Rus dili Gürcüstanda “lingua franca” statusunu itirir
Rus dilini uşaqlıqdan anladığıma baxmayaraq, bu dildə danışarkən özümü o qədər də rahat hiss etmirəm. Peşəmlə bağlı (mən politoloqam) dəvət olunduğum rus dilli forumlar, seminarlar və konfranslar zamanı bu narahatlıq hissi bir az da artır. Çox vaxt məhz bu səbəbdən bəzi mədəniyyətlərarası tədbirlərdə iştirakdan imtina edirəm.
Bu mənada mən istisna deyiləm. Bu gün Gürcüstanın 30 yaşdan aşağı əhalisinin böyük hissəsi rus dilini pis bilir.
ACT marketinq təşkilatı tərəfindən 2012-ci ildə aparılan tədqiqatın nəticələrinə görə, Tbilisidə sorğu olunan respondentlərin ancaq 36 faizi bildirib ki, rus dilini mükəmməl bilir.
Əlbəttə ki, bu məlumatlar respondentlərin dil bilgisinin obyektiv indikatoru deyil, sadəcə onların özlərinə verdiyi qiymətin nəticəsidir, bununla belə bu məlumatlar da qalan 64 faizin rus dilinə münasibətdə özlərini rahat hiss etmədiklərindən xəbər verir. Ölkənin rus dili bilgisinin xeyli daha aşağı səviyyədə olduğu regionlardan isə danışmağa dəyməz.
2011-ci ildən başlayaraq, Gürcüstanın ümumtəhsil məktəblərində rus dilinin tədris olunması mütləq deyil. Gürcüstanın milli telekanallarında faktiki olaraq, artıq rus dilinə dublyaj edilən bədii filmlər nümayiş edilmir.
Ölkə əhalisinin ancaq kiçik hissəsi Rusiya kanallarına baxır. Rus dili heç nadir istisnalarla da etnik gürcülərin gündəlik həyatında istifadə olunmur. Düzdür, internetdə, .ge domenində hələ də çox sayda rus dilində səsləndirilən Hollivud filmləri təqdim olunur, amma burada da rus dilini yavaş-yavaş gürcü və ingilis dilləri əvəz edir.
Bu mənada Azərbaycan və Ermənistanda vəziyyətin necə olduğu haqda nəsə deməyə çətinlik çəkirəm, amma kənardan belə görünür ki, bu qonşu ölkələrdə də analoji tendensiya müşahidə olunur.
Fakt odur ki, rus dili artıq “lingua franca (etnik millətlər arası ünsiyyət vasitəsi) kimi yavaş-yavaş Qafqaz regionundan çıxır. Biz bu prosesə mane olmağa çalışmalıyıqmı və qonşularımızla hansı dildə danışmalıyıq?
Rus dilinin populyarlıq sahəsinin daralması faktı bir tərəfdən, qəbul olunandır. Çünki bununla uzun illər boyu rus mədəniyyətinin hissələri kimi qəbul edilən keçmiş sovet respublikaları yavaş-yavaş özəlliyini qaytarır. Bu mühüm prosesdir və regionumuzun ölkələrinə özünü Rusiya və rus mədəniyyətinin törəmələri kimi deyil, müstəqil və özəl mədəniyyətlər kimi təqdim və inkişaf etdirmək imkanı verir.
Amma bu prosesə başqa bir perspektiv nöqteyi-nəzərindən baxsaq, rus dilinin populyarlığının azalması ölkələrimiz arasında kommunikasiya imkanlarının azalmasına gətirib çıxara bilər.
Əvvəllər rus dili Qafqaz regionunda özünə məxsus lingua franca – etnik qruplar arası ünsiyyət vasitəsi, kommunikasiya dili hesab olunurdu.
Qafqaz ölkələri rus dilini unutsalar, bu, onların arasındakı əlaqələrin azalmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində, regionun siyasi, iqtisadi və mədəni inkişafına mənfi təsir göstərəcək. Faktiki olaraq, biz öz qonşularımızla ünsiyyətdə ola bilməyəcəyik. Regionda rus dilinin populyarlaşmasının tərəfində çıxış edənlər məhz bu arqumentə müraciət edirlər.
Əslində isə rus dilinin regionda reanimasiyası ən azı üç səbəbdən səhv addımdır.
Birinci və ən başlıca səbəb: rus dilli məkana qayıtmaq Gürcüstanın milli maraqlarına zidd olduğu üçün gürcülərə zərər yetirəcək.
İkincisi: məhdud maliyyə resursları olan gürcü gəncləri rus yox, ingilis dilinin öyrənilməsinə üstünlük verəcək. Bu, təbii və praqmatik bir seçimdir. Ölkə inkişaf etmək istəyirsə, o mütləq beynəlxalq dilin öyrənilməsini təşviq etməlidir.
Bu gün elmi ədəbiyyatın 90 faizi ingilis dilindədir.
Üçüncü səbəb: ingilis dilinin öyrənilməsi üçün üstün şəraitin yaradılması regionumuzun ölkələrinə ancaq postsovet ölkələri ilə deyil, həm də qalan dünya ilə əlaqələr qurmaq və inkişaf etdirməyə kömək olacaq. Bu gün Qafqaz regionunun beynəlxalq səviyyədə daha fəal siyasi, mədəni, təhsil və iqtisadi əlaqələrə ehtiyacı var. Yeri gəlmişkən, gələcəkdə Rusiyanın siyasi, biznes və mədəni dairələrinin nümayəndələri ilə ingilis dilində ünsiyyət də mümkün olacaq, çünki Rusiyanın özündə də bu beynəlxalq dil yavaş-yavaş populyarlıq qazanır.
Əlbəttə ki, rus dilinin regionumuzda “lingua franca olaraq ingilis dili ilə əvəz edilməsi heç də o demək olmamalıdır ki, biz öz qarşılıqlı münasibətlərimizdə rus dili istifadəsinin mövcud imkanlarından istifadə etməməliyik. Bu, qeyri-praqmatik olardı. Sadəcə, Gürcüstanda və ya Qafqaz regionunun istənilən digər respublikasında rus dilini bilməməyin ayıb olması haqqında stereotipi sındırmaq lazımdır.
Çox vacibdir ki, Qafqaz gəncləri üçün rus dilli tədbirlərlə yanaşı və həm də daha çox ingilis dilli tədbirlər təşkil olunsun. Ermənilərlə və azərbaycanlılarla görüş zamanı biz hələ də müstəmləkə stereotipindən çıxış edərək onlarla ünsiyyətdə rus dilinə üstünlük veririk. İlk növbədə, mən məhz bu yanaşmadan azad olunmağı nəzərdə tuturam.
Bir il əvvəl mən beynəlxalq qeyri-hökumət təşkilatlarından birinin dəvəti ilə gürcü və erməni tələbələri üçün mühazirə oxumalı oldum. Mühazirəni mən ingilis dilində apardım, ondan sonra verilən suallar və bu sualların cavabları da ingilis dilində oldu. Anladım ki, erməni tələbələri ilə bu ünsiyyət mənim onlarla rus dilindəki kommunikasiyamdan xeyli daha səmərəlidir.
Bizim regionda “lingua franca olaraq rus dilinin ingilis dili ilə əvəz edilməsi, xüsusən də bunu labüd edən tendensiyaların təşviqi vacibdir.
Dərc olunub 20.09.2016