Qarabağa sülhməramlı sement gəlib
Münaqişə zonasında 2016-cı il 7 aprel 13:00-dan 9 aprelə qədər baş verən hadisələrin icmalı
Yerevandan gələn xəbərlər
Təsdiqlənmiş mənbələrdən məlumat
Dünən beş saat ərzində Ermənistan və Azərbaycan tərəfləri təmas xətti boyu aprelin 2-də başlayan atışma zamanı həlak olan hərbiçilərin meyitlərinin axtarışı üzrə iş aparıblar. Meyitlərin axtarışında köməyi Qırmızı Xaç və ATƏT-in Minsk Qrupunun fəaliyyətdə olan sədri Andjey Kasprşikin səhra köməkçiləri göstəriblər.
Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, axtarış zamanı atəşkəs haqqında razılaşmanın pozulması halları baş verməyib. Erməni tərəfi DQ müdafiə ordusunun iki hərbiçisinin meyidini aşkar edib.
Dünən, aprelin 8-də ATƏT-in Minsk Qrupu həmsədrləri Yerevanda işləyib. Həmsədrlərlə görüşdən sonra Ermənistan Müdafiə naziri Seyran Ohanyan mətbuata bildirib ki, hüquqi cəhətdən atəşkəs rejiminə riayət olunmasının öhdəçiliyini yaradan razılaşmanın imzalanmasını vacib sayır.
Aprelin 7-si axşam ATƏT-in Minsk Qrupunun həmsədrləri Stepanakertdə səfərdə idi. Dağlıq Qarabağ müdafiə nazirliyinin mətbuat xidmətinin xəbər verdiyi kimi, onlar DQ Müdafiə Ordusunun komandanı Levon Mnasakanyanla görüşüblər, komandan vasitəçilərə Azərbaycanın hərbi təcavüzünün sübutlarını və dinc əhaliyə qarşı vəhşi rəftarı ilə bağlı faktları təqdim edib.
Dağlıq Qarabağ prezidenti Bako Saakyan da həmsədrlərlə görüşüb və bildirib ki “Azərbaycanın təcavüzkarlığı Cənubi Qafqazda və qonşu regionlarda sabitlik və sülh üçün təhdidə çevrilib və bununla bağlı o, ATƏT-in Minsk Qrupundan Azərbaycanın destruktiv siyasətinə yönəlik daha sərt və ünvanlı qiymət gözləyir.
Stepanakertdəki görüşlərin sonunda mətbuat üçün açıqlama verilməyib. Ehtimal edilir ki, Minsk Qrupu həmsədrlərinin açıqlamasını sabah, aprelin 9-u Yerevanda baş tutacaq görüşlərdən sonra gözləmək lazımdır.
Amma erməni mediasının Dağlıq Qarabağ prezidenti Bako Saakyanın şərhlərinə istinadən verdiyi məlumata görə, həmsədrlərə tələblər siyahısı verilib ki, onun da əsas bəndi Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınması və danışıqlarda iştirak etməsindən ibarətdir.
“1994-cü ildə Budapeştdə baş tutan sammit zamanı Artsax münaqişə tərəfi kimi tanınıb və bu qərarı heç kim ləğv etməyib. Bizim danışıqlar masasına qaytarmağımızla bağlı tələbimiz Artsaxın maraqlarını təmsil edən Ermənistana etibar etməməklə deyil, onunla bağlıdır ki, dünyada əsas tərəfin iştirakı olmadan həll edilməsi mümkün olan elə bir münaqişə yoxdur, – erməni mediası yazır.
Dünən Rusiyanın baş naziri Dmitri Medvedev Yerevanda idi. Görüşdən sonra keçirilən mətbuat konfransında Medvedev dedi:
“Rusiya əvvəlki kimi, Minsk Qrupunun tərkibində vasitəçi rolunu oynamağa, öz təsirindən istifadə etməyə hazırdır. Ən əsası münaqişənin qaynar fazaya keçməsinin qarşısını almaqdır. Rusiya Ermənistanın etibarlı tərəfdaşı və dostu olaraq qalır.
