Rusiya biznesi Suriyadakı işini Cənubi Osetiya vasitəsilə qurur
Cənubi Osetiyadan olan şirkətlər Suriya ilə ticarət qurmaq imkanı əldə edib. Dəməşq Cənubi Osetiyaya şəhərin mərkəzində iki hektarlıq sahədə daimi pavilyon yaradıb, orada öz mallarını təqdim etməyi təklif edib.
“Cənubi Osetiyada qeydiyyatdan keçmiş istənilən müəssisə bu pavilyonda öz mallarını çıxara bilər”, — Cənubi Osetiyanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Vaxtanq Ciqkayev deyib. — “Biz Suriyada işləmək istəyən milli və xarici şirkətlər üçün “vahid pəncərə” rejimi yaratmaq istəyirik”.
Bununla belə, məhz Osetiya şirkətlərinin layihədə iştirak perspektivi çoxlarına şübhəli görünür.
• Rusiya müharibənin getdiyi Şərqi Ukraynanı Cənubi Osetiya vasitəsilə necə maliyyələşdirir
Kiçik Cənubi Osetiyada biznes qismən yerli tələbatları təmin etmək üçün belə kifayət qədər inkişaf etməyib. Suriya kimi böyük və bir neçə il sürən müharibə zamanı darmadağın edilmiş ölkədə iş üçün isə böyük təcrübə və böyük istehsalat həcmləri tələb olunur.
Ekspertlər təxmin edir ki, əslində Suriyada Rusiya şirkətləri işləyəcək, amma proses Cənubi Osetiya vasitəsilə rəsmiləşdiriləcək.
Hər şey haqqında ardıcıllıqla.
Suriya ilə Cənubi Osetiya arasında ticarət mümkündürmü?
Nəzəri cəhətdən Suriya ilə Cənubi Osetiya arasında ticarət əlaqələri mümkündür.
2018-ci ilin may ayında Dəməşq Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və onunla diplomatik münasibətlər qurub. Prezidentlər Bəşər Əsədlə Anatoli Bibilov arasında imzalanan dostluq və əməkdaşlıq haqqında müqavilə ticarət və iqtisadiyyat sahələrində qarşılıqlı münasibətləri nəzərdə tutur.
Kim və nə satacaq?
Cənubi Osetiyanın PEC informasiya agentliyi bildirib ki, “Osetiyanın modul texnologiyaları” agentliyi Suriyanın “Hamsho International Group” holdinqi ilə kommersiya müqaviləsi imzalayıb.
Vaxtanq Ciqkayev deyir ki, Cənubi Osetiyadan Suriyaya yığma konstruksiyalar göndərəcəklər.
Buna qədər o daha bir şirkətin adını çəkir — “Osetiya avtomatikası”.
Bu zaman məlum olub ki, hər iki şirkət Moskvanındır və ancaq indi Cənubi Osetiyada qeydiyyatdan keçir.
•Gürcüstan və Rusiya arasında yük tranziti Abxaziya və Cənubi Osetiyadan keçəcəkmi?
•Cənubi Osetiya parlamentinin spikeri deyir ki, eyni zamanda həm Soros fondu və DTK-ya işləyib
Ciqkayevin özü vəziyyəti bu cür izah edib.
2018-ci ilin sentyabr ayında Cənubi Osetiyanın Ticarət-Sənaye Palatasının nümayəndə heyəti Dəməşq beynəlxalq sərgisində iştirak edib, həmin vaxt da Suriyanın analoji qurumu ilə müqavilə imzalanıb.
“Suriyanın inşaat naziri mənə dedi: “Bizi ilk növbədə, sürətli bina qaldırmaq texnologiyaları maraqlandırır. Orada ölkənin yarısı dəhşətli xarabalıq içindədir. Biz də təbii ki, aydınlaşdırmağa başladıq və belə bir təklif irəli sürüldü: Rusiyada bu cür texnologiyaları olan şirkət var.
Amma şərt belə idi ki, şirkət Cənubi Osetiyanın olmalıdır. Onda da biz [bu şirkətə] bu təkliflə müraciət etdik. Onlar da bizə cavab verdilər: “Biz hətta artıq sual olmasın deyə, Cənubi Osetiyada istehalatı qurmağa hazırıq”, — Vaxtanq Ciqkayev danışıb.
