Şərh: Qarabağda hadisələrin üç ssenari üzrə inkişafı – Bakıdan baxış
İkinci Qarabağ müharibəsi – Azərbaycan ərazisində sentyabrın 27-də başlayan və 44 gün davam edən hərbi əməliyyatları belə adlandırırlar.
Ancaq rəsmi məlumatlara əsasən, bu müharibə hər iki tərəfdən beş mindən çox insanın həyatına son qoyub. Böyük ehtimalla tərəflər yeni məlumatlar elan etdikləri zaman bu say daha çox olacaq.
Azərbaycanlı jurnalist və siyasi şərhçi Şahin Rzayev nəyin və niyə baş verdiyinə, müharibənin qarşısının alınmasının mümkün olub-olmadığına və bundan sonra nələrin olacağına dair öz cavablarını təqdim edir.
Nə baş verib?
“Bizim qələbəmizi oğurladılar!” – qohumum 10 noyabr üçtərəfli atəşkəs razılaşması haqda eşidəndə mənə belə demişdi.
Həqiqətən də Azırbaycan ordusu Dağlıq Qarabağın – 20-ci əsrin sonunda ən qanlı müharibələrdən birinə səbəb olmuş keçmiş sovet Azərbaycanın tərkibindəki keçmiş muxtar vilayətin mərkəzi Xankəndi şəhərini fəth etməyin iki addımlığında idi.
Noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan və Ermənistan rəhbərləri Rusiya prezidentinin vasitəçiliyi ilə müharibəni dayandıran sənədi imzaladılar və gələcək sülh nizamlamasının ümumi konturlarını cızdılar.
Bu sənəd həm Azərbaycanda, hən də Ermənistanda kəskin narazılıqla qarşılandı.
- Qarabağ və Ermənistanın aqibəti necə olacaq? Yerevandab baxış
- “Amnesty International” nümayəndəsi Kəlbəcərdə: “Bəzi qəbirlər yaxın günlərdə dağıdılıb”
Azərbaycanda “qələbəyə qədər” müharibə tələb edirdilər, Ermənistanda hakimiyyəti “xəyanətdə” günahlandırdılar.
Dünyada ilk “onlayn sülh razılaşmasından” cəmi bir ay keçib. Əlbəttə ki, yetərli zaman deyil, amma yenə də ilk nəticələri çıxarmaq olar.
Azərbaycanda çoxluğun ilkin eyforiyası tədricən keçməyə başlayıb. Əlbəttə, 30 ilə yaxın davam edən əzablar və kin dərhal keçməyəcək.
Çoxları media və sosial şəbəkələrdəki müxtəlif istehzaları hələ də xatırlayır, xüsusən də bunu: “Birinci müharibədə biz türklərə qaçmağı öyrətdik, ikincidə üzməyi öyrədəcəyik”.
Bunu birinci müharibənin qəhrəmanı olan erməni general demişdi. “Türklər” deyəndə azərbaycanlıları, “üzmək” deyəndə isə onları Xəzərə atacaqlarını nəzərdə tuturdu.
İndi hamının gücünü toplaması, birlikdə nifrətin və bədxahlığın öhdəsindən gəlməsi lazımdır.
Mən erməni həmkarlarımı anlayıram, mən də 1994-cü ildə iynəli şərhlərdən eyni dərəcədə qəzəblənir və qıcıqlanırdım, hərçənd, o zaman internet də yox idi.
Mənə üç il lazım oldu məyusluq hissinin öhdəsindən gəlməyə. Ümid edirəm ki, indi daha asan olacaq. Bacaracağıq.
Niyə məhz indi?
İlk növbədə kifayət qədər mübahisəli deyim yada düşür: “Heç olmamaqdansa, gec olsun”.
Əcnəbilər bəzən soruşurlar: “Doğrudur ki, hərbi əməliyyatları Azərbaycan başladıb?”
Mən dəqiq bilmirəm sentyabrın 27-də birinci kim atəş açıb. Amma 1994-cü ildən bəri bu cür atəşlər çox olmuşdu, belə nəticə isə heç vaxt.
Şübhəsizdir ki, Azərbaycan çoxdan bu hərbi əməliyyata hazırlaşırdi. Müvafiq olaraq hərbi büdcə artırılırdı, ən yeni hərbi texnika alınırdı, fəal diplomatik iş aparılırdı.
Düzünə qalsa, buna haqqı da vardı. Azərbaycan öz ərazisində və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən hərəkət edirdi.
