Qarabağlı qaçqın xalçalar
Qarabağ xalçaları Azərbaycan xalçaçılığının dörd klassik “məktəblərindən” birinə aiddir. Qarabağ müharibəsindən sonra bu xalçalar məcburi köçkün vəziyyətinə düşüb, hazırda Bakıda və ölkənin digər şəhərlərində “yaşayırlar”.
Bakı Xalçaçılıq Muzeyində bu balaca xalını sizə başqa möhtəşəm xalçalardan əvvəl göstərəcəklər. Onun cəmi 47 yaşı var, heç əntiq də deyil. Görkəmindən isə 300 yaşında görünür. “Doğum tarixi” aşağısında yazılıb – 1971-ci il, azərbaycan dilində “Oğlumun doğum gününə” yazısı da var.
“Naxışlarına görə bu xalını Ağdam qadınlarından biri öz oğlu üçün toxuyub”, – bələdçi qız danışır. – “Görünür ki, xalı həmin ailənin evində olub, müharibədən sonra isə nə cürsə qərbə gedib çıxıb. Bizim Los-Ancelesdə yaşayan soydaşımız da onu hərracda görüb və alıb, sahiblərinə qaytarmaq qərarına gəlib. Təəssüf ki, sahibini tapa bilməyib, odur ki, xalı bizə gəlib çıxıb. Bu, bizim ekspozisiyamızın ən maraqlı nümunələrindən biridir – bədii dəyəri üzündən yox, məhz özündə ailə hekayəsini yaşatdığı üçün”.
Ən çiçəkli xalçalar
Qarabağ xalçalarının ən əsas fərqləndirici xüsusiyyəti əlvan rəngləri və bitki naxışlarıdır. Bu xalçalarda bir qayda olaraq, iri çiçəklər açır, ya da ən azından üzərində al qırmızı başda olmaqla ən müxtəlif rənglər parlayır.
Bu ümumi əlamətlərdər. Daha diqqətli baxdıqda isə onlarla müxtəlif kompozisiya saymaq mümkündür, onlardan çoxu bu naxışın ən çox yayıldığı ərazinin adını daşıyır.
Xalçaların özü dörd qrupa bölünür: medalyonsuz, medalyonlu, namazlıqlar (namaz qılmaq üçün xüsusi xalılar) və süjetli.
Bir də Qarabağ xalçaları dənə ilə yox, dəstlərlə toxunurdu. Qarabağ evlərində otaqlar bir qayda olaraq böyük, geniş olurdu, buna görə də bütün otağın yerini döşəmək üçün beş xalçadan – “gəbədən” ibarət dəst toxuyurdular.
Xalçaçılıq Muzeyində 18-19-cu əsrlərə aid tipik Qarabağ otağının nümunəsi yaradılıb, bu cür xalçalar döşənib, məişət əşyaları, mebel düzülüb, divarlara da xalçaların naxışları ilə ahəng təşkil edən bəzəklər həkk olunub. Əlbəttə ki, yaradılmış otaq natural həcmdə deyil, amma çox rahat alınıb. Bilən adamların söylədiyinə görə, tam həqiqətə uyğundur.
Qaçqın muzey
Bu gün Qarabağ xalçaları azərbaycanlılar və ermənilər arasında daha bir mübahisə səbəbinə çevrilib. Azərbaycan toxucuları, tarixçiləri, tədqiqatçıları və xalçaçılıqla əlaqəsi olan digər şəxslər erməni tərəfini Qarabağ xalçalarını mənimsəməkdə, satışında və erməni xalçaları adı altında təqdim etməkdə günahlandırırlar. Erməni tərəfi də eyni cavabı verir, yəni azərbaycanlıları eyni şeylərdə ittiham edir. Nəticədə Azərbaycan və Ermənistan digər məsələlərdən savayı bu mövzuda da informasiya müharibəsi aparır.
