Rəy: Bakılıları Parisdə təəccübləndirən 7 nəsnə
Göy damlı evlər şəhərində asanlıqla başının üstündə damsız qalmaq mümkündür
Parisdə mənzil kirayələmək çox çətindir. Hətta yerlilər üçün də, daha əcnəbiləri demirəm. Sizdən üç ton sənəd, etibarlı zamin, keçmiş həyatınızda nə işlə məşğul olduğunuz haqda hesabat və səksən səhifəlik müqaviləni qanınızla imzalamağı tələb edəcəklər. Əgər bütün bunlardan sonra quş damı boyda və Ayda ərazi dəyərində mənzil kirayələmiş olsanız, hesab edin ki, bəxtiniz əməlli-başlı gətirib, Severin kilsəsində Müqəddəs Severinin ruhuna şam yandıra bilərsiz.
Qəribə Paris metrosu
Müqəddəs Severin kilsəsinə ən rahat yol metro ilədir. Paris metropoliteni haqda qorxulu hekayələr dolaşır – deyirlər ki, çox təhlükəli və çirklidir. Amma mənə elə gəldi ki, Paris metrosu qorxunc yox, qəribədir. Məsələn, burada “Stalinqrad” [Rusiyanın Volqoqrad şəhərinin köhnə adı. İkinci Dünya Müharibəsinin əsas döyüşlərindən biri bu şəhərin yaxınlığında baş verib] adlı metro stansiyası var. Stansiyalar çoxdur və o qədər bir-birinə yaxın yerləşirlər ki, qatar bir stansiyadan tərpənməmiş, 40 saniyə sonra digər stansiyaya çatır.
Gecələmək mümkün olan kitab mağazası
Parisdə qəzet köşklərində həqiqətən də qəzet satılır (Bakıda isə bu cür köşklərdə qəzetdən başqa hər şeyin satışı mümkündür). Bu şəhərdə kitab mağazaları da çoxdur və onlar Parisin simasına çevrilib. Məsələn, Shakespeare and Company mağazası 1951-ci ildə amerikalı Corc Uitmen tərəfindən açılıb (əvvəlcə mağazanın adı LeMistоral imiş). Bura eyni zamanda Parisin bohem həyatının mərkəzi olub, müəyyən mənada elə indi də bu statusunu saxlayır. Hazırda mağazanın sahibi Uitmenin qızıdır, burada ingilis dilində kitablar satılır, müxtəlif ədəbi mütaliə günləri və təqdimetmə mərasimləri keçirilir, burada kafe də var və pişik yaşayır. Bir də əgər siz yazıçısınızsa burada bir müddət yaşaya da bilərsiz.
Komissar Meqrenin izi ilə
Parisdə indiyə qədər içində tütün piştaxtası və telefon köşkü olan köhnə üslubda kafelər qalmaqdadır. Məşhur detektiv müəllifi Jorj Simenon öz romanlarında məhz bu cür kafeləri təsvir edirdi. Onun qəhrəmanı komissar Meqre apardığı istintaqlar zamanı bir qədəh kalvados və ya şərab içmək, qəlyanı üçün tütün almaq və tabeliyində olan əməkdaşalara dəyərli tapşırıqlarını vermək üçün komissarlığa zəng vurmaq məqsədilə məhz belə kafelərə gəlirdi.
Bu cür ab-havalı kafelərdən biri “Kvebek” Bonopart küçəsində yerləşir.
Bir dəfə ora gecə getdim, bağlanana yaxın və daimi müştərilərin birinin başlatdığı sərxoş davasının üstünə çıxdım. Kinodakı kimi idi: tütün satan qadın piştaxtanın altında gizlənməyə çalışır və yalvarışlı səslə qışqırır: “Jan-Jak, rica edirəm, lazım deyil!”, cüssəli Jan-Jak barı dağıdır, barmen isə polis çağırmağa qaçır. Çox güman ki, indicə komissar Meqre gələcək, başqa necə ola bilər ki?
Nikbin məzarlıq
Məşhur Per Laşez məzarllığı kifayət qədər əyləncəli yerdir. Ən azından, bazar günü burada həyat qaynayır. Gümrah bir dayı məşhur musiqiçilərin məzarlarına ekskursiya təşkil edib, kimsə skamyada oturub kitab oxuyur. Bu məzarlıq daha çox parkı xatırladır. Bircə limonad və şəkər pambığı satılan köşklər çatmır. Bir də ki, siz Per Laşezin möhtəşəmliyi haqda nə qədər çox eşitmiş olsanız da, canlı gördüyünüz zaman yenə də sizi təəccübləndirəcək.
Böyük və balaca qalalar
Eyfel qülləsinin ətəyində və Sena üzərindəki körpü ilə ona birləşən sahədə şəhərin ən naxoş, pinti və narahat yerlərindən biri yerləşir. Bura əllərində selfi çubuğu olan turistlərlə və ucuz Çin suvenirləri (əsasən bunlar qüllənin müxtəlif ölçüdə, rəngdə və cürbəcür materialdan olan maketləridir) satan alverçilərlə qaynayır.
Paris hər halda mövcuddur
Belə bir psixi nasazlıq növü var – “Paris sindromu”. Bu, Fransa paytaxtının açıqcalarda olduğundan çox fərqləndiyini gördüyün zaman yaşanan dərin məyusluqdur.
Parislə bağlı məyusluq yaşamamaq üçün ən yaxşısı əvvəlcədən çox xülya qurmamaq, özünü ən pisə hazırlamaq lazımdır. Buranın il boyu şabalıd ağaclarının çiçək açdığı və akkordeon sədalarının yüksəldiyi ideal sevgi şəhəri olmadığına hazır olmaq vacibdir.
Bu cür köklənib gəlsəniz, anlayacaqsıznız ki, hər şey o qədər də pis deyil.
Əlbəttə, Monmartr artıq çoxdandır ki, bohem məkanıdır, fəlsəfi düşüncəli tələbələr isə çoxdan latın məhəlləsini tərk edib. LaChapelle metro stansiyasında oğlanlar qaçaq Malboro satır, Peqal stansiyası ətrafında isə qaranlıq düşəndən sonra ən yaxşısı dolaşmamaqdır (hərçənd, bu elə həmişə belə olub).
Amma bununla belə, təpədən enən Monmartr pilləkanı gözəldir, şabalıq ağaclarından qopan sarı yarpaqlar səkilərin üzərini bəzəyir, hətta hərdən akkordeon səsi də eşitmək mümkündür.
Xülasə, müasir maqapolisin səs-küylü küçələri və divar qrafitiləri arasında gizlənən “həmin” Paris hər şeyə rəğmən mövcuddur.