2020-ci il oktyabrın 14-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Azərbaycan dronunun zərbəsi nəticəsində 14 yaşlı uşaq yaralanıb
Ermənistanın Vardanis icmasında yaşayan uşağın ailəsi bugün səhər adətən olduğu kimi torpağı becərmək üçün tarlaya yollanıb. Pilotsuz uçuş aparatı sahəyə çatan maşına zərbə endirib.
“Yeniyetmə çoxsaylı xəsarətlə tibb mərkəzinə çatdırılıb. Hazırda o reanimasiyadadır. Həkimlər vəziyyətinin ağır olduğunu bildiriblər. Uşaq döş qəfəsindən qəlpə yaraları alıb”, – Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
-
Dağlıq Qarabağın tanınması haqda qanun layihəsi Fransa parlamentinin müzakirəsinə çıxarılıb
Bugün səhər qanun layihəsi Fransa Milli Məclisinin Aşağı Palatasına təqdim olunub. Layihənin yaxın həftələrdə müzakirə olunacağı gözlənilir.
Ermənistanın Dövlət Maraqları Fondunun icraçı direktoru David Papazyan bildirib ki, 10 gün ərzində təşkilat bu məsələnin təbliğatını aparıb, jurnalistlərlə və Fransa parlamentinin üzvləri ilə işləyib. Onlara Qarabağda təmas xəttində sentyabrın 27-dən bəri baş verənlər haqda məlumat verilib.
“Biz izah etdik ki, məsələnin yeganə real siyasi həll yolu Artsax Respublikasının müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır”, – David Papazyan deyib.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur”
Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.
“Növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir.
Bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur”, – deyə, qurumdan bildirilib.
-
“Ermənistan danışıqlar prosesini pozmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımırdı” – Ermənistan prezidenti
Bu haqda Armen Sarqsyan Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib. O, həmçinin Türkiyənin Qarabağ münaqişəsinə cəlb olunması haqda da danışıb. Prezident bu vəziyyəti yalnız Cənubi Qafqaz üçün təhlükəli hesab etmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təsir etmək üçün və Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün o, ancaq bir yol görür – münaqişəyə üçüncü, dördüncü tərəflərin cəlb olunması:
“Amma bu, eskalasiyanı daha da gücləndirə bilər, buna görə də Ermənistan bu məsələdə böyük təmkin nümayiş etdirir”.
Armen Sarqsyan hesab edir ki, beynəlxalq ictimaiyyət Türkiyənin əməllərinə daha sərt reaksiya verməlidir. Prezident Türkiyənin Azərbaycanda enerji resurslarını, dost ölkənin boru kəmərlərini qoruduğu ilə bağlı Ankaranın bəyanatını absurd adlandırıb:
“Əgər ermənilər bu infrastrukturlara zərbə endirmək istəsəydilər, bunu 20 il əvvəl edə, Azərbaycana milyardlar qazanmağa imkan verməyə bilərdilər”.
-
Ermənistan ərazisində hərbi hədəfləri məhv etməklə biz beynəlxalq hüquq çərçivəsində davranmışıq – Azərbaycan prezidentinin köməkçisi
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq, öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirir.
“Biz mülki əhalini vuran hərbi hədəfləri neytrallaşdırdıq. Bu addım beynəlxalq qanunlara uyğundur. Bildiyiniz kimi, beynəlxalq qanunlara əsasən, təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq hüququna malikik”, – o deyib.
-
Azərbaycan ordusu daha səkkiz yaşayış məntəqəsini nəzarəti altına götürüb – İlham Əliyev
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” – Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
— İlham Əliyev (@azpresident) October 14, 2020
-
“Artsaxı blitzkriqlə ələ keçirmək üzrə Türkiyə-Azərbaycan-terrorçu planı boşa çıxdı” – Ermənistanın baş naziri
Xalqa müraciətində Nikol Paşinyan onu da bildirib ki, Ermənistan sərhədində iyul eskalasiyası Azərbaycan ordusunun məsələni hərbi yolla həll edə bilməyəcəyini göstərib:
“Bu, hamı üçün, o cümlədən də Türkiyə üçün gözlənilməz idi. Bundan sonra onların birgə təlimləri başladı. Türkiyə Azərbaycanın qələbə qazanmağa qadir olmadığını anlayaraq regiona misilsiz sayda suriyalı muzdlu gətirdi”.
Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən danışarkən, baş nazir vurğulayıb ki, Ermənistan Qarabağın öz müqəddəratını həll etmək hüququnu gözardı edən danışıqlar formulundan imtina edib:
“Ötən illərdə Qarabağla bağlı danışıqlar prosesi mahiyyət etibarilə erməni xalqı qarşısında öz hüquqlarından imtina etmək tələbinin qoyulduğu nöqtəyə gəlib çıxmışdı”.
Bakı 7 rayondan 5-nin qaytarılmasını, qalan iki rayonun təhvil verilməsi qrafikinin təqdim olunmasını və istənilən statusun Azərbaycan tərkibində olmasını tələb edirdi. Ərazilər sülh müqabilində təhvil verilməli idi – Paşinyan deyib:
“Bu danışıqlar bazasını miras alan bizim hökumətimiz bunu qəbulolunmaz hesab edərək məsələnin bu formada müzakirəsindən imtina edib”.
-
Azərbaycan SQ Mardakert şəhərini raket-artilleriya atəşinə tutub – Qarabağ müdafiə ordusu
Məlumatda bildirilir ki, qarşı tərəf bu istiqamətdə hərbi aviasiyadan da istifadə edib:
“Azərbaycanın silahlı qüvvələri humanitar atəşkəsi pozmağa davam edir, Dağlıq Qarabağın dinc yaşayış məntəqələrini hədəfə alır”.
-
“Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək hələ gec deyil” – Qarabağ prezidenti xalqa müraciət edib
Azərbaycan SQ cəzasızlıqdan istifadə edərək atəşkəsi pozub, daha böyük zərbələr endirməyə başlayıb – Qarabağ prezidenti Araik Harutyunyan video-müraciətində deyib:
“Müəyyən hissələrdə qarşı tərəf cəbhə xəttini yara və dərinliyə doğru irəliləyə bilib”.
Prezidentin sözlərinə görə, Azərbaycan və Türkiyəyə qarşı müharibə davam edir:
“Yalnız bir yol var – qarşı tərəfi sülhə məcbur etmək. Münaqişəni sülh yolu ilə, danışıqların köməyi ilə həll etmək üçün hələ ki, gec deyil. Amma əgər qarşı tərəf istəmirsə, biz sona qədər döyüşməyə hazırıq. Biz qələbəmizə inanırıq. Fiziki cəhətdən vətənin müdafiəsində iştirak etməyə çağırıram”.
-
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri: “Türkiyənin iştirakı ilə Qarabağ münaqişəsi üzrə danışıqlar məqbul ideya deyil”
Türkiyə prezidentinin mətbuat katibi daha əvvəl bildirib ki, Ankara Azərbaycan prezidentinin Qarabağ münaqişəsi ilə bağlı Bakı, Yerevan, Ankara və Moskvanın iştirakı ilə dördtərəfli danışıqların keçirilməsinə etiraz etmir.
Vladimir Kazimirov hesab edir ki, təklif olunmuş format məqbul deyil və eyni zamanda Türkiyə rəhbərliyinin birtərəfli mövqeyindən xəbər verir:
“Türkiyənin dəstəkləməsi [dördtərəfi danışıqlar formatını] Rusiyanı obyektiv ATƏT-in Minsk Qrupunun həmsədrliyindən sırf Ermənistanın, Qarabağ ermənilərinin müttəfiqinə çevirmək, Türkiyənin özü isə Azərbaycanın maqlarını müdafiə edəcək deməkdir”.
Kazimirovun fikrincə, türklər bu halda ümumilikdə regionu yox, yalnız özlərini düşünürlər:
“Bəs onda narahat olan, bu regionda yerləşən və bu münaqişənin toxunduğu İran nə deyəcək?”
