Qorxu - əlacı çildağ olan diaqnoz kimi
Çildağ Bakı kəndlərində populyar olan xalq təbabəti növüdür. Bu, közlənən pambıq və ya parça ilə bədənin müəyyən nöqtələrinə dağ basmaqla “qorxunun götürülməsi” metodudur.
• Çöpçünün qəbulunda əslində nələr baş verir?
• Azərbaycansayağı möcüzə biznesi
Xalq arasında çildağçıya getmək üçün əsəb sisteminə aid istənilən simptom səbəb ola bilər – əsəbi tikdən tutmuş panik ataka qədər. “Qorxunun müalicəsi” falçı və cadu-pitiçilərə müraciət etməkdən daha populyardır. Çıldağçılar özləri deyirlər ki, çildağın falçılıqla, cadu ilə heç bir əlaqəsi yoxdur, bu, “qorxu zamanı tutulmuş sinir sisteminin” yenidən bərpa edilməsidir.
Azərbaycanda həkimlər hesab edirlər ki, əsas təhlükə dəqiq diaqnozla peşəkarların yanında mümkün olan müalicənin çildağla əvəz edilməsindən ibarətdir. Çildağçılar isə deyir ki, həkimlər özləri xəstələri onların yanına yönləndirirlər.
Çildağçıların qanunla münasibətləri də Azərbaycandakı digər xalq təbabətçilərinin münasibəti kimidir: onların əməlləri yalnız nəticədən narazı olan müştərilərin məhkəməyə müraciətindən sonra dələduzluq kimi qiymətləndirilə bilər. Amma belə hal baş vermir.
Maştağa qəsəbəsində yaşayan Şıxəli artıq 15 ildir ki, çildağçılıqla dolanır. Onun atası, babası və yeddi arxa dönəni bu sənətlə məşğul olub, indi isə ailənin bütün kişiləri bu işi görür.
Nəslin böyük evini “çildağ ocağı” adlandırırlar. Burada müalicə prosesi uzun illərdir öz axarı ilə gedir. Xidmətin dəqiq müəyyən olunmuş qiyməti yoxdur, “pasiyent” istənilən məbləği qoyub çıxa bilər, heç pul ödəməyə də bilər.
“Bir gün gecənin bir vaxtı gördüm ki, qapı möhkəmcə döyülür və kimsə qapının ağzında bağırır. Əvvəl elə bildim hansısa heyvandır, evə hücum çəkib. Açdım gördüm ki, bir ailədi, yanlarında da cavan oğlan bağırır. Valideynləri dedi ki, hərbi xidmətdən gələndən sonra belə hallar baş verir. Başladım onu çıldağ etməyə. Yoldan mənə zəng etdilər ki, artıq sakitləşib”.
Şıxəli deyir ki, qorxu dərəcəsindən asılı olaraq dağ basılası nöqtələrin sayı dəyişir – 1,7 və 40 nöqtəyə dağ basmaq olar – 40 artıq ən ağır hallar üçündür.
“Bir dəfə də bir adam maşın qəzasından sonra bərk qorxmuşdu. Qorxa-qorxa danışırdı, bəzən isə heç danışmırdı, eləcə susub baxırdı. Baxan kimi dedim ki, bu adamın qorxusu daha ağırdı. Atamı çağırdım, çünki məndən daha təcrübəli və peşəkardı. Atam onu 40 dəfə çıldağ etdi, bütün qorxuları getdi və danışmağa başladı”.
Şıxəlinin fikrincə, həkimlər ona görə çildağı qəbul etmirlər ki, “qorxmuş adamlara” çoxlu dərman yazmaqla yaxşı pul qazanırlar, halbuki, çildağçı ən uzağı üç-beş manata kömək edə bilər.
“Kimsə bura gəlir, deyir ki, bircə övladım sağalsın, qurban deyirəm, gətirib kəsəcəm. Sonra bir müddət keçir, görürəm kimsə gəlib qapıya, qurban kəsmək istəyir. Mən də unuduram çox vaxt bu adamları”.