Rəssam emalatxanasında yeni il hədiyyələri paradı
Siranuyşun əlindəki fırça parça üzərində cəld hərəkət edir və miniatür naxışlar əmələ gəlir. Rəssam beynində canlandırdığı eskizi ustalıqla kətan üzərinə köçürür. Bu dəfə o, Miladın gəlişini xəbər verən mələyi təsvir edir.
“Şam, zınqırov, yolka və Şaxta Baba təsvir etmək mütləq deyil. Mənim və müştərilərimin ruhuna daha yaxın rəmzlər var, məsələn, nar, alma, həyat ağacı. Onlar məhsuldarlığı, uğuru və bolluğu ifadə edir. Əlbəttə, zınqırovlar, parlaq oyuncaqlar, şamlar – bütün bunlar da ola bilər. Amma mən milli rəmzlərə üstünlük verirəm.
Bu il öz rəsmlərimdə qədim ermənilərin Yeni il tanrısını – Amanor [Amanor qədim erməni dilində Yeni il deməkdir – “am” – il, “nor” – yeni – JAMnews] və qonaqpərvərlik tanrısı Vanaturanı təsvir edir. Demək olar ki, bütün donların üzərinə almalarla və narlarla bəzədilmiş həyat ağacını çəkmişəm. Həmişə də alıcılara Ermənistanda Yeni il bayramı ənənəsində olan rəmzləri izah edirəm”, – Siranuyş deyir.
O öz mənzilini emalatxanaya çevirib və burada Yeni il ərəfəsində hədiyyələr paradı düzənləyir. Bir kənarda ipək şallar, naxışlarla işlənmiş əlbisələr və jaketlər, üzərində Şaxta Baba əksi olan çantalar, taxta yolka oyuncaqları səliqə ilə sıralanıb.
Deyir ki, bayramlara bir neçə ay əvvəldən hazırlaşmağa başlayır, fikirləri, mövzuları, ideyaları beynində səliqəyə salır və işə qoyulur:
“Bayramdan bir gün öncə müxtəlif zallarda Christmas market-lər təşkil olunur, orada bir çox qadınlar elə mənim kimi bişintilərdən tutmuş, bayram bəzəklərinə və geyimə qədər öz işlərini təqdim edirlər. Bu, daha çox əl işimizi satmağa imkan verən bayramlardan biridir. Bu iş bizə sosial problemlərimizi həll etməyə imkan verir. Bir çox qadınlar bu yolla öz ailələrini dolandırırlar”.
Siranuyş ixtisasca tarixçidir. Amma məktəb müəlliminin əməkhaqqısı çox azdır, o öz hobbisi ilə daha çox pul qazanır. Artıq on ildir ki, o parça üzərində rəsm çəkməklə məşğul olur. Bu işi Sankt-Peterburqda öyrənib.
“Bu batikdir, parça üzərində bir damcı su mənasını verir. Batikin vətəni İndoneziyadır. Amma xristianlıqdan əvvəlki zamanda və daha sonra ermənilər də parça üzərində rəsm çəkiblər. Kahinlərin, daha sonra isə keşişlərin geyimləri naxışlarla bəzədilirdi. Batik mənim işimdir, mən bununla yaşayıram”, – Siranuyş deyir.
Əvvəlcə o, ipək parça üzərində çəkir və əl işlərini dostlarına, doğmalarına hədiyyə edirdi. Daha sonra kilsə ilə əməkdaşlıq başladı, onun işlərini bəyənən sərgi zallarından və mağazalardan sifarişlər gəldi. İndi rəssam müxtəlif sərgilərdə, festivallarda iştirak edir, Gənc Qadınlar Assosiasiyasının və Qadın Sahibkarlar İttifaqının üzvüdür. Onun işləri Ermənistanda böyük nüfuza malik olan Qafesçyan İncəsənət Mərkəzində saxlanılır.
Siranuyş üzərində yeni illə bağlı rəsmlər olan əlbisələri və pencəkləri səliqə ilə yığır – növbəti satış sərgisinə hazırlaşır. Bir ay ərzində o, 30 paltar, həmçinin çoxlu çanta, şərf, yolka oyuncaqlarını naxışlayır:
“Mən cəld işləyirəm, amma çox vaxt boyanın qurumasını gözləmək lazım olur ki, üzərindən növbəti qatı getmək mümkün olsun. Rəsmi beynimdə cızıram, sonra çəkməyə başlayıram. Əvvəlcədən kağızda eskizlər eləmirəm. Və çalışıram ki, bütün alıcıların tələblərini ödəyim. Küçədə kimisə əllərimlə bəzədiyim paltarda görəndə isə özümü güclə saxlayıram ki, “ura, bu mənim əl işimdir!” deyə qışqırmayım”.