-
“Rusiya Türkiyənin Qarabağ üzrə mövqeyi ilə razı deyil” – Rusiya XİN rəhbəri
Rusiyalı jurnalistlərə verdiyi böyük müsahibəsi zamanı Sergey Lavrov deyib:
“Biz Türkiyənin səsləndirdiyi və prezident İlham Əliyevin bir neçə dəfə ifadə etdiyi mövqe ilə razı deyilik. Burada heç bir sirr yoxdur: biz münaqişənin hərbi həllinin olduğu və mümkünlüyü ilə bağlı bəyanatlarını dəstəkləyə bilmərik”.
Onun sözlərinə görə, Rusiya Türkiyənin məsələyə bu cür baxışı paylaşdığından və Azərbaycanı atdığı istənilən addımda, o cümlədən də hərbi əməliyyatlrda dəstəkləyəcəyini bildirməsindən məyusdur.
-
“Biz Qarabağ ermənilərinin canını kriminal xunta rejimindən qurtaracağıq” – İlham Əliyev
“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”, – Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “HaberTürk” televiziyasına müsahibəsində bildirib.
Müsahibənin əsas tezisləri ilə bu gün saytımızda tanış ola bilərsiniz.
-
“Rusiya Türkiyənin Qarabağ üzrə mövqeyi ilə razı deyil” – Rusiya XİN rəhbəri
Rusiyalı jurnalistlərə verdiyi böyük müsahibəsi zamanı Sergey Lavrov deyib:
“Biz Türkiyənin səsləndirdiyi və prezident İlham Əliyevin bir neçə dəfə ifadə etdiyi mövqe ilə razı deyilik. Burada heç bir sirr yoxdur: biz münaqişənin hərbi həllinin olduğu və mümkünlüyü ilə bağlı bəyanatlarını dəstəkləyə bilmərik”.
Onun sözlərinə görə, Rusiya Türkiyənin məsələyə bu cür baxışı paylaşdığından və Azərbaycanı atdığı istənilən addımda, o cümlədən də hərbi əməliyyatlrda dəstəkləyəcəyini bildirməsindən məyusdur.
-
Qarabağda siyasi nizamlama mümkündür – RF XİN rəhbəri
“Dağlıq Qarabağda atəşkəs rejiminin qorunmasına nəzarət üçün sülhməramlılar yerləşdirilməlidir.
Münaqişə tərəfləri hərbçilər xətti üzrə təcili görüşməlidirlər.
Qarabağda siyasi nizamlama mümkündür”, – “RİA Novosti”nin yazdığına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
-
Tərtər rayonu intensiv raket hücumuna məruz qalır – prezident köməkçisi
Tərtər şəhərinə və kəndlərinə bugün səhər 100-dən çox artilleriya raketi atılıb – Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də yazıb.
“6 nəfər dinc sakin yaralanıb. Bir nəfər dinc sakin həlak olub. Tərtər Azərbaycanın ermənilərə qarşı “Stalinqradıdır” ”, – o əlavə edib.
Armenia's 'commitment' to humanitarian truce utter hypocrisy: since morning #Tartar city under heavy artillery attack. 100+ artillery missiles hit the city and its villages. 6 civilians wounded. One civilian killed. Tartar is 'Stalingrad' of Azerbaijan against Armenia's nazism.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 14, 2020
Erməni qüvvələri tərəfindən Tərtərin atəşə tutulması. 10 oktyabr. Foto: Reuters
-
Tərtər rayonunun atəşə tutulması nəticəsində dinc sakin həlak olub – Azərbaycanın Baş Prokurorluğundan bildirilib
Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub – Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilir.
“Saat 09 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub” – qurumun məlumatında deyilir.
-
Növbəti raket kompleksinə zərbə endirilib – Azərbaycanın Müdafiə Nazirliyi
Azərbaycanın Müdafiə Nazirliyi “08:36 radələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin məhv edildiyi” haqda məlumat verib.
Qurumdan bildirildiyinə görə bundan əvvəlki kimi növbəti raket kompleksi də Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib.
“Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb”, – qurumun mətbuat xidmətinin məlumatında deyilir.