Amma Medvedev Ermənistan prezidentindən haqlı sözlər də eşitməli oldu: “Əminəm ki, Azərbaycanın son zamanlar Rusiyadan aldığı bütün silahlanma növlərindən var gücü ilə istifadə etməsi faktının Ermənistanda böyük rezonans doğurmasından siz də xəbərdarsız. Və… Ermənistanda milli səviyyədə Rusiyanı ən yaxın müttəfiq hesab edirlər!
Serj Sarqsyan onu da bildirib ki, Ermənistanda təmas xəttində növbəti təxribatın olacağını istisna etmirlər: “Biz xüsusi ümid bəsləmədən, Minsk Qrupu həmsədrlərindən və müttəfiqlərimizdən ünvanlı bəyanat və müəyyən addımlar gözləyirik… İkinci cəhd geniş miqyaslı əməliyyata gətirib çıxaracaq.
Erməni mətbuatı ATƏT-ə Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq tələbi ilə müraciət edən Fransa Milli Yığıncağı və Senatın bir qrup nümayəndələrinin məktubunu dərc edib. Məktub Fransanın “Le Monde nəşrində yer alıb.
Məktub müəllifləri həm də gələcəkdə son hadisələrin təkrar olunmaması üçün Dağlıq Qarabağı tanımağı təklif edirlər.
Ermənistan mediası Rusiya XİN-nə istinadən Rusiya və Fransanın xarici işlər nazirlərinin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması üçün razılığa gəlməsi barədə də yazır.
Sosial şəbəkələrdə
Birinci trend: Rusiya və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzrə müttəfiqlərə arxalanmaq olmaz.
“Rusiya 1921-ci ildə Ermənistanı Türkiyə ilə ayırdı (Moskva müqaviləsi). Bu faktı bilə-bilə kim Rusiyanı Ermənistanın təhlükəsizlik qarantı hesab edə bilər?
“Aprelin 6-dan 7-nə keçən gecə atəşkəsin rəsmi olaraq elan edildiyi bir şəraitdə Azərbaycan Ermənistan ərazisi (Qarabağ yox!) olan Vardenisi atəşə tutub. Sual: KTMT-Nİ HARA GÖNDƏRƏK???
“Ermənistanda Rusiya əleyhinə meyllərin olduğunu deyə bilmərəm. Amma insanlar yavaş-yavaş anlayırlar ki, Rusiya üçün ancaq onun öz maraqları vacibdir, Ermənistan isə gözləyər.
İkinci trend: Qarabağ hadisələri Rusiya və Türkiyə arasında gərgin münasibətlərin nəticəsidir.
“Bu gün Qarabağ həmişəkindən daha çox Rusiya ilə Türkiyənin əlində bəhanədir. Görün, tələblər necə qoyulur – Türkiyə Rusiyadan vurulan təyyarəyə görə üzr istəməmiş barışıq olmayacaq. İndi də Putin-Sarqsyan-Əliyev görüşü əvəzinə Rusiya ayrı-ayrılıqda iki dövlət paytaxtına ezam olunmuş RF müdafiə naziri vasitəsiylə danışıqlar aparır.
Vəziyyət belədir ki, sayca 14-cü rus-türk müharibəsi məhz indi tərəflərə lazım deyil, bunu açıq etiraf etməyi və Qarabağdakı hadisələri dayandırmağı [onlar istəmirlər]. Lokal müharibənin miqyasının genişləndiyi bir halda Rusiya və Türkiyənin qaçılmaz olaraq toqquşması ehtimalı burada çox böyükdür.
Üçüncü trend: Rusiya ilə Türkiyə arasındakı münaqişə böyük müharibəyə çevrilə bilər.
“Ermənistanla Azərbaycan arasındakı hərbi qarşıdurma Rusiya (Ermənistanın müttəfiqi) və Türkiyə (Azərbaycanın müttəfiqi), yəni Rusiya-KTMT və Türkiyə-NATO toqquşması ilə nəticələnə bilər. Bunun fəsadları barədə danışmaq artıqdır.
Dördüncü trend: ATƏT-in Minsk Qrupunun passivliyi barədə zarafatlar.
“Dünən axşam ofisdə işıq söndü. Çıxıb gördüm ki, elektriklər işləyir. Deyirəm – bu nədir, söndürməzdən əvvəl xəbər verin, biz işləyirik axı. Onlar tonlarını qaldırdılar, mən tonumu qaldırdım, bu zaman da BİRDƏN Minsk Qrupu gəlib aramızdakı misilsiz gərginlikdən dərin narahatlığını ifadə etdi və tərəfləri vəziyyətə ayıq qiymət verməyə çağırdı.