Digər Qarabağ xalçalarından ayrı, muzeyin başqa mərtəbəsində “qaçqınlar” – Qarabağda, Şuşa şəhərində 80-ci illərin ortalarında açılmış filial məskunlaşıb. Bu filialın ömrü uzun olmayıb, müharibə başlayandan sonra, 1992-ci ildə şəhərdə vəziyyət hədsiz pisləşən zaman muzey administrasiyası sürücülərlə razılaşaraq, gecə yarısı fənərləri belə yandırmadan çıxara bildikləri hər şeyi – demək olar ki, bütün xalçaları, zərgərlik əşyalarının çoxunu və tikmələri Bakıya daşıyıblar. Çox ağır və çətin daşınan mis qab-qacağı apara bilməyiblər. İndi Şuşa filialı Bakı Xalçaçılıq Muzeyində “ömür sürür”.
Qarabağ xalçaları Qarabağdan kənarda
Həmin 1992-ci ildə “Azərxalça” istehsalat birliyinin filialı da Ağdamdan evakuasiya edilib. Hələ sovet dövründən burada məişət və digər ehtiyaclar üçün xalçalar toxunurdu.
Hərçənd bunu sadəcə rəmzi olaraq evakuasiya adlandırmaq olar – əlbəttə ki, nəhəng toxucu dəzgahlarını heç yana daşıyan olmayıb, sex əməkdaşları isə onsuz da müharibədən qaçmalı idilər. Nəticədə onlar yaxınlıqda – Bərdə şəhərində (cəbhə xəttindən cəmi bir neçə kilometr məsafədə), oradakı “Azərxalça” sexinin binasında məskunlaşıblar. İlk zamanlarda toxucular və onların ailələri elə oradaca yaşayırdılar, amma sex işinə, xalça toxumağa davam edirdi. Zamanla qaçqınları başqa yerlərə köçürüblər, amma sex işini davam etdirdi və bu gün də fəaliyyətdədir. Bu zaman ərzində yeni usta nəsli yetişib, onlar yaşlı qadınların təcrübəsinə yiyələnərək, üstəlik peşəkar təlim də keçiblər.
Şuşa filialının bugünkü direktoru “Azərxalça”da uzun zaman çalışmış Əlisəfa Nuriyev deyir ki, xalçanın toxunuşuna baxan peşəkar xalça toxunarkən xalçaçının hansı əhvalda olduğunu anlaya bilər.
“Əgər səhər sexə gələndə mən görsəydim ki, toxuculardan hansınınsa düyünləri çox qalındır, sıxdır, deməli, qadın böyük ehtimalla bu zaman gərgin olub. Yəqin ki, evdə nəsə münaqişə baş verib, ya da onu nəsə çox narahat edir. Yox əgər naxışın çox da sıx olmadığını, normativdən daha boş olduğunu görsəm, anlarıydım ki, toxucu əksinə, daha rahat əhvalda olub, fikirləri hardasa uçurmuş”.
Nuriyev hesab edir ki, artıq Qarabağdan kənarda toxunan müasir Qarabağ xalçalarından onları yaradan toxucunun yaşını müəyyən etmək olar. Şuşadan, Ağdamdan qaçqın düşən, 90-ların əvvəllərində baş verənləri yaxşı xatırlayan yaşlı qadınlar bilərəkdən və ya qeyri-ixtiyari daha bədbin xalçalar toxuyurlar, müharibəni görməyən gənclər isə əksinə.
Əlbəttə, bu cür incəlikləri yalnız xalça dilinə hakim olanlar sezir. Amma evdə toxunan Qarabağ xalçasını “fabrik” malından istənilən adam ayırd edə bilər. Naxışlar nə qədər assimmetrikdirsə, onda bir o qədər azadlıq var, belə xalçanın satış üçün toxunmadığı ehtimalı böyükdür, üstəlik sexdə yox, evdə toxunduğu da bəllidir – qızın cehizliyinə, körpənin doğumuna, ya da sadəcə yaxınlaşan qışa tədarük olaraq otağı döşəmək üçün…