Rusiya azərbaycanlı yumoristi “persona non qrata” elan edib: əslində nə baş verib?
RF hakimiyyətinin qərarı ilə Azərbaycan əsilli yumorist İdrak Mirzəlizadənin Rusiyaya girişi ömürlük qadağan edilib. O, rusları təhqir etməkdə günahlandırılıb. Əslində nə baş verib, Mirzəlizadənin əməli haqda Rusiya və Azərbaycanda nə düşünürlər, hadisə haqda ekspert şərhi.
- Azərbaycanda vaksin növbələri: “X saatı”na bir neçə gün qalıb
- Azərbaycanın Krım Platformasının sammitində iştirak etməməsi nə ilə bağlıdır? – Bakıdan şərh
- Azərbaycanla sərhəddəki insidentdən sonra Ermənistanı İranla birləşdirən yol bağlanıb. Şərh
Nə baş verib?
2021-ci il martın 1-də “Stand-Up Club #1” Youtube kanalının “Razqon” proqramında yumorist İdrak Mirzəlizadə qeyri-slavyan millətlərin nümayəndələrinin Rusiyada kirayə ev tutmaq istədikləri zaman üzləşdikləri çətinliklər haqda zarafatyana danışıb.
Veriliş efirə gedəndən üç ay sonra, 5-6 iyun 2021-ci ildə Rusiya mediası onu xatırlayıb. “Çarqrad” telekanalı, “Dvaç” Telegram kanalı, tele-aparıcı Vladimir Solovyov iki gün ərzində bir-birinin ardınca Rusiya hüquq-mühafizə orqanlarını yumoristi nifaq yaymaq maddəsilə məsuliyyətə cəlb etməyə çağırıblar.
Bir neçə gündən sonra Penza şəhər sakini əlində Mirzəlizadənin “Rus xalqının düşməni!” sözləri yazılmış şəkili tutaraq birnəfərlik piketə çıxıb. Elə hımin günlərdə Moskvada yumorist iki nəfər naməlum şəxs tərəfindən döyülüb və ondan üzr istəməsi tələb olunub.
2021-ci il avqustun əvvəlində Moskva məhkəməsi Mirzəlizadə haqda 10 sutka inzibati həbs qərarı çıxarıb. Yumorist azadlığa çıxmazdan iki gün əvvəl onun həmkarları Moskvada İdraka dəstək konserti keçiriblər.
Avqustun 30-da Rusiya DİN-nin qərarı ilə İdrak Mirzəlizadə ömürlük RF ərazisinə daxil olmaq imkanından məhrum edilib.
Elə həmin gün Mirzəlizadə Türkiyəyə yola düşüb.
İdrak Mirzəlizadə kimdir?
İdrak Mirzəlizadə 17 fevral 1992-ci ildə Azərbaycanın talış milli azlığının kompakt yaşadığı cənub bölgəsində anadan olub. O, özünü talış adlandırır.
Onun valideynlərinin oyadı Əbilovdur, İdrak isə öz xalqının ənənəsinə uyğun olaraq babasını adını – Mirzəli – özünə soyad götürüb.
Onun atası Kəhin Əbilov Belarusda ali təhsil alandan sonra orada qalıb işləyib, sonra isə şəxsi biznesini açıb.
İdrakın 12 yaşı olanda ailəsi Minskə köçüb. Orada orta məktəbi bitirib və Belarus Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
Gənci atası 2020-ci ildə koronavirusa yoluxması nəticəsində vaxtsız vəfat edib.
Rusiyada nə danışırlar?
Sosial şəbəkələrin Rusiya seqmentində istifadəçilər yumoristin Rusiyadan deportasiya olunması qərarını fəal şəkildə müzakirə ediblər. Bir neçə xarakterik şərhi təqdim edirik:
“İlahi, mən zarafatı ciddi qəbul edən bu insanlarla eyni millətdən olduğum üçün necə utanıram. Həm də elə belə zarafat yox, axmaq zarafat! Həyatda nə qədər əzilmək lazımdır ki, bu şouda səslənən sərsəmləmələrə reaksiya verəsən”.