Beşinci trend: ölkənin seçim imkanı yoxdur – Rusiya, ya da Qərb.
“Bizim gələcəklə bağlı fikirlərimiz ancaq sağ qalmağa dayanır, bizim özümüzü 10 ildən sonra harada görürük – sualına cavabımız yoxdur. Və hələ ki, bu belədir, biz Rusiyadan asılı vəziyyətdə olacağıq, o da bizi satacaq.
“Təhlükəsizlik məsələsini ABŞ-la da həll etmək olar. Heç kim inkar edə bilməz ki, buna mane olan Rusiyadır.
“Mənim Moskva üçün ağlım uçmur. Amma adekvatlığı da itirmək lazım deyil. ABŞ-dan bizə kömək gələn deyil. Türkiyə amili var.
Ekspert rəyi
Edmin Marukyan, Ermənistan parlamentinin deputatının “Qarabağ gərginliyi – nəticələr və sonrakı addımlar mövzusunda dəyirmi masada səsləndirdiyi fikirlər:
“Öz strateji tərəfdaşının düşməninə silah, özü də müdafiə deyil, hücum silahı satan ölkə tanımıram. Mən rusiyalı və israilli həmkarlarıma yazılı təklif verdim: bu ana qədər satılan silahın pulu ödənilib. Amma bu gündən etibarən … silah satışı və ona xidmət edilməsi məsələsini dayandırmaq lazımdır. Bu günkü atəşkəsə, təbii ki, ona atəşkəs demək mümkündürsə, silahlı qüvvələr nail olub. Heç kim bunu xalqa Moskvanın nailiyyəti kimi təqdim etməsin.
Ermənistanın media məkanında həm də 1997-ci ilin noyabr ayında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın etdiyi bəyanat da dərc edilib: “Özünü aldatmaqla məşğul olmaq və xam xəyallara dalmaq lazım deyil: Qarabağın müstəqilliyi məsələsində bizim tərəfdaşlarımız yoxdur. Heç kim bu problemi bizim əvəzimizə həll etməyəcək. Onu biz, öz imkanlarımız daxilində həll edəcəyik.
Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan “JAMnewsa müsahibəsində dedi:
“Hazırda əsas məsələ zorakılığın, qan tökülməsinin qarşısını almaq, tərəfləri münaqişənin başlanmasından çəkindirmək və danışıqlar prosesini bərpa etməkdən ibarətdir.
İndi Rusiyanın əlində daha çox imkan var. Tərəflər bir-birinə kart-blanşı vermək işləyirlər. Əlbəttə ki, Fransa da, ABŞ da işləyir, amma belə görünür ki, bu işdə Rusiya daha ciddi iştirak edir, o cümlədən də Sergey Lavrovun səfəri nəzərdə tutulur. Hər üç tərəfin maraqları üst-üstə düşür, çünki regionda əsl, ciddi müharibə heç kimə lazım deyil. Biz həm ISIS, həm İraq Kürdüstanı, həm də Şimali Qafqazın bir neçə yüz kilometrliyində yerləşirik.
Bu mərhələdə söhbət münaqişənin tənzimlənməsindən getmir. İndi söhbət onun lokallaşdırılmasından gedir. Həm Ermənistana, həm də Azərbaycana ciddi təzyiq göstərmək çox çətindir. Real olaraq bu cür təzyiq vasitələri çox azdır. Prinsipcə, Ermənistana deyil, Azərbaycana təzyiq göstərmək lazımdır, çünki son gərginliyin təşəbbüskarı məhz odur.
Revanşist meylləri Azərbaycandadır – müharibəni o uduzub. Bu mənada da problem Azərbaycandır – o atəş açmasaydı, təbii ki, Ermənistan da atəş açmazdı.
ATƏT-in Minsk Qrupunun mandatının genişləndirilməsi də problemin həllində kömək etməyəcək. Həmsədrlər münaqişəni tərəflərin yerinə nizamlaya bilməyəcəklər. Söhbət tərəflərə münaqişənin nizamlanmasında necə kömək göstərilməsindən gedir. Mən bu istiqamətdə ciddi irəliləyişin əldə edilməsini çətinliklə təsəvvür edirəm.
