Əsl Azərbaycan
Avtobusların öz qanunları, öz ənənələri və “kastalara bölgü”sü var. Bakıya “Koroğlu-Buzovna” marşrutlu avtobusun pəncərəsindən baxırsızsa, deməli, şəhər haqqında təsəvvürünüz öz maşını olan sürücünün təsəvvüründən xeyli fərqlidir.
Qaydalar
“Yeddi yaşdan yuxarı uşaqlara görə gediş haqqı ödənməlidir!” Heç vaxt düşünməmisiz ki, niyə orada “Yeddi yaşdan aşağı uşaqlara görə gediş haqqı ödənməməlidir” yazılmır?
Bir dəfə Rusiyadan gələn qonağımız çox təəccüblənmişdi ki, niyə heç kim sərnişinlərin avtobusda pul ödəyib-ödəmədiyini yoxlamır. Hamı da ödəniş haqqını verir, halbuki elə-belə də avtobusdan düşə bilərdilər. Demək olmaz ki, bizdə hamı bir nəfər kimi vicdanlıdır, sadəcə avtobusda gediş haqqı üçün nəzərdə tutulan 20 qəpiyi oğurlamaq heç kimin ağlına gəlmir. Adət deyil.
BakuBus
BakuBus dəqiq qaydalar dünyasıdır. Sürücü ilə sözləşmək, tum çırtlamaq, harada gəldi düşmək və qapını döymək olmaz. Buna görə də onlardan prinsipial olaraq istifadə etməyən insanlar var.
BakuBus avtobusları əyalətlərdə də olacaqmı? Olacaqsa, sürücülər çətinliklərlə üzləşəcək, çünki hətta mərkəzdə də insanlara başa salmaq heç də asan olmadı ki, avtobusu harada gəldi saxlamaq olmaz və fərqli qapılardan girib-çıxmaq lazımdır. Hələ bir neçə ay əvvəl sürücünün sərnişinləri necə tərbiyə etdiyini eşitmək olardı: “Arxaya keçin, qabaqda yığışmayın, arxa boşdur. Burda niyə yığışmısız axı, elə bil avtobusun arxasında yağış yağır. Onsuz da arxa qapıdan düşməlisiz!”
Mühafizəkar kəndlilərdən heç danışmağa dəyməz.
Məni tapdalamayacaqlar ki?
Azərbaycan mentaliteti özündə iki paradoksal cəhəti birləşdirir. Bir tərəfdən, sizə avtobusda yıxılmağa imkan verməyəcəklər – hamı əlinizdən tutmağa hazırdır, əlillərə yer verirlər və səbirlə pilləkəni qalxmağa kömək edirlər, qocaları adətən sayğı ilə boş yerə əyləşdirirlər. Digər tərəfdən isə bu cür “mehriban” münasibətlərin tərs üzü də var: heç kim sizi itələyəndən sonra üzr istəməyəcək, üstəlik bashabas avtobusda bütün ətrafdakılarla çox yaxın münasibətlərdə olacaqsız.
“Qadın məsələsi”
Qadının Bakı avtobusunda əllənmək şansı nə qədər böyükdür? Bu suala hər bir qadın öz şəxsi təcrübəsindən çıxış edərək cavab verir. Dəqiq statistika olmadığı üçün deyə bilərik ki, belə şeylər baş verir. Özü də tez-tez.
Çox maraqlı bir fenomen də mövcuddur – avtobuslarda “qadın” və “kişi” yerləri mövcuddur. Avtobusun arxa hissəsində “ənənəvi olaraq” kişilər əyləşir, xüsusən də qəsəbələrdə. Qadının orada oturması ədəbsizlik kimi də qəbul edilə bilər. Yenə də demək lazımdır ki, bu qayda həmişə və hər yerdə keçərli deyil, amma tendensiya var və çox geniş yayılıb.
Bir dəfə disput.az saytında Sabirabad sakini əxlaq pozğunluğunun belə bir nümunəsini misal gətirmişdi: “Əvvəllər bizim kənddə hər şey mədəni idi – qadınlar ayrı otururdu, kişilər ayrı. İndi nədir? Oğlanlar qızları qucaqlayır, ağzı sulana-sulana ona baxır. Nə zəmanədir bu!”
Əlində “importnı” pivə parçı ilə pabda rahat oturub xalqın yaşayışı ilə bağlı müzakirələr aparmağı sevənlərə bir məsləhətim var: arabir cipinizi qarajda qoyub, avtobusa minin. Bu, sizin maraqlı qənaətlərə gəlmənizə səbəb olacaq. Siz mərkəzlə əyalət arasındakı fərqi görəcəksiz. İnsanların necə geyindiyini, neçə qadının ağır çantalar daşımağa məcbur olduğunu görəcəksiz.
Kürklü gənc qızlar, südəmər uşaqlı analar görəcəksiz, tələbələrin sessiyanı müzakirə etdiyini və institut barədə heç düşünməyən gənc oğlanların döşəməyə necə tüpürdüyünü görəcəksiz. Orta maaş və orta pensiya alan insanları görəcəksiz.
Əsl Azərbaycan elə bunlardır.