“Qulağı, zövqü şikəst nəsil yetişdiriblər”. Cavanşir Quliyev “arzuolunmaz” mahnılar siyahısı haqda - VİDEO
“Arzuolunmaz” mahnıların siyahısı yayılıb
Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi pis vərdişləri, əxlaqsız həyat tərzini təbliğ edən, aqressiv hərəkətləri və intiharı təşviq edən 100-ə yaxın mahnının siyahısını təqdim edib. Bu xəbər dərhal sosial şəbəkələrdə ən çox müzakirə olunanlardan birinə çevrilib. Siyahıdakı mahnıların müəllifləri və müğənnilərin özləri yaradıcılıq azadlığını təmin edən ölkə konstitusiyasına istinad edirlər.
- Şəraitdən şikayət edən uşaq evi sakini ətrafında hadisələr ciddiləşir
- Tbilisidə etiraz aksiyaları nəticəsində həbs olunan Lazar Qriqoriadisin hüquqları pozulub – müstəqil vəkillər
- İran Azərbaycanda nəyə nail olmaq istəyir? Bakıdan şərh
Sözləri ədəbi tələblərə cavab verməyən “arzuolunmaz” mahnıların siyahısına yüzə yaxın hit daxil edilib. Bu mahnılar müəyyən bir dinləyici dairəsi arasında geniş yayılıb və çox vaxt ən populyar video hostinq saytlarının top siyahılarına daxil olur.
Ciddi musiqiçilər və bəstəkarlar bu mahnıları “diqqətə layiq olmayan” hesab edərək şərh verməkdən çəkinirlər.
Azərbaycanda Dövlət Dil Komissiyası formal olaraq mövcud olan, ölkə əhalisinin əksəriyyətinin fəaliyyətindən xəbəri olmayan strukturdur.
Komissiyanın yeni tərkibi 2017-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilib. Komissiyaya ölkə prezidenti rəhbərlik edir. Bu komissiyada onun müavinləri arasında vitse-prezident Mehriban Əliyeva və Yazıçılar Birliyinin sədri Anar da var.
Komissiya yanında Monitorinq Mərkəzi 2019-cu ildə yaradılıb. Mərkəzin vəzifələrinə televiziya və radio verilişlərinin, çap və onlayn nəşrlərin ədəbi Azərbaycan dilinə uyğunluğunun monitorinqi daxildir.
Mahnıların monitorinqini bu mərkəzin ilk ictimai və rezonanslı monitorinqi adlandırmaq olar.
Müğənni konstitusiyaya istinad edir
Mahnısı “arzuolunmazlar” siyahısına düşən müğənni Günay İbrahimli dərc olunan monitorinq nəticələrinə etirazını bildirib.
“Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm.
Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamı və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünə qəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olması mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm.
Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, “ziyalı”, guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi, mənim “O kimdi ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya özünə qəsd etmə səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı?
O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm”, – müğənni Facebook səhifəsində yazıb və xatırladıb ki, ölkənin əsas qanununun 51-ci maddəsi yaradıcılıq azadlığına təminat verir.
Ekspert şərhi
Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “arzuolunmaz” mahnılar siyahısının dərcinə münasibət bildirib:
“Biz neçə il öncə bu barədə deyəndə, danışanda deyirdilər qısqanclıq edirik. İllərlə mən və həmkarlarım bu barədə yazdıq, xahiş etdik ki, millətin zövqünü korlamayın. Dedik efirlərə verməyin. O zaman internet yox idi. Dinləyən olmadı, elə bildilər qərəzli niyyətimiz var. Təbliğ olundu.
İndən belə bu nəslə keyfiyyətli musiqi dinlətmək mümkün olmayacaq. Biz çox deyirdik, axırı pis olar, pis olar, oldu. Qorxduğumuz başımıza gəldi.
İndi daha qadağalarla, efirdən çıxarmaqla öhdəsindən gələ bilməyəcəklər. İndi televizora baxan, radio dinləyən az sayda adam var. Hamının əlində telefon, internet vasitəsilə istədiyini dinləyə bilər. İnternetə qadağa qoymaq isə siyasi hadisə olardı.
Mən bir şeyə yanıram ki, bizi illərlə dinləmədilər. Günah təbliğat vasitələrində, konsert təşkilatlarındadır. Onlar artıq qulağı, zövqü şikəst nəsil yetişdiriblər. Bu nəslə artıq yaxşı musiqi dinlətmək mümkün deyil. Gərək gözləyək ki, 40-50 il sonra yeni gələn nəsillər zövqü sağlam nəsillər olsunlar. Onu da əgər indi başlayıb, tərbiyə edə bilsələr”, – Cavanşir Quliyev bildirib.
Sosial şəbəkələrdəki şərhlər
“Narkomaniya və intiharı təbliğ edən” mahnıların siyahısının yayılması sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
Bəzi xarakterik şərhlər:
“Birdən müğənnilərin yadına konstitusiyanın maddələri düşdü ki, orada müəyyən azadlıqlar verilir. Onilliklər ərzində müxalifət və müstəqil mətbuat konstitusion hüquqlarının pozulmasından danışanda həmin “sənət adamları” onlara dəstək vermədi. Deyirdilər, bunun bizə aidiyyatı yoxdur, biz öz işimizi görürük.
Amma indi bu onlara da təsir edib. Bu o deməkdir ki, ölkədə hansısa bir qrup insanların hüquqları pozulursa, digər qrupların da hüquqlarının tapdanacağı gün uzaqda deyil. Bu qaçılmazdır”.
“Belə müğənniləri, belə mahnıları efirə buraxan adama ayıb olsun yazmaq istəyirdim, amma birdən yadıma son günlərin səs-küylü təyinatı düşdü. Axı bizim kənd təsərrüfatı nazirini Ali Məhkəmənin sədri təyin ediblər. Başqa sözlə, yüksək ixtisaslı hüquqşünas “təcrübə” üçün aqrar sahəyə göndərilib. Belə çıxır ki, bu müğənniləri də efirə “təcrübə” üçün göndərirlər, bəlkə elə onlardan da nəsə çıxdı”.