Bakıdan informasiya
Təsdiqlənmiş mənbələrdən məlumat
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, 8 aprel 2016-cı il Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. Həmin vaxtdan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.
Aprelin 8-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevlə məhdud tərkibdə görüşü olub.
Görüşdən sonra İlham Əliyev və Dmitri Medvedev mətbuat üçün açıqlama veriblər və Medvedev Qarabağdakı vəziyyətdən narahatlığını bildirib və deyib ki, münaqişənin danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni edəcək.
Medvedev həm də bildirib ki, Rusiya Azərbaycana, müqavilələrə uyğun olaraq, silah tədarükünü davam etdirəcək, ANN.az TASS-a istinadən məlumat verir.
“Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır, – İlham Əliyev deyib, – biz sadəcə torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və biz danışıqlar prosesini davam etdirəcəyik.
Bu zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Moskvada MDB XİN başçıları Şurasının iclasında iştirak edirdilər. Onların ikitərəfli görüşü planlaşdırılmamışdı. Nazirlər əl verərək görüşüb – bunu bəzi Azərbaycan KİV-i xüsusiylə qeyd edir.
Aprelin 8-də Vladimir Putin RF Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi. Prezidentin mətbuat katibi Vladimir Peskov məlumat verir ki, Rusiya tərəfinin münaqişənin həlli üçün həyata keçirdiyi səylər müzakirə olunurdu.
“Beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı güc tətbiq edərək ərazilərini işğal edən tərəf Ermənistandır. İşğal edilmiş ərazilərdə qanunsuz olaraq, Ermənistan silahlı qüvvələri mövcuddur, – bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN rəsmilərinin Qarabağın danışıqlar prosesinin tərəfi olması barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. – 5 aprel tarixində atəşkəs barədə razılıq da münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında əldə edilib. İndiyə qədər də işğalçı dövlət olaraq, məsuliyyət daşıyan tərəf kimi danışıqlar prosesində Ermənistan iştirak edib və bundan sonra da belə olacaq. Dağlıq Qarabağda bölgəsinin erməni və azərbaycanlı icmaları var. Rəsmi Bakı həmişə bu icmalar arasında təmasların yaradılmasının tərəfdarı olub.
Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycanda böyük ilhamla qarşılanan bəyanat verib. “Ankara Azərbaycana qarşı yönələn istənilən təhdidi öz şəxsi təhdidi kimi qəbul edir. Təəssüf ki, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına baxmayaraq, Rusiya kimi digər həmsədrlər Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakına qarşı çıxırlar.
ANS PRESS aprelin 8-də Azərbaycan ordusu tərəfindən alınan Talış kəndindən və Lələtəpə yüksəkliyindən reportajlar yayımlayıb.
Videoda hərbiçilər izah edirlər ki, Talış kəndinin alınması sayəsində Tapqaraqoyunlu kəndi daha atəşə tutulmayacaq.
Sosial şəbəkələrin icmalı
Birinci trend: Putin, get.
“Rus “sülhməramlıları Qarabağa gəlməsin. Cənab Putin, Cənubi Qafqazdan rədd olun!
“Artıq çoxdan hamının oyanıb Rusiyanın nə olduğunu anlamaq vaxtıdır.
“Rusiya heç vaxt ermənilərə qarşı getməyəcək! O, oyun oynayacaq və hamını əlinin altında saxlamağa çalışacaq, dondurulmuş münaqişə təzyiq və dövlətlərlə manipulasiya etməyin ən uğurlu üsuludur.
“Müharibə faktiki olaraq Azərbaycanın ərazisində gedir və Rusiyanın məsələyə qarışmaq üçün heç bir hüquqi əsası yoxdur.
İkinci trend: mən sizə vətəni sevməyi öyrədəcəm.
