Reabilitasiya mərkəzində 12 gün...
Azərbaycanda sanatoriya-kurort müalicəsi
Hikmət Nazim
Azərbaycanda bəzi imtiyazlı qruplar var ki, onlar vaxtaşırı sanatoriya-kurort müalicəsi almaq hüququna malikdirlər. Bu qruplara birinci və ikinci Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslər, şəhid ailələri, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən, 18 yaşadək əlilliyi müəyyən edilmiş, istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində əlil olmuş şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və s. daxildir.
Bu məqalənin müəllifi sözügedən xidmətin necə həyata keçirildiyini öz təcrübəsində əvvəldən sona qədər izləyib və qələmə alıb.
- Azərbaycan Qızıl Xaç Cəmiyyətini qaçaqmalçılıqda ittiham edir: Laçın yolu tamamilə bağlıdır
- Səfirlikdə terror aktının qarşısı alınıb. Əfqanların Azərbaycandakı sərgüzəştləri
- Söyüdlü hadisələrini işıqlandıran jurnalist polis bölməsində işgəncə gördüyünü açıqlayıb
“Naftalanda müalicə üçün 1 ildən 7 gün az gözləmək…”
Vətəndaş olaraq sanatoriya-kurort və ya reabilitasiya mərkəzlərində göstərilən xidmətlərdən yararlanmaq istəyirsinizsə, rayonlarda qeydiyyatda olduğunuz ünvanda Tibbi-Sosial Ekspert Komissiyalarına, Bakıda isə DOST mərkəzlərinə ən azı 3 ay öncədən növbəyə durmalısınız. Hərçənd çox vaxt yerlərin məhdud olduğu bildirilərək 6 ay sonraya növbə verilir.
…Sonuncu dəfə II dərəcə əlilliyi olan şəxs kimi 17 noyabr 2022-ci il tarixində Naftalanda fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən birində növbəyə durmaq üçün müraciət etmişdim. Cavab olaraq bildirildi ki, bütün yerlər doludur, sistem Naftalan sanatoriya-kurort və reabilitasiya mərkəzlərində ən yaxın tarixə olan növbəni 10 noyabr 2023-cü ilə göstərir. 1 ildən 7 gün az… Yəni bu müddətdə gözləməli idim ki, növbəm çatsın.
Lənkəran dedim, olmadı, Şəki dedim, olmadı. Axırda ən yaxın tarixə növbə Bakıda yerləşən Respublika Reabilitasiya Mərkəzində tapıldı: 22 may 2023-cü il tarixinə… Aşağı-yuxarı 8 ay sonraya. “Buna da şükür” deyib razılaşdım.
Mərkəzə giriş tarixim yaxınlaşdıqca sənəd toplamaqla məşğul idim. Bu şəxsiyyət vəsiqəmin surəti, bu COVİD-19 peyvənd məlumatlarım, bu ağciyərlərin rentgeni… Rentgen müayinəsinin nəticəsini almaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının personalı ilə dalaşdığım anda telefonuma bir zəng daxil oldu:
“Salam, Hikmət müəllimdir?” “Bəli!” “Sizin Respublika Reabilitasiya Mərkəzinə giriş tarixiniz 22 may 2023-cü il olaraq göstərilir. Eyni gündə pasiyentlərin sayı çox olduğu, bir neçə nəfər üst-üstə yazıldığı üçün olarmı sizi 26-sı qəbul edək?”
8 ay azmış kimi, 4 gün də artıq gözləməli idim. Düzü, yolpulu axtarışında olduğumdan, göydəndüşmə fürsət oldu, razılaşdım.
Bir neçə gün sonra eyni nömrədən daha bir zəng gəldi: “Salam, Hikmət müəllimdir?” “Bəli!” “Sizi ayın 26-sı qəbul etməli idik…” Xülasə… Məlum oldu ki, mərkəzdən erkən ayrılanlar olub, çox gözlətmək istəmirlər. Əlillik müavinətim də köçürülmüşdü, razılaşıb yola düzəldim…
“Elə bil, dədələrinin cibindən verirlər”
Səhv etmirəmsə, bu fikri hərbi forma haqqında səsləndirirlər ki, bir geyinəndə sevinirsən, bir soyunanda… Respublika Reabilitasiya Mərkəzinə daxil olanda qapıda duran mühafizə ilə dalaşan növbəni görüb əhvalım korlansa da, “müalicə üçün gəlmişəm” deyəndən sonra qələbəliyi yarıb içəri buraxılanda sevindim. Amma gözüm dəmir barmaqlıqları xatırladan darvazadan o tərəfdə qaldı.
Çarəsiz qələbəliyə tamaşa etdiyimi görüb 10 gündür stasionar qaydada Respublika Reabilitasiya Mərkəzində müalicə alan əlilliyi olan şəxslərdən biri – Əlislam (şərti ad – H.C.) əlil arabasını sürə-sürə yaxınlaşdı: “Elə bil, dədələrinin cibindən verirlər…” Mən yuxudan ayılan kimi oldum: “Bəli?!”
