Rusiya baş naziri Yerevanda nəyə eyham vurub?
Ermənistanda səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedyevin Rusiyanın 2018-ci ildə Ermənistan üçün qazın qiymətini qaldırmayacağı haqda bəyanatı erməni ekspertləri sevindirməyib.
Onların fikrincə, Ermənistan üçün qazın qiyməti əvvəlki kimi ucuz qalmalıdır, çünki 2013-cü ildə tərəflər “Qaz sazişini” ratifikasiya edib, müvafiq olaraq, Ermənistan 30 il müddətində qazı daxili qiymətlərlə Rusiyadan alacağı ilə bağlı öhdəlik götürüb.
Odur ki, Medvedyevin Ermənistanda səsləndirdiyi bəyanat gələcəkdə Rusiya qazının Ermənistan üçün bahalaşacağı ehtimalı kimi dəyərləndirilib.
“Bir neçə il əvvəl biz bu mübahisəli şərtləri olan başıbəlalı “Qaz sazişini” imzaladığımız zaman Ermənistan hakimiyyəti bildirdi ki, bunun sayəsində uzunmüddətli əməkdaşlığın təməli qoyulacaq və bununla da Ermənistan üçün qaz bahalaşmayacaq.
Amma indi Medvedyev Ermənistana gəlib və biz görürük ki, o, bizim boynumuza bir növ minnət qoyur: Rusiya bu il qazın bahalaşmayacağını bildirməklə bizə hədiyyə edir sanki, halbuki, sazişə əsasən qazın qiyməti 30 il üçün müəyyənləşib”, – Milli Məclisin müxalif “Yelk” fraksiyasından olan deputat Edmon Marukyan deyib.
Deputat qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olanda hakimiyyət yenə bildirirdi ki, bunun sayəsində qazın qiyməti qalxmayacaq. İndi isə məlum olur ki, bu yalan imiş. “Növbəti il qazın bahalaşmayacağına heç bir zəmanət yoxdur”, – Edmon Marukyan bildirib.
“İnformasiyalı cəmiyyət” ictimai təşkilatının sədri Daniel İonasyan hesab edir ki, Ermənistanda qaz yalnız Avrasiya İttifaqı ölkələri ilə müqayisədə deyil, Ukrayna və region ölkələri ilə müqayisədə də bahadır.
“Məsələn, Ukrayna əhalisi üçün iki tarif mövcuddur: biri istilik sistemi üçün, digəri mətbəx üçün. Amma hər iki tarif Ermənistana tətbiq olunan qiymətdən daha ucuzdur. Üstəlik istilik sistemi üçün qazın qiyməti Ermənistana satılanla müqayisədə iki dəfə ucuzdur. Gürcüstan sakinləri 1000 kubmetr qaz üçün 220 dollar, Azərbaycan sakinləri isə 125 dollar ödəyir”, – Daniel İonisyan deyir.