Bir çox istifadəçilər fikirlərini münaqişənin özündən yayındıraraq həmişəki adətlərinə qayıdıblar: kimin vətənpərvər olduğunu, kimin vətənpərvər olmadığını müzakirə edirlər:
“Bakı küləkləri bizə bütün eyvanlarda gül əkməyə imkan vermir, misal üçün, bizdə onları ilk güclü külək göyə sovurdu. Amma bizim eyvanlarımız üçün daha gözəl bəzəyimiz var – bayrağımız. Bayrağı asmaq üçün 28 mayı (Azərbaycanın müstəqillik günü) gözləmək lazım deyil, hər birimiz bunu elə bu dəqiqə edə bilərik. Köhnə bayrağımın rəngi soldu və mən evə gedərkən təzə və böyük bayraq tapıb onu eyvanımdan asdım.
“Sən kimə işləyirsən? Məndə belə bir təəssürat yaranıb ki, ölkə üçün belə vacib günlərdə əsl Azərbaycan oğlu sənin yazdıqlarını yazmaz.
Üçüncü trend: bəsdir qan axıdıldı.
“Sizə demək asandır. Mənim isə oğlum hərbi xidmətdədir və sülh danışıqları yolu ilə nəsə əldə etmək mənim üçün göydən düşmədir. (Yoldaşımı heç demirəm də).
“Nədir futbol oyunundakı kimi qışqırıq salmısız? Sizə elə gəlir, bu futbol oyunu, ya da şahmatdır, axı atəşə tutulan siz deyilsiz.
Dördüncü trend: hökumət bizdən həyasızcasına istifadə edir.
“Niyə bizim imkanlı vətənimiz cəbhəyə peşəkar ordunu və ya muzdluları göndərmir? Yoxsa ölkə o dərəcədə yoxsuldur ki, buna gücü çatmır? Amma yuxarılar bunu niyə etsin ki, axı kasıb-kusub var, pulu isə onlar öz şəxsi ehtiyacları üçün mənimsəyəcəklər. Təəssüf ki, insanların beyinlərini o dərəcədə doldurublar ki, onlar artıq ağılla düşünə bilmir.
“Əsgərlərin qırx mərasimi Gül bayramına təsadüf etsə, onu qeyd edəcəklər, ya yox? Özünüz fikirləşin.
Beşinci trend: hələ heç nə qurtarmayıb.
“Bu da sizə cavab: Dağlıq Qarabağ Bakı ilə danışıqlar üçün ultimatum irəli sürür. Deməli, müharibə davam edəcək.
“Ermənilər vaxtı əldən verdi. Bütün kosovo-mosovo variantlarını biz ermənilərə əvvəl təklif etdik, onlar da həyasızca rədd etdilər. İndi, aprelin 2-dən sonra azərbaycanlılar öz güclərinə əmin olub, heç vaxt olmadığı kimi torpaqdan yapışacaq, kök salacaq və hər qarış torpağa görə düşməni parça-parça edəcək.
Ekspert rəyi
Eldar Zeynalov, Azərbaycan hüquq müdafiəsi təşkilatının direktoru:
“Ondan başlayım ki, sülh danışıqlarının aparılmasının elementar qaydası vasitəçilərin neytrallığındadır. Bununla Minsk Qrupunun həmsədr ölkələrindən heç biri öyünə bilməz. Minsk Qrupu məsələsində səhv lap əvvəldə, vasitəçilər seçilən zaman edilib. Minsk Qrupunun formatını dəyişmədən danışıqlarda irəliləyiş əldə etmək mümkün olmayacaq və 22 illik təcrübə bunu təsdiq edir.
1996-cı ildə BMT və 2001-ci ildə Avropa Şurası Qarabağ üzrə təşəbbüslərindən Minsk Qrupunun xeyrinə imtina etdilər. Buna görə də hazırda sülh prosesi onun tərəfindən inhisara alınıb. 22 il ərzində Minsk Qrupu atəşkəs rejiminə riayət olunmasına nəzarət mexanizmini işləyib hazırlaya və tətbiq edə, tərəflərin təmas xəttindən ağır silahların çıxarılması barədə düşünə bilərdi.
Bundan əlavə, ATƏT-in Minsk Qrupu faktiki olaraq sülh prosesinə qeyri-hökumət təşəbbüslərinin cəlb edilməsindən imtina etdi. Qeyri-hökumət təşkilatlarının çoxlu sayda ideyası var, rəsmi vasitəşilərdə isə ideya qıtlığıdır. Amma mübadilə baş vermir. Bundan başqa da Minsk Qrupu deyəsən, ümumiyyətlə danışıqlar strategiyasına tərəflər arasında etimadın qurulması üzrə tədbirlər daxil etmir.