“Kirayə mənzil haqda nöqtəsinə vurub. Az əvvəl kirayə tutmuşam, bundan əvvəlki kirayəçilər əfsanəyə görə yaxşı olublar, nəticədə mənzil o dərəcədə baxımsız idi ki, sanki oranı 10 il yığışdırmayıblar, bir həftə hər yanı yumalı oldum! Odur ki…”.
“Bütün bu hadisələrdən sonra baxdım. Düzü, uşaqların yumoru zəifdir, dinləmək o qədər də maraqlı deyildi. Döşəklə bağlı zarafat rus kimi məni qətiyyən təhqir etmədi, çünki mənasız idi, həqiqətən! Elə kirayə ev tutmaqla bağlı hekayəni də çox darıxdırıcı danışıb. Heyif oğlandan! Məsələ, əlbəttə ki, zarafatda deyil, ölkənin yiyəsinin kimk olduğunu göstərməkdədir”.
Azərbaycanda nə danışırlar?
İdrak Mirzəlizadə haqda azərbaycanlıların çoxu ancaq Rusiya mediasında yumorist tərəfindən “rusların təhqir olunması” haqda mövzu müzakirəyə çıxarılandan sonra xəbər tutub.
Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçilərinin Mirzəlizadəyə Rusiyaya daxil olmaq qadağasının qoyulması qərarına reaksiyası birmənalı olmayıb.
Bəziləri əmindir ki, yumorist heç vaxt özünü azərbaycanlı hesab etməyib, üstəlik anadan olduğu ölkəyə nifrət edir. “Yəqin ki, onun müsahibəsinə baxmısız. O, Azərbaycana qarşı nifrət doludur və müharibə günlərində [2020-ci ilin payızında Azərbaycan və Ermənistan arasında] düşüncələrinə görə ermənilərin sevimlisinə çevrilmişdi”, – Samir Mehdi nikli istifadəçi yazır.
“Yaxşı eləyib deportasiya ediblər. O adi separatçıdır”, – Nigar Əzim nikli istifadəçi əvvəlkini dəstəkləyir.
“Azərbaycan vətəndaşları azərbaycanlı adlanır və onlar üçün ölkəyə giriş və çıxış azaddır. Amma məndən Azərbaycan sərhədində viza tələb edirlərsə, mən azərbaycanlı deyiləm, milliyətim isə talışdır”, – İdrak Mirzəlizadənin düşüncələrinə dəstək verən Mahmud Tahiron bildirib.
Ekspert şərhi
Politoloq Musa Ağayevin fikrincə, İdrak Mirzəlizadə ilə bağlı hadisəni bəzi aşkar səbəblərə görə Rusiya və Azərbaycan arasındakı gərginlik kontekstində nəzərdən keçirmək olmaz.
“Mən əminəm ki, İdrakın ölkədən deportasiyası haqda qərar qəbul edən Rusiya hakimiyyəti onun Azərbaycana münasibəti və vətəndaşlığı haqda məlumatlıdır. Burada məsələ, böyük ehtimalla, RF ərazisindəykən ruslara çəp baxmağa cəsarət edəcək digərlərinin gözünün odunu almaqdan ibarətdir.
20020-ci il referendumunun nəticələrinə əsasən Rusiya Federasiyası konstitusiyasına edilmiş dəyişiklikləri xatırladım. Dəyişikliklər arasında müasir dünya üçün misilsiz olan rus xalqının timsalında “dövləti formalaşdıran xalq” tezisi də yer alıb. Bu xalqın Rusiyada sadəcə yaşama hüququ olan miqrant tərəfindən “təhqir oolunması” bu gün müşahidə etdiyimiz hadisələrə səbəb oldu.
Burada Azərbaycana qarşı növbəti hücum görməyə ehtiyac yoxdur”, – Ağayev JAMnews-a müsahibəsində bildirib.