Qarabağa iki saatlıq kim getmək istəyir, kim istəmir və niyə?
Yanvarın 24-dən Azərbaycanın üç şəhərindən Qarabağa avtobus ekskursiyaları başlayıb. Yerli medianın bildirdiyinə görə, biletlər sürətlə satılır. Fevralın 15-ə qədər olan səfərlərə 400-ə qədər bilet satılıb – “Report”informasiya agentliyinin məlumatında deyilir.
Ekskursiyalar ciddi müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir: Qarabağa ancaq 18 yaşdan yuxarı vətəndaşlar bir neçə saatlıq, gecələməmək şərtilə gedə bilər. Qrafikə əsasən səyahətə çıxanlar 12 saat yolda və iki saata yaxın mənzil başında olacaqlar. Sərnişinləri bütün marşrut boyu polislər müşayiət edəcək.
Şuşa və Ağdam ikinci Qarabağ müharibəsindən (27 sentyabr – 10 noyabr 2020-ci il) sonra Azərbaycanın nəzarəti altına qayıdan şəhərlərdir. 1990-cı illərdə birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağ və bu rayonların bütün azərbaycanlı əhalisi oranı tərk etməyə məcbur olmuşdu. Təşkil olunan ekskursiyalar Azərbaycan sakinləri üçün azı 30 ildən sonra bu yerləri ziyarət etmək üçün ilk imkandır.
Azərbaycanda çoxları Qarabağa getmək üçün istənilən imkana sevinir və heç bir şərt onları narahat etmir. Məsələn, maliyyəçi Nataliya Yefisova deyir ki, çoxdan bunun xəyalını qurub:
“Mən bunu uzun müddət gözləmişəm və mütləq gedəcəyəm. yaxın zamanda olmasa da, qoy ara bir az sakitləşsin. Minalar və atışma ehtimalı hər halda qorxudur.
Üstəlik biz bütün ailəlikcə getmək istəyirik, balaca qardaşım oğlu da daxil. O, evdə də, məktəbdə də haqqında çox eşitdiyi Qarabağa gedəcəyi günü səbrsizliklə gözləyir.
Ümid edirəm ki, yaxın gələcəkdə həm onun, həm mənim arzumuzu həyata keçirə biləcəyik”.
Amma ən müxtəlif səbəblərlə ekskursiyaya getmək istəməyənlər də var. Biz bu isanların öz seçimini nə ilə əsaslandırdıqları ilə maraqlandıq.
Orxan Sultanov, fotoqraf:
“Düşünürəm ki, bu səfərlərin niyə təşkil olunduğunu anlayıram. Məsələn, Ağdamda yəqin ki, insanlara bu ərazinin 30 il Ermənistanın nəzarəti altında qaldığı müddətdə xarabalığa döndüyünü göstərmək, nə qədər ki, bu dağıntılar qalır. Şuşanı isə görünür gələcək turizm mərkəzi kimi sınaqdan çıxarırlar. Amma qəribədir ki, orada gecələmək olmaz. Heç olmasa, Şuşada bir gecə qalmağa icazə verə bilərdilər. amma bu məni narahat etmir. Polis müşayiəti ilə gedib-gəlmək perspektivi də məni narahat eləmir. Amma polisin böyük ehtimalla foto çəkməyə icazə verməyəcəyi əxsən mənim üçün böyük problemdir. Nəzərə alsaq ki, hətta Bakıda da bu cür qadağa ilə addımbaşı qarşılaşırıq.
Fotoqraf kimi mən tamam yeni əhərlər inşa edilməmiş məhz məzmunlu və tarixi vacib fotolar çəkmək üçün Qarabağa getmək istəyirəm. Mən bütün ölkəni basa-basa gedib “baxmaq olar, çəkmək olmaz” qadağasını eşitmək istəmirəm. Axı heç yanda bu səfərlərdə nələrə icazə verildiyi, nələrə icazə verilmədiyini əks etdirən dolğun siyahı yoxdur. Və bu ən böyük qüsurdur”.
Araz Nərimanov, fizika müəllimi:
“Əlbəttə, mən Qarabağı görmək istəyirəm. Onun təbiətini görmək – ümumiyyətlə dağları və meşələri sevirəm, tez-tez Azərbaycanın rayonlarına bir növ həvəskar “ekspedisiyalara” gedirəm, o hissədən başqa demək olar ki, hər yanda olmuşam. Qarabağın mədəniyyəti ilə yaxından tanış olmaq istəyirəm. faciəsini daha yaxşı anlamaq.
Amma indi yox, dövlət təbliğatı çərçivəsində yox. Bu avtobus ekskursiyaları təbliğatdan başqa bir şey deyil. Hakimiyyətin öz xalqının gözünə səriştəsiz və bacarıqsız şəkildə kül üfürmək cəhdi. Bunda iştirak etmək istəmirəm. üstəlik mən ikinci Qarabağ müharibəsinin qəti əleyhinə olmuşam.
Yeri gəlmişkən, uşaqlıqda, on beş-on altı yaşlarımda Yerevanda olmuşam. Bu, 1980-ci illərin ortaları idi, münaqişə qızışmamışdan az əvvəl. Qarabağda isə heş vaxt olmamışam.
Ümid edirəm ki, bu münaqişəsinin nə cürsə həll olacağı – həqiqətən, daha indiki kimi yox – günə qədər ömrüm çatacaq. Mən də həmin yerlərə gedə, orada bir zamanlar olduğu kimi birlikdə yaşayan ermənilərlə azərbaycanlıları görə biləcəyəm”.
Şahin Rzayev, siyasi icmalçı:
“1998-ci ilin avqustunda Şuşada olmuşam, biz bir qrup jurnalistlə Ermənistandan uçmuşdum. Bu səfər çox ağır təəssürat yaratmışdı, çünki mühafizənin nəzarəti altında hərəkət etmək və ancaq icazə verildiyi zaman çəkə bilirdik.
O səfərdən sonra mən özümə söz verdim ki, şuşalılar Şuşaya qayıdana qədər ora getməyəcəyəm.Bu gün şəhər azad edilsə də, mən qala qapıları qarşısında selfi çəkdirmək xətrinə ora getmək istəmirəm.
Ağdama da, Şuşaya da getmək ümidindəyəm, amma sadəcə dostlarımın evinə qonaq olaraq. Heç kim mənim azadlığımı məhdudlaşdırmasın, o cümlədən də xüsusi xidmət əməkdaşları.
Orada gecələməyə qadağa qoyulmasını prinsipcə anlamaq olar – gecələr hamını nəzarətdə saxlamaq daha çətindir. Birdən kimsə minaya düşər, ya da gülləyə tuş gələr”.
Nərmin Şahmarzadə, gender fəalı:
“Məsələ budur ki, həmin ərazi üzərindən sıravi insanların hissləri ilə oynadılar, nə qədər insan öldü, əlillik qazandı. Bu gün də o torpaqları öz məqsədləri üçün istifadə edirlər.
Mənə elə gəlir ki, ora gedib ordan şəkil çəkdirib “public” paylaşan insanlar dolayı yolla onların siyasətinə və militarist propaqandaya dəstək olurlar. Ekskursiyanı da bunun üçün təşkil edirlər.
“Müharibə zəruri idi” mesajı ötürürlər. Heç bir şeyə görə o qədər insanın ölməsini, əlil qalmasını dəstəkləmirəm və bu düşüncədə ola-ola həmin ekskursiyada iştirak etmək böyük təzaddır mənə görə”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.