11 quberniya - Azərbaycanda ərazi bütövlüyü üçün riskli islahat?
Azərbaycan parlamentinin deputatı ölkənin mövcud inzibati-ərazi bölgüsünün islahatı təklifi ilə çıxış edib. Onun sözlərinə görə, 11 quberniyanın yaradılması büdcə vəsaitinə əhəmiyyətli dərəcədə qənaət etmək imkanı verəcək. Opponentlər unitar dövlətin bütövlüyünün pozulması riski ilə bağlı xəbərdarlıq edirlər.
• “Əsas instinkt” – Rusiya XİN-i Serbiya prezidentini necə təhqir edib?
Milli Məclisin üzvü Vahid Əhmədov Azərbaycanın inzibati-ərazi bölgüsünün tam islahatını təklif edir. Ölkənin əhəmiyyətinə görə ikinci şəhəri olan Gəncənin tərkibindəki iki şəhər rayonunun ləğv edilməsi haqda söhbətlər bu təşəbbüs üçün səbəb olub.
Mövcud inzibati bölgüyə əsasən, Azərbaycan 63 rayon, 14 respublika tabeli şəhər, 14 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənddən ibarətdir.
Deputatın sözlərinə görə, hər rayonun icra hakimiyyəti başçısı və onun aparatının maliyyələşdirilməsi ölkə büdcəsi üçün ağır yükdür. Daha böyük quberniyalara bölgü vəziyyətdən çıxış yolu ola bilər – o belə hesab edir.
“Misal üçün, şimal zonasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları var. Bu rayonlar məsafə baxımından bir-birinə çox yaxındır. Bu qədər parçalanmağa ehtiyac yoxdur. Bəhs etdiyim rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər”, – Vahid Əhmədov deyib.
Parlament üzvü icra hakimiyyətlərinin bəzi səlahiyyətlərinin yerli bələdiyyələrə verilməsini təklif edir və “bu sxemin çoxdan özünü doğrultduğu” qonşu Türkiyəni misal gətirir.
Deputatın bəyanatı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirə olunur, onun fikriylə razı olanlar da çox deyil. Bir neçə xarakterik şərh:
“Düşünürəm ki, bu, çox təhlükəli fikirdir. Ölkənin iri əyalətlərə bölünməsi unitar dövlət bütövlüyü üçün riskə səbəb ola bilər”.
“Bu quberniyaları bəs necə adlandıracağıq Əgər ən böyük rayonun adı ilə adlandırılsa, digərlərinin əhalisinin xətrinə dəyəcək”.
“Bəs siz quberniya mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrinin sakinlərinin üzləşəcəkləri problemlər haqda düşünmüsüz? Bütün bunları yaxşı düşünmək lazımdır”.