-
“Azərbaycan SQ hərbi texnikaya zərbə endirib, itki yoxdur” – Ermənistanın Müdafiə Nazirliyi
Qurumun bəyanatında deyilir ki, oktyabrın 14-də “texnikanın Azərbaycanın yaşayış məntəqələrinə zərbə endirməyə hazır olduğu” ehtimalına əsasən Ermənistan Respublikası ərazisinə zərbə endirilib.
Ermənistanın Müdafiə Nazirliyi bu ehtimalı əsassız hesab edir və bəyan edir ki, indiyə qədər Ermənistan ərazisindən Azərbaycan tərəfə bircə atəş belə həyata keçirilməyib.
“Eyni zamanda bəyan edirik ki, bundan sonra Ermənistan Respublikasının silahlı qüvvələri özündə eyni məntiqlə Azərbaycanda istənilən hərbi obyektə və ya hərbi hərəkətliliyə zərbə endirmək haqqı görür”.
Müdafiə Nazirliyi döyüş əməliyyatlarının məntiqinin dəyişməsinə görə bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyur.
-
Təmas xəttində gecə stabil gərginlik hökm sürüb, səhərdən atışma davam edir – Qarabağ Müdafiə Nazirliyi
Bildirilir ki, gecə bəzi hissələrdə artilleriya atəşi açılıb, səhərdən Azərbaycan SQ humanitar atəşkəsi pozaraq cəbhənin üç istiqamətində atəş həyata keçirib.
“Müdafiə ordusunun hissələri cəbhənin bütün istiqamətlərində qarşı tərəfin hücumunun qarşısının alınması üçün adekvat tədbirlər görülür”, – Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatında deyilir.
-
Bir sıra yaşayış məntəqəsi atəşə tutulub – Azərbaycanın Müdafiə Nazirliyi
“Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.
Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür.
çıxarılıb.Humanitar atəşkəs rejiminə əməl edən Azərbaycan Ordusunun qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır”, – Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Azərbaycanın Müdafiə Nazirliyi: “Əməliyyat-taktiki ballistik raket kompleksi zərərsizləşdirilib”
Azərbaycanın Müdafiə Nazirliyi hazır vəziyyətə gətirilən əməliyyat-taktiki ballistik raket komplekslərinin zərərsizləşdirildiyini bildirib.
“Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.
Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb.
Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi zərərsizləşdirilib.
Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür”, – qurumun mətbuat xidmətinin məlumatında deyilir.
-
Oktyabrın 14-ü səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 18-ci günü.
• Oktyabrın 10-a keçən gecə Moskvada tərəflər arasında razılaşdırılan 72 saatlıq atəşkəsin müddəti bitdi. Amma atəşkəsə əməl olunmadı, razılaşma imzalanandan sonrakı günlərdə gərgin döyüşlər və hər iki tərəfdə yaşayış məntəqələrinin kütləvi atəşə tutulması davam edib. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır.
• Atəşkəsə rəğmən davam edən döyüşlərə görə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı Aypara tərəflər arasında meyitlərin dəyişdirilməsini təşkil edə bilməyib.
• Oktyabrın 13-də tərəflərin Qarabağda Hadrut şəhərinin kimin nəzarətində olduğuna dair ziddiyyətli məlumatları davam edib. Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Hadrutda olduğunu sübut etmək məqsədilə video yayıb. Amma məlum olub ki, bu video Hadrut yaxınlığında kənddə çəkilib.
• Hadrut uğrunda döyüşlər – nə baş verir
• Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Moskvada ATƏT-in Minsk Qrupunun Rusiya və ABŞ-dan olan həmsədrləri (Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində vasitəçi) ilə görüşüb. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Mnatsakanyan bildirib ki, Azərbaycan Qarabağda “məqsədyönlü şəkildə mülki əhali və infrastrukturu hədəf alır”.
• Azərbaycan XİN Ermənistan XİN rəhbərinin bu sözlərini təkzib edən xüsusi bəyanatla çıxış edib. Bakı hesab edir ki, Yerevan beynəlxalq ictimaiyyətin diqqətini “Ermənistanın Azərbaycana münasibətdə həyata keçirdiyi təcavüzün nəticələrinin möhkəmləndirilməsi üzrə öz praktiki əməllərindən” yayındırmağa çalışır.
-
2020-ci il oktyabrın 13-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video