QHT: Gürcüstanda prezident seçkisinin legitimliyi sual altına düşə bilər
Bəzi məlumatlara görə, hakimiyyət saxta şəxsiyyət vəsiqələri çap edir ki, prezident seçkilərinin ikinci turunu hökumətyönlü namizəd Salome Zurabişvilinin xeyrinə saxtalaşdırsın – bu gün Gürcüstanın üç ən nüfuzlu qeyri-hökumət təşkilatı bu bəyanatla çıxış edib.
Mətbuat konfransında bildirilib ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bir əməkdaşı QHT nümayəndələri ilə əlaqə yaradaraq ikinci tur üçün şəxsiyyət vəsiqələrinin çap edildiyini deyib.
“Mənbənin məlumatına görə, bütün sənədlər bir adama beş şəxsiyyət vəsiqəsi düşəcək sxemlə çap olunacaq və bu durumda fotolar eyni, digər məlumatlar isə müxtəlif olacaq. Daha sonra müvafiq siyahı məntəqələrdə və dairələrdə yayılacaq”, – Gürcüstanın Gənc Hüquqşünasları Assosiasiyası QHT-nin üzvü İrma Pavliaşvili bəyan edib.
Proseslə şəxsən Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin şefi Soso Qiorqadze məşğul olur – mənbə bildirib.
Üçüncü sektor gələcək seçkilərin legitimliyini sual altına qoyacaq cinayət əməlinin əlamətləri haqda söz açır.
Ədalətli Seçkilər, Gürcüstanın Gənc Hüquqşünasları Assosiasiyası qeyri-hökumət təşkilatları və həmçinin Transparency International Georgia beynlxalq təşkilatı prokurorluğu saxta sənədlərlə bağlı informasiyaya reaksiya verməyə çağırıb.
Qeyri-hökumət təşkilatlarının bəyanatına artıq Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən cavab verilib. Agentliyin direktoru Soso Qiorqadze QHT tərəfindən səslənən ittihamları “eşidilməmiş absurd” adlandırıb və “fakt təqdim etməyə” çağırıb.