Əlislam birinci Qarabağ müharibəsində yaralanıb. 1993-cü ildən əlil arabasında ölkənin reabilitasiya mərkəzlərində müalicə almaqla məşğuldur. O, qələbəliyin qarşısını almağa çalışan mühafizəni göstərib sözünə davam elədi: “…Onları deyirəm. Elə bil, dədələrinin cibindən verirlər. Misal üçün, o uşağa bax. Anası qolundan tutmasa, yıxılacaq, bunun da pensiyasını kəsərlər?! Kəsmə, qoy, o pula müalicə alsın, bəlkə bir dəyişiklik olacaq…”
Məlum oldu ki, Respublika Reabilitasiya Mərkəzinin yerləşdiyi bina üç korpusdan ibarətdir. Korpusların birində Respublika Reabilitasiya Mərkəzi, digərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət göstərsə də, üçüncü korpusun harada olduğu və nə işlə məşğul olduğunu öyrənmək mümkün olmadı.
O qapıda gözlədilənlər də Tibbi-Sosial Ekspert Komissiyasında təkrar müayinə üçün gələnlər imiş: kimisi rayondan gələnlər idi, kimisi şəhərdən… Hamısının bircə istəyi vardı: əlillik müavinəti.
“Açar yoxdur, otaqların qapısı qıfıllanmır…”
Respublika Reabilitasiya Mərkəzinin yerləşdiyi korpusa daxil olanda müalicə üçün gələn insanları qarşılayan gülərüz personalı gördükcə qələbəliyin halına acıyıb, təlx olan əhvalım yenidən düzəldi. Elə bilirdim, elə belə də davam edəcək. Sənədləşmə və həkim müayinəsi işlərini qaydasına qoyandan sonra ilk gün müalicə olmadığını öyrənib yol yorğunluğumu çıxarmaq üçün otağıma çəkildim.
İki nəfərlik səliqəli otaq idi. Mən otaq yoldaşımla tanış olmağa çalışarkən bir qadın qapını döymədən daxil oldu, üstünü vurmadım. Salamlaşdı: “Sən yeni gələnsən…” Otağı səhmana salıb yatağımı düzəltdikdən sonra çıxdı. Qapını içərindən bağlamaq istəyəndə Sərkər (şərti ad – H.C.) adlı otaq yoldaşım gülümsədi: “Açar yoxdur, otaqların qapısı qıfıllanmır…” Günortaya doğru səhərki qadın tualetin qapısını döymədən açanda anladım ki, bu 14 gün keçməyəcək…
“Yeməyə hər gün toyuq”
Saat 13:00-da nahar başlayır. Qapını açıb dəhlizə çıxanda mətbəxdən gələn qoxular iştahanı açır, ləzzətli ev yeməyi yeyəcəyini düşünüb yeməkxanaya daxil olanda “dietik yemək” adı ilə qabağına qoyulmuş dadsız-duzsuz toyuq-bulqur, toyuq-qarabaşaq, toyuq-düyü, bunların yanında da üç-dörd xiyar və qrama-qram süzülmüş meyvə şirəsi ilə qarşılaşırsan.
Yan masada əyləşən Əlislam qayıtdı ki, “bütün reabilitasiyalarda belədir, bacıoğlu”:
“Mən sağlam adamam, yeyən yerim sazdır, amma hər gün eyni çeşid yeməklə imtahana çəkilirəm. Niyə? Çünki belə istəyirlər…”
Sədi (şərti ad – H.C.) adlı bir başqa pasiyent yan tərəfdən müdaxilə elədi: “Xəstəxana yeməyi necə olmalıdır? Nə verirlər, şükür elə!”
Əlislam dözmədi. “Mən türmədə deyiləm. Hərçənd darvazadan çıxanda iltizam yazıb çıxıram, amma buranın adı “Respublika Reabilitasiya Mərkəzi”dir… Niyə və nəyə şükür etməliyəm? Üstəlik, bunu ciblərindən etmirlər, dövlət bu xidmətlərin göstərilməsi üçün vəsait ayırır, amma məbləği ilə bağlı heç birimizin doğru-dürüst məlumatı yoxdur… Sənin məlumatın varmı?” – üzünü Sədiyə tutub soruşdu.
