Qarabağda silahsızlaşdırma prosesi davam edir
Qarabağda silahsızlaşdırma prosesi
Rəsmi Bakı ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında əldə olunan razılaşmalara əsasən, Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrin tərksilah edilməsi prosesi uğurla davam etdirilir. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Prezidentin köməkçisi isə bildirib ki, Azərbaycanın hava məkanı Ermənistandan gələn BQXK helikopterləri üçün müstəsna olaraq açıqdır, həmçinin bu təşkilatın humanitar yardım yükləri Qoris-Kafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndinə yolu ilə hərəkət edə biləcək. Qarabağda silahsızlaşdırma prosesi də davam edir.
- “Növbə məndədir?” – Azərbaycanda siyasi proseslərə çıxan vəkillər Kollegiyadan necə uzaqlaşdırılır?
- “Bütün DQ sakinlərini Ermənistana təxliyyə etmək. Başqa çıxış yolu yoxdur”. Şərh
- Azərbaycanda “müharibə əleyhdarı” fəalların həbsi
Sentyabrın 26-da Bakıdan daha bir humanitar yardım partiyası Xankəndiyə göndərilib. Humanitar yardım daşıyan 4 yük maşını Ağdam-Əsgəran-Xankəndi yolu ilə hərəkət edir. Yardıma 40 ton un, gigiyena vasitələri və yataq dəstləri daxildir.
Bundan başqa, Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanlara tibbi ləvazimatları ilə dolu növbəti təcili yardım maşını da göndərilib.
“Hava məkanı müstəsna olaraq BQXK üçün açıqdır”
Bu arada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkəsində məlumat verib ki, dünəndən etibarən Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarının xəstəxanaları Xankəndində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların xeyli hissəsini qəbul etməyə hazır vəziyyətə çatdırılıb. Bu xəstəxanalar əlavə tibb işçiləri ilə gücləndirilib.
Bu arada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial şəbəkəsində məlumat verib ki, dünəndən etibarən Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarının xəstəxanaları Xankəndində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların xeyli hissəsini qəbul etməyə hazır vəziyyətə çatdırılıb. Bu xəstəxanalar əlavə tibb işçiləri ilə gücləndirilib.
Lakin erməni icması bu yardımdan imtina etdiyini açıqlayıb.
Hacıyevin postunda həmçinin bildirilir ki, tibbi yardıma ehtiyacı olan insanların daşınması və yerindəcə tibbi yardımın göstərilməsi üçün Ermənistandan helokopterlə gələn həkim briqadası Qarabağa buraxılıb.
“Biz hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) tibbi evakuasiya və yardımın çatdırılması üçün Qoris-Kafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə müstəsna çıxışın təmin edilməsi üzərində işləyirik”, – Hacıyev bildirib.
Xatırladaq ki, 30 ildən artıq müddətdən sonra ilk dəfə olaraq Azərbaycanın hava məkanı Ermənistandan gələnlər helikopterlər üçün açılıb. Həmçinin ilk dəfə olaraq Ermənistandan Xankəndiyə Füzulidən keçən yeni yolla getmək mümkün olacaq. İndiyədək Ermənistandan Xankəndiyə yalnız Laçın yolu ilə getmək mümkün idi.
“Silahsızlaşdırma prosesi uğurla davam edir”
Müdafiə Nazirliyi isə Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 26-sı saat 10:00-a olan məlumatı açıqlayıb.
Nazirliyin açıqladığı siyahıya daxildir:
1.Atıcı silah və qumbaraatanlar – 909
2.Artilleriya silahları – 47
3.HHM vasitələri – 165
4.Döyüş sursatları – 251308
5.Təchizat və ləvazimatlar – 1674
6.Optik və digər cihazlar – 154
7.Zirehli texnika – 22
8.Avtomobil texnikası – 75
9.Qoşqu – 21
Rəsmi Bakı nümayəndələrinin Qarabağın erməni icması ilə ikinci görüşü
Yuxarıda deyilənlərin hamısı (tanınmamış DQR-in təslim aktında müzakirə olunan silahların təhvil verilməsi istisna olmaqla) rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında aparılan danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq baş verib.