Zaman da ağılla seçilmişdi. Ermənistanın yeni hakimiyyəti yaxın müttəfiqin (himayədarın) – Rusiyanın zəhləsini tökmüşdü.
İkinci müharibə başlayana qədər Rusiyanın hökumət mediasında (Russia Today) baş nazir Nikol Paşinyana qarşı ağır “artilleriya hazırlığı” başlamışdı.
Onu mümkün hər şeydə günahlandırdılar, ən qorxulusu da hakimiyyətə gəlmək məqsədilə Soros Fondu ilə əməkdaşlıq etməkdə.
Bundan başqa, Ermənistanda 2018-ci il “məxməri inqilabının” ilkin eyforiyası keçdi və xalq yeni hökumətdən konkret nəticələr gözləməyə başladı, bunun əvəzində isə Facebook-da həftəlik demaqoqiya ilə üz-üzə qaldı.
Paşinyanın və “Mənim addımım” fraksiyasının reytinqi enməyə başladı.
Elə bu vaxt ABŞ-da prezident seçkiləri keçirilirdi, Tramp Qafqaz hayında deyildi. Avropa koronavirus girdabına batmışdı. Yalnız Fransa həyata keçirilməsi mütləq olmayan qətnamələr qəbul edirdi, amma onu çox da eşidən olmadı.
Rusiya və Türkiyə ilə böyük ehtimalla hər şey əvvəlcədən razılaşdırılmışdı.
Müharibənin qarşısını almaq mümkün idimi?
21-ci əsrin əvvəlində, hətta 20-ci əsrin sonunda belə ərazi uğrunda müharibə anaxronizm kimi görünürdü. Amma bununla belə, Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında deyirdi: “Mən “sülh əvəzinə ərazilər” formulunu “yeni müharibə – yeni ərazilər” ifadəsilə əvəzləyirəm”.
Nəzəri cəhətdən yeni müharibədən yan keçmək olardı. Bunun üçün ən ağıllı yolu da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1997-ci ilin payızında təklif etmişdi:
“Kompromisin inkarı və maksimalizm Ermənistanda vəziyyətin ağırlaşdırılmasına və Qarabağın tamam süqutuna gedən ən qısa yoldur. Söhbət Qarabağı qaytarıb-qaytarmamaqdan getmir. Söhbət Qarabağı ermənilərin olaraq saxlamaqdan gedir: üç min il orada ermənilər məskunlaşıb və daha üç min il ermənilər məskunlaşmalıdır.
Mənim seçdiyim yol bu perspektivi təmin edəcək. Ermənistan və Qarabağ bu gün heç vaxt olmadığı qədər güclüdür, amma nizamlamasız bir-iki ildən sonra müqayisə edilməyəcək qədər gücsüz olacaqlar. Bugün rədd etdiklərimizi sabah xahiş etməli olacağıq – tariximizdə dəfələrlə baş verdiyi kimi”.
Ermənistan maksimal tələblərdən imtina edə, Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayıti ətrafındakı rayonları işğaldan azad edə və regionun həm erməni çoxluğuna, həm də azərbaycanlı azlığına bərabər hüquqları təmin edən status haqda razılıq əldə edə bilərdi.
Amma Ter-Petrosyanı devirdilər, Ermənistanın yeni hakimiyyəti danışıqları sonsuzluğa qədər uzatmaq qərarına gəldi. Şərqdə deyildiyi kimi “ya xan ölə, ya eşşək” (və ya Fransada deyildiyi kimi “bizdən sonra istəyir dünya batsın”).
Nikol Paşinyanın “yeddi şərti” isə danışıqlar prosesinin üzərindən birdəfəlik çarpaz xətt çəkdi.
Azərbaycan müharibədən yayına bilərdimi?
Əlbəttə. “Sadəcə” Dağlıq Qarabağı, üstündə də bonus olaraq iki rayonu – Kəlbəcər və Laçını Ermənistana verməli idi. Bəlkə elə Naxçıvanı da.
“Gəlin mehriban yaşayaq, təki müharibə olmasın”? Əlbəttə ki, bu ironiyadır.
Əslində isə müharibənin qarşısını almaq olardı və lazım idi, əgər hər iki tərəf “Vae Victis!” (“Vay məğlublara!”) prinsipindən imtina etsəydi.
Neçə dəfə Ermənistan və ATƏT-in Mİnsk Qrupu, xüsusən də rusiyalı həmsədr Azərbaycanı “münaqişənin hərbi nəticəsi” ilə barışmağa, “güllə ilə səsvermənin” nəticələrini tanımağa çağırıb.