Sülh danışıqlarında vasitəçilər tərəflərdən birinin hərbi müttəfiqi olmamalıdır. Bu, elementar bir qaydadır. Buna görə də faktiki olaraq, Minsk Qrupuna deyil, Rusiyaya, bəlkə də ABŞ-a qulaq asacaqlar.
İndi Rusiya görünür, tərəflərə silah satmaqda günahkardır. Avropada Qarabağ münaqişəsi tərəflərinə silah satmağa çəkinirlər. İngilislər ermənilərə bir neçə snayper tüfəngi satdı və qalmaqal oldu. Burada isə bizə də silah satdılar, kasıb ermənilərə də kreditə verdilər. Yəni səhnədə nümayişkəranə şəkildə iki tüfəng asdılar. Yəni bütün qaydalara görə, onlardan heç olmasa biri atmalıydı.
İndi onlar adəti üzrə tərəflərdən mehriban olmağı xahiş edəcəklər. Və yenidən də heç bir nəticə əldə olunmayacaq. 2014-cü ilin iyununda eyni ajiotajın yaşandığı kimi. Amma o zaman Ermənistan öz mövqelərini dəyişdi. Onda Ləkədağ idi, indi də Lələtəpə yüksəkliyi. Bu da bütün fərq.
Hüquq müdafiəçisi, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova:
“1. Azərbaycanın həm hüquqi, həm də mənəvi mənada öz torpaqlarını qaytarmaq və orada qanunsuz hərbi birləşmələrdən ərazilərin təmizlənməsi üzrə əməliyyat aparmağa tam haqqı var.
2. Mən müharibəyə çağırış edənləri anlayıram. Artıq hamı cana doyub. Çox güclü emosional partlayış hiss olunur.
3. Müharibəyə qarşı çıxanları da anlayıram. Bu, onların prinsipləridir. Kimsə silahın istifadəsinə qarşı, kimsə dost və ya düşmən olmasından asılı olmayaraq, insan ölümünə qarşı çıxır.
4. Bunun Əliyevlə Sarqsyan arasında razılaşmanın olması ilə bağlı fikirlərə ehtiyatla və hətta şübhə ilə yanaşıram.
5. Emosional səviyyədə mən qaytarılan hər bir qarış torpağa görə sevinirəm, amma həlak olan əsgərlər barədə məlumatları eşidəndə ürəyim parçalanır. Bu, ikili bir hissidir, torpağın qaytarılmasını istəyirsən, müharibəni istəmirsən, amma uğurlu əməliyyatlara sevinirsən.
6. Mənim üçün xalq diplomatiyası və sülhməramlılıq anlayışları Ermənistandan sülhün qurulmasının “qaymaqları olan həmkarlarımın xalqımı məhv etməklə bağlı çağırışlarını eşitdiyim anda öldü (bu zaman bizə alçaldıcı və təhqiredici bir şəkildə ad verirdilər).
7. Fikir ayrılığına baxmayaraq, mənim Ermənistanda hələ də dostlarım var və olacaq, biz birlikdə hələ dünyaya göstərəcəyik.
“JAMnewsun dosyesi:
• “JAMnewsun münaqişə zonasında 7 aprel üçün hadisələrin icmalı.
• Münaqişə tərəflərinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başladığı, kimin reaksiya verdiyi haqda sualı cavablamağa imkan yaratmır. Beynəlxalq mənbələr də hələlik bu suala cavab verə bilmirlər.
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.
• ATƏT-in Minsk Qrupu – Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışı ilə məşğul olan ATƏT-ə üzv ölkələr qrupu 1992-ci ildə yaradılıb. 2016-cı ilin əvvəlinə Minsk Qrupunun həmsədrləri bunlardı: İqor Popov (Rusiya Federasiyası), Pyer Andriye (Fransa) – 2014-cü ilin iyun ayından, Ceyms Uorlik (ABŞ) – 2013-cü il avqustun 6-dan. Minsk Qrupunun tərkibinə Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan daxildir.
Manşet fotosu: Qevorq Kazaryanın arxivindən. Qarabağ, 1992-1994-cü illərdə müharibə dövründən qalan hərbi maşınlar
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 09.04.2016