Sentyabrın 25-də Qarabağda Xocalı şəhərində rəsmi Bakı və Qarabağın erməni icması arasında ikinci görüş keçirilib. Birinci görüş antiterror əməliyyatları başa çatandan sonra sentyabrın 21-də Yevlaxda baş tutmuşdu.
Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə, görüş konstruktiv və səmimi atmosferdə keçib. İştirakçılar sentyabrın 21-də Yevlaxda keçirilən əvvəlki görüşdə müzakirə olunan müxtəlif məsələlərin həllində əldə edilmiş uğurlardan məmnunluqlarını ifadə ediblər. Xüsusən, onlar humanitar yardımın çatdırılmasında əldə olunmuş uğurları və yanacaq və elektrik enerjisi tədarükünün operativ şəkildə bərpa olunmasını qeyd ediblər.
Məlumatda deyilir ki, rəsmi Bakıdan göndərilmiş heyətə rəhbərlik edən Ramin Məmmədov barışıq prosesində atılacaq addımlardan danışıb:
“O, bəzi uzaq yaşayış məntəqələrində Ermənistanın tənha yaşlı sakinlərinin zəruri tibbi yardımı aldıqlarını və hazırda həkim müşahidəsi altında olduqlarını qeyd edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin bu şəxslərlə görüşünə imkan yaradılması təklif olunub, bunun onların ya ailə üzvlərinə qovuşmasına, yaxud da uyğun müəssisələrdə müvafiq tibbi yardım almasına imkan verərdi.
Görüş iştirakçıları həmçinin baş nazirin müavini Şahin Mustafayevin başçılıq etdiyi, sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərinin həllinə görə məsul olan İşçi Qrupun fəaliyyətinə diqqət çəkiblər. Onlar ərazidə kommunal, tibbi və digər mülki fəaliyyətlə məşğul olan müvafiq şəxslərlə görüş təşkil etmək barədə razılığa gəliblər”.
Həmçinin deyilir ki, Xankəndi şəhərində və ya Xocalı istiqamətində qurulması ehtimal olunan sahə hospitalında tibbi xidmətə Azərbaycan və erməni əslli tibbi personalın birlikdə rəhbərlik etməsi təklif olunub.
“Eyni zamanda, Azərbaycan və erməni personal tərəfindən birgə idarə olunan səyyar ictimai iaşə xidmətinin yaradılması ideyası da müzakirə olunub.
Görüşdə xroniki, ciddi xəstəlikləri olan və ya ixtisaslaşmış cərrahi müdaxiləyə ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq məsələləri nəzərdən keçirilib.
Qeyd etmək lazımdır ki, iclasda Azərbaycan və erməni əslli tibbi işçilərdən ibarət birgə səyyar tibbi briqadaların formalaşdırılmasının vacibliyi vurğulanıb. Bu briqadalar uzaq kəndlərdə təcrid olunmuş tibbi yardıma ehtiyacı olan insanlara tibbi xidmət göstərəcəklər”, – rəsmi məlumatda deyilir.
Məlumata əsasən, görüşdə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əslli vətəndaş cəmiyyəti nümayəndələrinin və ictimai fəaların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkilinin vacibliyi də qeyd edilib. Bu cür təşəbbüslər vətəndaş cəmiyyəti ilə dialoq və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər üçün platforma yaradılması cəhətdən zəruri hesab olunub
“Məsləhətləşmələr yaxın gələcəkdə əldə olunmuş irəliləyişin qiymətləndirilməsi və davam edən barışıq prosesində növbəti addımların müəyyən edilməsi üçün daha bir görüşün çağırılması haqqında razılaşma ilə başa çatıb”.