Bunu qeyd etmək nə qədər acı olsa da, “güllə ilə səsvermənin” birinci turu həlledici üstünlük vermədi, təəssüf ki, ikinci tur keçirmək lazım gəldi və nəticə fərqli oldu.
Ümid edirəm ki, “hərbi nəticələrə” və “güllə ilə səsverməyə” çağırış bundan sonra arxivə gedəcək.
Bundan sonrası?
Bundan sonra bizi, yəni Azərbaycanı hadisələrin üç inkişaf ssenarisi gözləyir: sesessiya, konservasiya və ya inteqrasiya.
Yaxud sadə dillə desək: ayrılma, dondurma və ya birləşmə.
Azərbaycan tərəfi üçün bütün müsbətləri və mənfiləri nəzərdən keçirək.
Sesessiya
Dağlıq Qarabağ ərazisi, daha doğrusu, Rusiya sülhməramlılarının müdafiəsi altında olan hissəsi Ermənistanın nəzarəti altına verilir.
Əlbəttə, müftə yox, eyni həcmdə ərazinin əvəzində, məsələn, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın qalan hissəsi ilə birləşməsi üçün Ermənistan-İran sərhədindəki zolağın qarşılığında.
Bu plan yeni deyil, bunu 2001-ci ildə ABŞ-da, Ki-Uestdə danışıqlar zamanı müzakirə ediblər.
Müsbətlər aydındır:
Orqanizmin bu qədər çox problem yaradan və bundan sonra da yaratmaqda davam edəcək hissəsi kəsilir.
Cəbhə xəttinə boylanmadan rahat şəkildə Qarabağın qalan hissəsinin, o cümlədən də Aran Qarabağın (Ağdam, Füzuli və digərləri) bərpası və inkişafı ilə məşğul olmaq olar.
Naxçıvan dəhlizi Azərbaycanın suverenliyi altına keçir, daha 10 noyabr razılaşmasının mətnində göstərildiyi kimi sülhməramlıların nəzarəti altında qalmır.
Mənfi tərəfi bir dənədir, amma bütün müsbətlərin üzərindən xətt çəkir:
Ərazini vermək lazım gələcəkdisə, onda əsgərlər və zabitlər nəyə görə həlak oldular?
Konservasiya
“Nə sülh, nə müharibə” vəziyyəti qeyri-müəyyən müddətə uzanır, indi artıq Rusiya sülhməramlılarının iştirakı ilə.
Hər şeyi öz adı ilə çağırmalı olsaq, bu o deməkdir ki, Azərbaycan və Rusiya Qarabağı öz aralarında bölüşdürüb.
Şəxsən mənim üçün bu variant birincidən daha betərdir – orada heç olmasa aydınlıq var.
Onsuz da Dağlıq Qarabağın qalan hissəsinə, məsələn, Xocalıya azərbaycanlı köçkünlər bu durumda qayıda bilməyəcəklər. O zaman nə fərqi, orada kim evsahibidir, ermənilər, yoxsa ruslar?
Tarix də sübut edir ki, rusiyalılar hansısa əraziyə girəndə demək olar heç vaxt çıxmırlar.
Həm Ermənistana, həm də Azərbaycana qarşı daimi təzyiq vasitəsi olan bu variant, məncə, heç bir tərəfi təmin etməməlidir. Amma bununla belə hələlik ən mümkün variant budur.
İnteqrasiya
Tədricən Dağlıq Qarabağın qalan hissəsi də çoğrafi olaraq çox bağlı olduğu Azərbaycan ərazilərinə birləşəcək.
Amma inteqrasiya assimilyasiya demək olmalı deyil. Tammənalı və ağrısız inteqrasiya üçün Dağlıq Qarabağın qalan hissəsinə xüsusi status verilməlidir . Həm erməni çoxluğun, həm də azərbaycanlı azlığın bütün siyasi hüquqlarının və insan haqlarının təmin olunduğu bir status.
Bugün prezident İlham Əliyev deyir ki, heç bir xüsusi statusdan söhbət gedə bilməz (o, bunu təəssüf ki, daha kobud formada deyir).
Amma maraqlı detal: o, son dəfə “mən prezident olduğum müddətdə” əlavəsini edib. O isə hələlik 2025-ci ilə qədər prezidentdir. Eyni ildə Rusiya sülhməramlılarının beş illik mandatının müddəti də bitir.
Deyəsən, 25-ci il Qarabağ münaqişəsi tarixində yeni mərhələ (milestone) olacaq.