“Yox… Amma deyirlər, adambaşına 800 manat ayrılır”. “Mən 1200 manat eşitmişəm, – deyə Əlislam əlavə etdi. – Bəs burada 1200 yox, 800 manatlıq xidmət göstərilirmi? Yox…”
Yeməkxanadan çıxanda Aslan (şərti ad – H.C.) adlı biri yaxınlaşdı ki, vaxtın varsa, bir az söhbət edək. Aslan keçmiş hərbçidir. Polkovnik rütbəsi ilə ordudan tərxis olunub. Artıq bir neçə dəfədir reabilitasiya mərkəzlərində müalicə alır. O da reabilitasiya mərkəzlərində göstərilən xidmətdən şikayətçidir:
“Yeməklər həqiqətən zəifdir. I dərəcə əlillərin yanında müşayiətçi olaraq gələnlərə, ümumiyyətlə, yemək vermirlər, amma problem təkcə yemək deyil. Hamı olmasa da, müəyyən qədər adam buranın yeməklərini bəyənməyəndə çıxıb kənardan yemək ala bilər. Bəs özü ilə gətirdiyi iynələri harada vurduracaq?!”
“Necə yəni?” – son sözləri diqqətimi çəkdi deyə, soruşdum. “Bəzi xəstələr evdə vurdurduqları iynələri var ki, onları buranın tibb bacıları vurmurlar. Deyirlər, icazəmiz yoxdur…”
“İnsafən müalicə yaxşı gedir”
Pasiyentlərin yarıdan çoxu şikayətçi idi, lakin biri də qayıdıb soruşmurdu ki, bu nə vəziyyətdir?
Səhər dəhlizdə Respublika Reabilitasiya Mərkəzinin şöbə müdiri Pərvanə Useynova ilə qarşılaşdım. Pərvanə xanımın “salam-kəlam”dan sonra ilk sualı bu oldu ki, müalicə necə gedir, vəziyyətdən razısınızmı, hər hansı bir şikayətiniz yoxdur ki?
Pasiyentlərin müalicədən şikayəti yox idi. Mərkəz stasionar pasiyentlərlə yanaşı, ambulator pasiyentlər də qəbul edir. Respublika Reabilitasiya Mərkəzinə gəlib-gedən pasiyentləri də danışdırdığım üçün deyə bilərəm ki, müalicə yaxşı gedirdi.
Mərkəzin ambulator pasiyentlərindən olan Sadıq (şərti ad – H.C.) adlı əlilliyi olan şəxs bircə ondan şikayətçi idi ki, hər qapıdan içəri daxil olanda və çıxanda kim olduğunu, nə üçün gəldiyini soruşurdular: “Bir dəfə, iki dəfə, üç dəfə… Mən hələ 13-14 gün bura gəlib gedəcəyəm. Nə qədər eyni suala cavab vermək olar?! Qaldı ki müalicə… Müalicə yaxşıdır. İldən-ilə gəlirəm, köməyi dəyir”, – deyə, o əlavə edir.
Şöbə müdirinin suallarına “hər şey yaxşıdır” deyəndən sonra pasiyentlərin suallarını yönləndirməyə çalışdım. “Otaqların qapıları niyə bağlanmır?” sualına cavab olaraq bildirdi ki, bir neçə il öncə reabilitasiya mərkəzlərinin birində pasiyentlərdən birinin halı pisləşib, otağın qapısı bağlı olduğu üçün köməyinə çatan olmayıb: “Yəni bu, bizim aldığımız qərar deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumi qərarıdır”.
Pərvanə xanımın məlumatına görə, agentlik təkcə otaqların qapılarının içəridən bağlanması qərarını deyil, başqa qərarlar da alıb: “Misal üçün, yeməklər qabaq reabilitasiya mərkəzlərində hazırlansa da, indi agentliyin sifarişi ilə kənarda hazırlanıb gətirilir. Reabilitasiya mərkəzini tərk edən xəstənin marketə gedəndə belə iltizam yazması isə onların öz təhlükəsizliyi üçündür. Pasiyentlərin özləri ilə gətirdikləri iynələrin vurulmaması ona görədir ki, biz o dərmanların nə şəraitdə saxlanıldığını bilmirik…” – Pərvanə xanım dedi.
“1 nəfərin 14 günlük yeməyi 438 manat 6 qəpik”
Yazıda ifadə edilən problemlərlə bağlı aidiyyatı qurumlara yazdığımız sorğuya cavab ala bilməsək də, “Dövlət satınalamalarının vahid internet portalı”nda kiçik bir araşdırma zamanı öyrəndik ki, 27.12.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elan etdiyi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması” satınalma predmetinin qalibi Ziyafət İsa oğlu Fərzəliyevdir.
Portalda qeyd olunan məlumata görə, 175.200 nəfərin (156.950 böyük və 18.250 uşaq) hazır yeməyinin satın alınması üçün 2023-cü ilin 12 ayı ərzində Ziyafət İsa oğlu Fərzəliyevin 1.828.536,85 manatlıq təklifinin qəbul olunduğu görünür.
Bu da orta hesabla bir nəfərin bir yemək dəsti üçün 10,43 manat edir. Yəni 2023-cü ilin yanvar ayından dekabr ayına qədər bir nəfərin 14 gün ərzində, gündə 3 dəfə reabilitasiya mərkəzlərində qidalanma xərci 438,06 manatdır.