İndi onun məlumatına görə, Cənubi Osetiyada torpaq sahəsi ayrılacaq və burada Rusiya şirkəti “Osetiyanın modul texnologiyaları” müəssisəsi tikəcək. Orada 140 iş yerinin açılacağı güman edilir. Burada məktəb və uşaq bağçalarının yığma konstruksiyaları hazırlanacaq. Cənubi Osetiyadan onları Novorossiysk şəhərinə, oradan da gəmilərlə Suriyaya aparacaqlar.
Məhsulun istehsalına ya 2018-ci ilin axırları, ya da 2019-cu ilin əvvəllərində başlanacağı güman edilir.
Cənubi Osetiyanın Ticarət-Sənaye Palatasının rəhbəri Alan Alborov Suriyanın digər ərəb dövlətləri ilə rüsumsuz ticarət haqqında müqaviləsinin olması və bu zonanın azı 350 milyon nəfərlik bazara çıxışının olmasını respublika üçün xüsusilə perspektivli sayılır.
“Suriyanın 30-40 faiz ərazisini gəzdik və gördük ki, orada böyük dağıntılar var. Suriya hökumətinin isə dəqiq strategiyası var – Suriyanın bərpasında ancaq onun dostları iştirak edəcək: Rusiya, Çin, İran, Abxaziya və Cənubi Osetiya. Başqa ölkələri tikinti prosesinə yaxın qoymaq istəmirlər. Buna görə də bizim bu Yaxın Şərq ölkəsinin bərpasında iştirak etmək üçün unikal imkanımız var”, — Alborov deyib.
Onun müavini Vaxtanq Ciqkayev deyib ki, Cənubi Osetiya Suriya ilə taxtanın satışı ilə bağlı razılığa gəliblər. Bunun üçün də Cənubi Osetiyada Avropa standartları ilə taxtanın istehsalı üzrə zavodun tikintisi planlaşdırılır.
“Biz fıstıq ağaclarını kəsəcəyik, bu da meşələrimizin normal vəziyyətdə saxlanması üçün vacibdir”, — deyə Ciqkayev bildirib.
Amma elə onun sözlərinə görə, zavod üçün əsas xammal Rusiyadan, Sibirdən olan ağaclar olacaq.
Ekspertlər: ehtiyatlı nikbinlik və ironiya
İqtisadçı Vyaçeslav Cabiyev xatırladır ki, hələlik Suriya ilə ticarət kontekstində adları hallanan iki şirkət — “Osetiyanın modul texnologiyaları” və “Osetiyanın avtomatikası” — Sxinvalda bu yaxınlarda yaradılıb və “çox güman ki, Rusiya tərəfi ilə birgə fəaliyyət göstərəcək”.
Bununla belə, o hesab edir ki, istənilən halda “Cənubi Osetiyanın Suriyanın bərpasında iştirakı respublikanın beynəlxalq statusu üçün ciddi addımdır”.
“Vahid Osetiya naminə” Beynəlxalq İctimai Hərəkatın rəhbəri Alixan Xuqayev JAMnews-a müsahibəsində Dəməşqlə Sxinvalın iqtisadi əməkdaşlıq perspektivlərinə skeptik qiymət verib.
“Cənubi Osetiyanın Ticarət-Sənaye Palatasının rəhbərlərinin müsahibəsi ironiya doğurur. Cənubi Osetiya Suriyaya necə kömək edə bilər? Suriyanın əhalisi və sənaye-tikinti potensialı Cənubi Osetiyadan yüzlərlə dəfə çoxdur. Həm də Cənubi Osetiyanın özünün bərpası onlillərlə uzanıb və yenə də Rusiyanın regionlarının tikinti şirkətləri tərəfindən həyata keçirilib.
Həm də mənə elə gəlir ki, Cənubi Osetiyada heç kim qiymətli ağac növlərini kəsməyə imkan verməyəcək. Cənubi Osetiyada olan yeganə şey təbiətdir. Çox güman ki, Ticarət-Sənaye Palatası və onun adından çıxış edən biznesmenlər istədiklərini gerçəklik kimi qəbul edirlər.
Onlar faktiki olaraq, Rusiyanın şərq regionlarında on minlərlə hektar tikinti məqsədilə ağac kəsən şirkətlər üçün dekorasiya kimi çıxış edəcək. Məndə olan məlumatlara görə, Rusiyada özəl şirkətlər xaricə dövlətin özündən daha çox ağac satır”.