Qarabağın Şuşa/Şuşi şəhəri – Ermənistan-Azərbaycan döyüşlərindən 27 il keçir
8-9 may Azərbaycan və Ermənistanda əlamətdar günlərdir. Qarabağda böyük tədbirlər keçirilir.
Hər şey Qarabağın tərəflərin müxtəlif cür adlandırdığı şəhərlə bağlıdır: Şuşa (Azərbacan versiyasında) – Şuşı (erməni versiyasında).
Qarabağ və Ermənistanda bu günləri Şuşinin azad olunması, Azərbaycanda isə Şuşanın işğalı günləri kimi qeyd edirlər.
Ön tarixçə
1990-cı illərdə Qarabağ münaqişəsi başlayana qədər Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib, bu, sovet Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlıların çoxluq təşkil etdiyi yeganə vilayət mərkəzi idi.
Şəhər hündürlükdə yerləşir və oradan muxtar vilayətin paytaxtı Stepanakerti atəşə tutmaq olurdu. Azərbaycan ordusu da bu üstünlükdən fəal şəkildə yararlanırdı. Buna görə də şəhər üzərində nəzarət hər iki tərəf üçün çox əhəmiyyətli idi.
8 may 1992-ci il tarixində şəhər uğrunda amansız döyüşlər gedirdi. Erməni mənbələrinin məlumatına görə, Ermənistan tərəfindən döyüşlərdə 3,800 könüllü iştrak edib.
Qarabağın özünümüdafiə qüvvələrinə Arkadi Ter-Tadevosyan rəhbərlik edib. 9 may 1992-ci ildə, səhər saat 4-də o məlumat verib ki, “düşmən Şuşini tərk edib. Erməni qalası azad edilib”.
Britaniyalı jurnalist və yazıçı Tomas de Vaal Şuşa faciəsinə özünün Qarabağ münaqişəsi haqqında “Qara bağ” kitabında bir fəsil həsr edib. O yazır:
“Cavablar, bu qətllərin ilkin səbəblərinin axtarışı ilə nə qədər uzaq gedirdimsə, bir o qədər çox məyus olurdum. Heç kim özünü heç nədə günahkar saymırdı. Mənimlə söhbəti zamanı Robert Koçaryan [Ermənistanın əslən qarabağlı olan keçmiş prezidenti] dostluq və etnik münaqişə ilə bağlı ancaq ən ümumi fikirlər dilə gətirdi”. “Əlbəttə, mənim dostlarım var [azərbaycanlılar arasında]…. Bütün dostlarımı xatırlayıram, onları heç nədə qınaya bilmərəm, bizim normal dostluq münasibətlərimiz var. Amma adətən, etnik münaqişə başlayanda dostluq həmişə arxa plana keçir”.
2019-cu ildə
Stepanakertdə
Stepanakertdə 8-9 mayda Şuşinin azad olunmasına həsr olunan çox sayda tədbir, o cümlədən gənclər üçün döyüş yerlərinə ekspedisiyalar təşkil olunub.
Mayın 9-da Stepanakertin mərkəzi meydanında eyni zamanda üç əlamətdar günə həsr olunmuş parad keçirilib: Şuşinin azad olunması günü, Dağlıq Qarabağın müdafiə ordusunun formalaşması günü və İkinci Dünya Müharibəsində (və ya burada adlandırıldığı kimi, Böyük Vətən Müharibəsində) Qələbə Gününə.
Bayram tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan xanımı ilə iştirak edir.
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan da buradadır.
Bir qədər əvvəl Qarabağın prezidenti Bako Saakyan və eks-prezident Arkadi Qukasyan Ermənistanın Baş Prokurorluğuna müraciət edərək, Qarabağın birinci prezidenti olmuş Robert Koçaryanın bayram tədbirlərinə qatıla bilməsi üçün ona qarşı seçilmiş qəti imkan tədbirini dəyişməyi xahiş ediblər.
Ermənistanın da eks-prezidenti olan Robert Koçaryan 2018-ci ilin dekabr ayından Ermənistanın konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunub. Söhbət 2018-ci il martın əvvəllərində baş verən hadisələrdən gedir, o zaman prezident seçkilərinin nəticələrindən narazı qalanların nümayişinin dağıdılması zamanı 10 nəfər həlak olub.
Ermənistanın Baş Prokurorluğu Qarabağ prezidentlərinə cavab verib ki, bu iş onların hüquqi səlahiyyətləri çərçivəsində deyil.
Yerevanda
Ermənistanda istirahət günü elan edilib. Burada da üç bayram qeyd olunur, 9 mayı burada artıq İkinci Dünya Müharibəsində (Böyük Vətən Müharibəsində) Qələbə Günü, Şuşinin azad olunması günü və Dağlıq Qarabağın müdafiə ordusunun formalaşması günü münasibətilə “üçqat bayram” kimi qeyd edirlər.
Yerevanın Qələbə Parkında veteranları Ermənistan prezidenti Armen Sarqsyan, müdafiə naziri və digər rəsmi şəxslər təbrik etməyə gəlib. Adəti üzrə veteranları Bütün Ermənilərin katolikosu da təbrik edib.
Ermənistan prezidenti bayram münasibətilə deyib:
“Qarabağ müharibəsində və Şuşinin azad olunmasında… Ermənistan, Artsax və diasporanın vahid qüvvələri qələbə çalıb… Qələbələrimizin davam etməsi, Ermənistanda və Qarabağda sülhün sarsılmaz olması üçün səy göstərməliyik”.
Bakıda
Azərbaycanın Xarici İşlər Nazirliyi “Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat” yayıb.
Bəyanatda deyilir ki, “Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir”.
Həm də bildirilir ki, Şuşada Azərbaycanın mədəniyyət abidələri dağıdılıb, şəhərdə “qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib”.
Azərbaycan XİN-i Ermənistan baş nazirinin Qarabağa bayram tədbirlərində iştirak etmək üçün səfər etməsini pisləyib.
“Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir”, – Azərbaycan XİN-nin bəyanatında deyilir.
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında silahlı münaqişə 1991-1994-cü illərdə olub. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur. Azərbayan Qarabağı və müharibə zamanı işğal olunmuş ətraf əraziləri işğal olunmuş hesab edir və qaytarılmasını tələb edir.
Münaqişə tərəfləri mütəmadi olaraq təmas xəttində qurbanlar barədə məlumat verir və bir-birlərini təxribatda ittiham edirlər.
2018-2019-cu illərdə Ermənistanda hakimiyyət dəyişəndən sonra münaqişənin nizamlanması prosesində bəzi dəyişikliklər baş verib. Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüş baş tutub. Bundan əvvəl hər iki ölkənin xarici işlər nazirləri yeni “xalqların sülhə hazırlanması” təşəbbüsü ilə bağlı birgə bəyanat veriblər.
•Ermənistan və Azərbaycan xalqlarını sülhə hazırlamaq – ekspertlər təşəbbüsə skeptik yanaşır