özünütəcrid rejiminə qarşı etirazlar başlayıb.
Niyə insanlar rəsmən fövqəladə vəziyyət tətbiq olunmasını tələb edirlər?
Rusiya şəhərlərində karantin elan olunmayıb. Bunun əvəzinə qanunda nəzərdə tutulmayan anlayış – “özünütəcrid” rejimi tətbiq edilib.
Bu, karantin tətbiq edildiyi zaman insanlara və biznesə kompensasiyalar ödəməmək üçün edilib.
Bununla yanaşı özünütəcrid qaydalarını pozanlara qarşı böyük məbləğdə – min dollara qədər cərimələr tətbiq edilir.
Onlayn etiraz aksiyalarının rəqəmsal dağıdılması
Mitinqlər Rostovdan başlayıb. Yüzlərlə şərh yazılıb, xüsusən də yerli administrasiya binası qarşısındakı “etiraz aksiyasından”:
“İşsiz qalanlar nə ilə dolanmalıdır?!”, “Mənim uşaqlarımı yedizdirin”, “Yemək istəyirik! İş yoxdur!”, “Pişiklərimi yemləyin, mən də evdə qalım!” – onlar yazıblar.
Amma şərhlər sürətlə yox olur. Şərhçilərdən birinin yazdığı kimi Yandex şirkəti “virtual mitinqin rəqəmsal dağıdılması” ilə məşğuldur.
“Yandex. Navigator”un təmsilçisi bildirib ki, yoldakı vəziyyətə aidiyyatı olmayan və söyüş tərkibli şərhlər həmişə moderatorlar tərəfindən silinir.
Amma rostovluların ideyası dərhal digər Rusiya şəhərlərində – Nijni Novqorod, Krasnoyarsk, Krasnodar, Belqorod – bəyənilib və dəstəklənib.
Moskvada isə aksiya birbaşa Qızıl Meydanda, Kreml qarşısında başlayıb. İştirakçılar Tver küçəsi ilə səssiz “yürüş” təşkil ediblər.
Peterburqda etirazçılar Saray meydanında “toplaşıblar”.
Aprelin 24-ə qədər Rusiyada 62,773 koronavirusa yoluxma və 555 ölüm halı qeydə alınıb. Rostov şəhəri və Rostov vilayətində 300 nəfər xəstələnib. Ən çox ziyançəkən paytaxt Moskvadır, orada 34 min nəfər yoluxub.