Qroznıda qəzaya uğrayan AZAL-ın təyyarəsi tam saz vəziyyətdə olub - HESABAT
AZAL təyyarəsinin qəzası haqqında hesabat
2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau hava limanı yaxınlığında Bakıdan Qroznıya (Çeçenistan, Rusiya) uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatı açıqlanıb.
İstintaq 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılır.
İndiyədək mətbuatda təyyarənin Ukrayna pilotsuz təyyarələrinin hücumuna qarşı mübarizə aparan Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən atəşə tutulduqdan sonra Rusiya Federasiyasının Qroznı, Çeçenistan səmasında vurulması barədə xəbərlər yayılıb. Daha sonra təyyarə Aktauya yönləndirilib, lakin hava limanına çatmayıb və qəzaya uğrayıb. Üç ekipaj üzvü – kapitan, ikinci pilot və baş stüardessa, həmçinin 35 sərnişin həlak olub. 29 nəfər sağ qalıb.
Hesabatda nə deyilir?
53 səhifəlik hesabata görə, təyyarə 2024-cü il dekabrın 25-də səhər tezdən Qroznıya yaxınlaşarkən bir-birinin ardınca bir neçə saniyə ərzində iki xarici təsir qeydə alınıb. Bu, avtopilotun bağlanması siqnalını işə salıb və hidravlik sistemlərdən birində təzyiq və maye səviyyəsi sıfıra enib.
Bu zaman təyyarə Qroznı üzərində səmada olub və eniş etməyi planlaşdırıb, lakin aviadispetçerlərdən icazə ala bilməyib.
Təyyarənin ekipajı dispetçerlərə quşlarla toqquşduqlarını və salonda oksigen balonunun partladığını bildirib. Komandir təcili eniş üçün Qazaxıstanın Aktau şəhərindəki alternativ hava limanına yollanmaq qərarına gəlib, lakin orada yerlə toqquşma nəticəsində təyyarə partlayıb və qismən yanıb.
“Sağ qalan fraqmentlərə ilkin baxış zamanı gövdənin quyruq hissəsində, şaquli və üfiqi stabilizatorlarda, yüksəklik və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxlu sayda dəlib keçən və kor zədələr aşkar edilib. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissə və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədə normal düzbucaqlı formaya malikdir”, – məlumatda deyilir.
Azərbaycan Nəqliyyat Nazirliyinin şərhi
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190-100 IGW sərnişin təyyarəsi Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) J2-8243 müntəzəm reys həyata keçirib.
Təyyarəyə Qroznıya enməyə icazə verilməyib və Qazaxıstanın Aktau hava limanına yönləndirilib, lakin hava limanına yaxınlaşarkən qəzaya uğrayıb.
“İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilmişdir”, – nazirliyin məlumatında deyilir.
Azərbaycandan Avropa Məhkəməsinə edilən şikayətlər son iki ildə az qala iki dəfə artıb
Qusarda terrorçulara qarşı əməliyyat keçirildiyi haqda rəsmi məlumat yayılıb
Tbilisidə minlərlə nümayişçiyə qarşı zorakılıq və həbslər. Foto və video
Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb.
Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir.
Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir.
Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib.
Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak ediblər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçiriblər.
Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıblar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunub.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib.
İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat h azırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanıb”, – nazirliyin məlumatında deyilir.