Qubad İbadoğlunun işi üzrə istintaq 13 ay davam edəcək
Qubad İbadoğlunun işi – polis nəzarəti
Müxalif siyasətçi, iqtisadçı alim Qubad İbadoğlunun işi üzrə istintaq müddəti yenidən uzadılıb. Eyni zamanda barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək o, polis nəzarətinə keçib. İndi o, ölkə daxilində səyahət edə bilər, ancaq polisə əvvəlcədən xəbər vermək və getdiyi yerdə yerli polis şöbələrində qeydiyyatdan keçmək şərtilə.
- Azərbaycanın strateji balansı nə deməkdir? Ekspert şərhi
- Avropa Məhkəməsi Azərbaycanı üç iş üzrə 14 700 avro cərimələyib
- “Onlar Azərbaycanı günahlandırmağa gecikməyəcəklər”. İran prezidentinin vertolyotunun qəzaya uğraması ilə bağlı Bakıda nə danışırlar?
Qardaşı Qalib Toğrulun bildirdiyinə görə, İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb. Onun sözlərinə görə, İbadoğlu həbsdə olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı məhkəmə yox, istintaq orqanı qəbul edib.
Toğrul qeyd edib ki, qanunvericiliyə əsasən İbadoğluya qarşı ittiham maddələri üzrə istintaqın maksimal müddəti 12 ay ola bilər və yalnız baş prokurorun təqdimatı ilə daha 1 ay uzadıla bilər.
“Belə də oldu”, – siyasətçinin qardaşı deyib. O qeyd edib ki, İbadoğlunun işi üzrə istintaqın ümumi müddəti 13 ay olacaq.
Bununla yanaşı, aprelin 22-də ev dustaqlığı ilə bağlı qəbul olunmuş qərar polisin nəzarətinə verilmə ilə dəyişdirilib. Bununla əlaqədar dünən İbadoğlunun ayağından elektron bilərzik çıxarılıb. Bu, İbadoğlunun müayinələrdən – kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasından keçməsinə imkan verəcək.
Bu günlərdə Qubad İbadoğlu rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətini dayandırdığını bəyan edib.
Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, bu partiya dövlət qeydiyyatından keçə bilməyib. 2023-cü ilin əvvəlində qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanuna əsasən, partiyalar rəsmi qeydiyyatdan keçmədən fəaliyyət göstərə bilməzlər. Bir partiyanın qeydiyyata alınması üçün ən azı 5 min üzvü olmalıdır (əvvəl cəmi min üzv kifayət edirdi).
Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ümumi rəyinə görə, bu qanun “ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar ehtiva edir”.
Qubad İbadoğlu bu qanunun qəbulundan sonra partiyasının nümayəndələri üçün arzuolunmaz nəticələrə yol verməmək üçün mərkəzi icra strukturlarının buraxılması və təyin olunmuş rəhbərlərin fəaliyyətinə xitam verilməsi haqqında sərəncam imzalayıb və bütün məsuliyyəti öz üzərinə götürüb.
Bir həftə əvvəl, mayın 15-də Q.İbadoğlu partiyanın fəaliyyətinin tamamən dayandırıldığını elan edib.
İqtisadiyyat professoru Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Daha sonra bu müddət üç dəfə uzadılıb.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyatı yoxdur və polislər “aşkarladıqları” pulu özləri onun ofisinə yerləşdiriblər.
Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Bir müddət sonra Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda yaşayan və işləyən daha bir iqtisadçı alim Fazil Qasımovu saxlayıb Azərbaycan hökumətinə təhvil veriblər. Rəsmi məlumata görə, o, Qubad İbadoğlunun işi üzrə həbs edilib və ona da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Aprelin 22-də müxalif siyasətçi Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Amma İbadoğlu sona qədər mübarizə aparmaq və cinayət təqibinin dayandırılmasına nail olmaq niyyətində olduğunu bildirib.
Bu iş beynəlxalq aləmin diqqətini cəlb edib, ABŞ və Avropadan olan siyasətçilər, alimlər və insan haqları təşkilatları Bakını İbadoğluna qarşı ittihamları ləğv etməyə və onun təqibini dayandırmağa çağırıb. Bir sıra hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.